Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğandan ABŞ və Avropanın ikibaşlı oyunlarına sərt reaksiya
Ərdoğandan ABŞ və Avropanın ikibaşlı oyunlarına sərt reaksiya

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən TRT World Forumunda çıxış edib.

Bizimyol.info xəbər verir ki, Ərdoğan taxıl böhranını həll etmək üçün Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenski ilə telefonla danışacağını açıqlayıb.

Bundan əlavə, o bildirib ki, “Türkiyənin mübarizə apardığı terror təşkilatlarına gizli və açıq dəstək verən Avropa ilə ortaq gələcək qurmağın bizim üçün çox çətin olduğu aydındır. Suriyanın şimalında terror təşkilatlarına minlərlə yük maşını silah və sursat göndərilib. Göndərən ölkə NATO-da birlikdə olduğumuz ölkədir: Heç kim ayağa qalxıb terrorçularla mübarizəmizdə bizdən hesab istəyə bilməz”,- deyə o bildirib.

F-16 məsələsində ABŞ-a reaksiya verən Ərdoğan “NATO-da bir yerdəyik, amma siz gəlirsiniz, Yunan adalarını silahlandırırsınız, hələ də sizinlə F-16 məsələsini həll edə bilmədik”,- deyə əlavə edib.

Ərdoğan çıxışı zamanı bildirib ki, Türkiyə İkinci dünya müharibəsindən sonra Avropa ilə getməyə üstünlük verən, soyuq müharibə dövrünün yükünü çiyinlərinə götürən ölkədir. “Siyasi, hərbi və iqtisadi dəstəyimizlə Avropanın təhlükəsizliyinin və rifahının qorunmasına verdiyimiz töhfəni heç kim inkar edə bilməz. Etdiyimiz bütün fədakarlıqlara baxmayaraq, birliyimizi və həmrəyliyimizi təhdid edən terror təşkilatlarına qarşı mübarizəmizdə tək qaldığımızı heç vaxt unutmayacağıq.

Biz hər platformada bildiririk ki, terrorizm qlobal təhlükədir və mübarizə qlobal əməkdaşlıq çərçivəsində aparılmalıdır. Dünyanın, xüsusilə Avropanın ən böyük təhlükə olaraq gördüyü İŞİD-ə ən ağır zərbəni biz vurduq. Biz əslində bu fikri meydanda sübut etmişik. Maraqlıdır, o biri ölkələr İŞİD-lə mübarizə aparırmı? Biz bütün bunlarla mübarizə aparan ölkəyik. Heç kimdən dəstək ala bilməsək də, sərhədlərimizin təhlükəsizliyi üçün başladığımız əməliyyatları həyata keçirib yekunlaşdırmağa gücümüz və əzmimiz olduğunu hər kəsə göstərdik”.

Türkiyə prezidenti bildirib ki, Egeydə və Aralıq dənizində Yunanıstanı yerli-yersiz dəstəkləyənlərə, onların təcavüzkar və təxribatçı cəhdlərini təşviq edənlərə təşəkkür etməyəcəklər.

“Biz NATO-da birlikdəyik, amma siz Yunan adalarını silah və təyyarələrlə təchiz edirsiniz. Sizinlə F-16 məsələsini hələ də həll edə bilməmişik. Biz pul ödəsək də, həll edə bilmədik. Kipr problemini ədalətli əsaslarla yeni və konkret addımlarla həll etmək üçün dialoqdan vaz keçmirik. Türk Dövlətləri Təşkilatı ilə Avropadan Asiyanın dərinliklərinə getdikcə dərinləşən bir dostluq və qardaşlıq körpüsü qururuq. Körfəz ölkələrinin bəziləri ilə bir müddət soyuqlaşan əlaqələrimizi sürətlə yenidən gücləndiririk. Biz Afrikada uzunmüddətli proqramlarımızın bəhrələrini toplamağa başladıq, hamısı birlikdə qələbə yanaşmasına əsaslanır. Artıq hamı başa düşür və görür ki, Türkiyəsiz regional və qlobal məsələlərin həlli mümkün deyil və Türkiyənin dostluğu fayda verəcək.

İzlənən bir ölkə olaraq mövqeyimizi daha da möhkəmləndirəcəyik. Türkiyə olaraq hər şəraitdə ədaləti və vicdanı təmsil etməkdə israrlı olacağıq”,-deyə Ərdoğan vurğulayıb.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »