Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Çəkilişdən sonra mebelləri qaytaranda Qarabağ əlili benzini götürdü...”
“Çəkilişdən sonra mebelləri qaytaranda Qarabağ əlili benzini götürdü...”

Hazırda ev dustaqlığında olan keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun məhkəməsi davam edir. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Bizimyol.info xəbər verir ki, Səlim Müslümovun məhkəməsində şahidlərin dindirilməsi mərhələsidir. Dekabrın 5-də məhkəmədə daha bir qrup şahid dindirilib. 27 milyonluq mənimsəmə və rüşvətalmada ittiham olunan sabiq nazir həm də Qarabağ əlilləri və şəhid ailələri üçün evlərin tikintisi zamanı yeyintilərdə təqsirləndirilir. Şahidlərin bir çoxu da bu məsələlərlə bağlıdır.

Məsələn, şahidlər Namiq Məmmədov, Qabil Mustafayev məhkəmədə ifadələrində bildiriblər ki, onlar şirkətlər yaradıb, Qarabağ əlilləri, şəhid ailələri üçün ev tikintisilə bağlı nazirliyin tenderlərində iştirak ediblər. Onların sözlərinə görə, hər ev üçün nazirliyə pul verməli olublar.

Qabil Mustafayev ifadəsində bildirib ki, özünün və qohumlarının adına şirkətlər yaradıb, nazirliyin elan etdiyi tenderlərdə iştirak edib. Onun sözlərinə görə, Gədəbəy və Göygöldə müharibə əlilləri üçün 5 ev tikib. Hər evə görə də nazirliyin Tikilməkdə olan obyektlər şöbəsinin rəisi Natiq Əzizova 5 min manat pul verib.

Maliyyə Nazirliyinin yoxlama aktında iddia olunur ki, Qabil Mustafayevgilin gördüyü işlərdə 23 min 493 manat maliyyə çatışmazlığı aşkarlanıb. Amma o, bununla razılaşmır.

“Maliyyə Nazirliyinin yoxlamasını qəbul eləmirəm. Əksinə, özümüzdən pul xərcləmişik. Çanaqçı kəndində mənzildə çəkiliş olacaqdı deyə, evin içinə mebel və əşyalar qoyuldu. Halbuki, heç smetada nəzərdə tutulmamışdı. Natiq Əzizovun tapşırığı idi. Dedi ki, gətirin, çəkilişdən sonra aparıb qaytararsınız. Çəkilişdən sonra mebelləri aparıb qaytarmaq istəyəndə Qarabağ əlili benzini götürüb dedi ki, “özümü yandıracam”. Mənə 10 min manat ziyan dəydi. Natiq Əzizov demişdi ki, o ziyan ödəniləcək, heç ödənilmədi”, - Qabil Mustafayev bildirib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Daxili nəzarət şöbəsinin müdir müavini işləmiş Nizami Xanlarov da məhkəmədə dindirilib. O, Xalq artisti Zeynəb Xanlarovanın qohumudur. İndiyə qədər keçirilən məhkəmə iclaslarında dəfələrlə onun adı hallanıb. Xüsusən nazirliyin tabeliyindəki müxtəlif qurumların rəhbərləri gətirib ona rüşvət verdiklərini iddia ediblər.

Onun özü də dekabrın 5-də müxtəlif şəxslərdən pul aldığını imkar etməyib. Lakin aldığı vəsaiti idarə rəisinə çatdırdığını bildirib. Onun sözlərinə görə, illik plan üzrə şöbə və müəssisələrdə yoxlamalar aparılıb. Yoxlamalarda aşkarlanan nöqsanlarla əlaqədar protokol yazılıb: “Sonradan nöqsanlar aşkarlanan şöbə və müəssisələrin müdirləri mənə müraciət edib, nöqsanların aradan qaldırılması üçün pul təklif ediblər. Mən də aldığım həmin pulları şöbənin müdiri Soltan Hacıyevə vermişəm. Kimdən nə qədər pul alınıb, ümumi məbləğ nə qədər olub, onlar yadımda qalmayıb. İşdən çıxandan sonra işsiz qaldım. Buna görə də stress keçirdim, məndə yaddaş pozğunluğu yaranıb”.

Nizami Xanlarov ibtidai istintaqda verdiyi ifadəsində məbləğləri konkret deyib. O, həmin ifadəni təsdiqləyib.

Səlim Müslümovun məhkəməsi dekabrın 12-də davam edəcək.

61 yaşlı Səlim Müslümov 2021-ci ilin fevralında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılan sabiq nazir 2022-ci ilin mayında ev dustaqlığına buraxılıb.

O, 2000-2002-ci illərdə Dövlət Gömrük Komitəsinin sədr müavini, ardınca 11 il Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsində işləyib. 2013-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin edilib. Həmin vaxt Dövlət Sosial Müdafiə Fondu da bu nazirliyin tabeliyinə verilib. O, 2018-ci ildə nazir vəzifəsindən azad edilib.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »