Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bu gün tarzən Rövşən Zamanovun doğum günüdür - 68 yaşı tamam olur
Bu gün tarzən Rövşən Zamanovun doğum günüdür - 68 yaşı tamam olur
Barmaqları tarın simlərinə toxunduqca, insanın həyatı film lenti kimi gözü önündən keçir. “Unuda bilmirəm”, “Küləklər, “Qara tellər”, “Lay-lay”... Bütün ifalarına ruhunu qatıb, bütün ifalarında bir ömrün səhifələrinə toxunur tarzən Rövşən Zamanov. Maraqlı həyatı var tarzənin..

Bakıda Asəf Zeynallı adına musiqi texnikumu bitirdikdən sonra geri Göyçaya qayıdır. Hələ musiqi texnikumunda Möhlət Müslümov və Ağasəlim Abdullayevlə birlikdə təhsil alan gənc Rövşən Bakıda qalmır. Bəlkə də Bakıda qalsaydı...

Müsahibələrinin birində deyir ki, musiqini insan dərk edə bilmək üçün ömür yaşamalıdır, ağrını-acını dərk edə bilməlidir ki, musiqini hiss edərək, ifa edə bilsin. Rövşən Zamanov texnikum bitirsə də, ali təhsil almaq onun ən böyük arzusu idi. Bu səbbədən də həri xidmətini başa vurduqdan sonra Konservatoriyaya daxil olub, qiyabi təhsil alır. Amma artıq həmin dövrdə hamı onu tarzən kimi tanıyırdı. “Rövşən barmaqları”, “Rövşən Rastı” və s. məhşur idi. Və tarzənin səs-sədası yavaş-yavaş yayılırdı. Hətta o dövrlərdə Şövkət Ələkbərova Göyçayda konserti zamanı onu alqışlayanlara üz tutub, deyir: “Məni deyil, bu gənci alqışlayın”...

Bakı əhli də tarzənin ifalarını çox sevir və el məclislərində onu hər zaman başda görməyə çalışırdı. Tarzən isə, elə ki, tara toxundu, bütün hər şeyi unudur və ifası ilə hər kəsə hər şeyi unutdururdu. Hamı onun ifasının sehrinə düşürdü. Rövşən Zamanovun ruhu zəngindir. Çünki ruhu zəngin olmayan insan yarada bilməz. O, fərqlidir. Bütün düşüncələrini, fikirlərini hətta dərdlərini belə tar ilə deyə bilir. Hər ifası onun ruh halından xəbər verir. Bəzən “Unuda bilmirəm” deyir, bəzən “Xətrinə dəymərəm”, bəzən sadəcə “Qurban adına” deyir, tarın simləri ilə...

Bu gün Rövşən Zamanovun doğum günüdür. Sənətkarın 68 yaşı tamam olur. Bu illər ərzində dili ilə deyə bilmədiklərini də tarı ilə dilə gətirib. Ruhu zəngin olmayanlar sözə-danışığa üstünlük verir, zənginlər də duyğularına. 68 il sənətkar ömrü...

Bəlkə də Bakıda qalsaydı, ona da fəxri ad verilərdi. Axı sənətkarların dövlətdən ancaq buna ehtiyacı olur. İstəyirlər ki, dövlət də onları dəyərləndirsin, qiymətini versin. Amma bəzən dövlətin bu sahə ilə məşğul olanları əsl sənətkarların varlığına göz yuma bilir. Məsələn, Eldəniz Zeynalov... Xəstə yatağında ona verilmiş ad onun üçün heç də önəmli deyildi artıq... Bu səbəbdən də duyğu yüklü, həssas qəlbli olan sənətkarlara dövlət xüsusi diqqət göstərməlidir, gec olmadan. Biz də ümid edirik ki, gələn il Rövşən müəllimi, həm də fəxri ad alması münasibəti ilə təbrik edərik.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »