Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Səlim Müslümovun işçiləri “Əvvəl yoxlama göndərilirdi, sonra Bakıya çağırıb pulumuzu alırdılar”
Səlim Müslümovun işçiləri “Əvvəl yoxlama göndərilirdi, sonra Bakıya çağırıb pulumuzu alırdılar”

27 milyon manatlıq mənimsəmə və rüşvət almaqda ittiham olunan keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov haqqında cinayət işində bir çox məmurların da adı keçir. Onların arasında Bakının Nərimanov rayonun, Kəlbəcərin keçmiş icra başçılarının müavinləri də var.

Bizimyol.info xəbər verir ki, hazırda ev dustaqlığında olan Səlim Müslümovun işinə üç aydır, Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Hakim Faiq Qəniyevin sədrliyilə oktyabrın 24-də keçirilən məhkəmə iclasında şəhid ailələri və qazilər üçün evlər alınarkən, tikilərkən yeyinti halları, Dövlət Sosial Müdafiə Fondunun müxtəlif rayon şöbələrində yoxlamaların keçirilməsi, sonradan həmin şöbələrin rəhbərlərinin vəzifədən kənarlaşdırılmaması üçün onlardan rüşvət alınması haqda ifadələr verilib.

Mingəçevir sakini Abbas Əsgərov məhkəmədə ifadəsində deyib ki, evini nazirliyə 35 min manata satıb. Həmin evi Qarabağ əlili üçün aldığını deyən nazirlik rəsmiləri sənədləşmədə evin qiymətini artıq göstəriblər - 46 min 500 manat.

“Talalı” MMC-nin rəhbəri Nigar İsmayılova deyir ki, şirkət onun adına olsa da, tikinti işlərini həyat yoldaşı həyata keçirib. Onlar Qazaxda Qarabağ əlilləri üçün iki ev tikiblər. Hər evin tikintisi üçün Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tikinti idarəsinin rəisi Natiq Əzizova 4 min manat verilib.

Dövlət Sosial Müdafiə Fondunun Zərdab, Şirvan, Xocavənd, Yevlax, Şəmkir, Ağdam, Kəlbəcər şöbələrinin keçmiş rəhbərləri də məhkəmədə dindirilib. Onlar yoxlamadan sonra vəzifədən çıxarılmamaq üçün nazirliyə pul verdiklərini deyiblər.

Dövlət Sosial Müdafiə Fondunun Ağdam rayon şöbəsinin müdiri Əvəz Sadıqov bildirib ki, yoxlama nəticəsində nöqsanlar aşkarlanmışdı. O, işdən çıxarılmamaq üçün 10 min manat verib: “Pulun yarısını işçilərdən yığmışdım, yarısını da özüm kredit götürmüşdüm. Çünki mənimlə yanaşı, işçilər də işlərini itirə bilərdilər. Pulu verəndən sonra nazirin əmrilə bizə töhmət verildi, amma işdən çıxarılmadıq”.

Kəlbəcərdə 2016-2020-ci illərdə şöbə müdiri vəzifəsində çalışmış, bundan əvvəl isə 10 il Kəlbəcərin icra başçısının müavini olmuş Novruz Çıraqov 18 min manat pul verdiyini deyir.

“Mən 35 il dövlət qulluğunda işləmişəm. Yoxlama gəldi, təftişdən sonra Nizami Xanlarov mənə zəng vurub nazirliyə çağırdı. Getdim, dedi ki, kömək lazımdı. Mən də çıxarıb 8 min manat verdim. Qorxdum ki, o hörməti eləməsəm, işdən çıxarılaram. Fikirləşdim ki, idarənin tapşırığıdır, verməliyəm. Bilirdim ki, nəyə görə çağırıb, ona görə də hazırlıqlı getdim. İkinci dəfə 2018-ci ilin yanvarında yoxlama gəldi. Yoxlamadan sonra yenə Nizami müəllim məni çağırdı. Bildim ki, yenə pula görə çağırıb. Bu dəfə də 10 min manat verdim. Biz kəlbəcərlilərin qonaqpərvərliyi var. Biz qonaqpərvərliyimizi edirik”, - Novruz Çıraqov bildirib.

2008-2020-ci illərdə Dövlət Sosial Müdafiə Fondunun Yevlax şöbəsinin müdiri olmuş Zərifə Əzizovadan isı 20 min manat alınıb. Onun sözlərinə görə, Nizami Xanlarov təsadüfən Yevlaxa gəlib, onunla görüşəndən sonra yoxlama göndərilib: “Yoxlama zamanı nöqsanlar aşkarlandı. Məni Bakıya çağırdı, gəldim, 20 min manat hörmət elədim. Bütün çatışmazlıqları aradan qaldırdı. Nəticədə mənə hörmətli nazirimiz Səlim Müslümovun əmri ilə töhmət verildi”.

Nərimanov rayon İcra Hakimiyyəti başçısının keçmiş müavini İlqar Mirzəyevin sürücüsü Qurban Kazımov da məhkəmədə dindirilib. Onun adına açılan “Şirvan-S” şirkəti vasitəsilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində evlərin tikintisi zamanı yeyinti olduğu iddia olunur.

Qurban Kazımov bildirir ki, adına olan şirkətin fəaliyyətindən xəbəri olmayıb. Şirkəti isə onun adına sürücüsü olduğu məmurun oğlu Nicat Mirzəyev açıb. Onun sözlərinə görə, Nicat Mirzəyev özü polis orqanlarında çalışırdı:

“Nicat Mirzəyev mənə dedi ki, tikinti işlərilə məşğuldur, mənim adıma şirkət təsis eləmək istəyir. Mən də razılaşdım. Həmin şirkət vasitəsilə evlər tikilib. Nicat xəstəliyə tutulub, vəfat elədi. Məni Səlim Müslümovun işi üzrə istintaqa çağıranda xəbər tutmuşam ki, 16 min manat mənimsəmə olub. Gəlib İlqar müəllimə dedim, pulu verdi, aparıb ödədim”.

Səlim Müslümov məhkəmədə səslənən bu ittihamların heç birinə cavab verməyib.

61 yaşlı Səlim Müslümov 2021-ci ilin fevralında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. O, mənimsəmə və rüşvət nəticəsində dəymiş 27 milyon manatlıq ziyanın 20 milyonunu ödəyəndən sonra 2022-ci ilin mayında ev dustaqlığına buraxılıb.

Səlim Müslümov CM-in bir neçə maddəsi ilə ittiham olunur. Bu maddələrdə 14 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Səlim Müslümov 2000-2002-ci illərdə Dövlət Gömrük Komitəsinin sədr müavini, ardınca 11 il Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsində işləyib. 2013-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin edilib. Həmin vaxt Dövlət Sosial Müdafiə Fondu da bu nazirliyin tabeliyinə verilib. O, 2018-ci ildə nazir vəzifəsindən azad edilib.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »