Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zeytun budağı və göyərçin niyə sülhün rəmzi hesab olunur...
Zeytun budağı və göyərçin niyə sülhün rəmzi hesab olunur...

İnsanlıq tarixi var olduğu gündən bu yana dinlərin, millətlərin, adət-ənənələrin müxtəlif olmasına baxmayaraq, onları birləşdirən mənəvi, fiziki dəyərlərlə yanaşı, simvolik dəyərlər də mövzud olub. İnsanlığın mövcud olduğu tarix boyunca həyatımızda çox önəmli yer tutan simvolik dəyərlərdən ikisi barədə bu dəfəki yazımızda bəhs edəcəyik.

Zeytun ağacı və göyərçin – bu iki nəsnə nəyə görə insanlar üçün hər zaman müqəddəslik və sülh rəmzi olub? Xüsusilə ağ göyərçinləri öldürmək, onların ətindən yemək bəzi xalqların adət-ənənəsində günah hesab olunur. Hətta bunu müxtəlif dini mənbələrə bağlayan insanlar belə var. Keçmiş zamanlarda göyərçinlərdən poçt vasitəsi kimi istifadə edilir, onlara xüsusi diqqət-qayğı göstərilir və “elçiyə zaval yoxdur” ifadəsi insanla bərabər elə göyərçinlərə də şamil olunurdu. Yəni, içində bəd xəbər yazan hansısa məktubu gətirən elçini edam etməklə, poçt göyərçinini öldürmək eyni cinayət hesab edilirdi və bu, o vaxtkı dövrdə dövlətlər arasında savaş səbəbi sayılırdı.

Xüsusilə biz azərbaycanlılarda göyərçinlə yanaşı, hacıleylək də toxunulmaz, müqəddəs quş hesab edilir. Hər nə qədər İslam mənbələrində bu haqda məlumatlar yer almasa da, tarixboyu bu coğrafiyada yaşayan insanlar göyərçin və hacıleyləyi ovlamaqdan, öldürməkdən çəkiniblər. Hətta bu quşlar hansısa evin çardağında, divar küncündə yuva qursalar, həmin ev və onun əhli kənd, qəsəbə sakinləri tərəfindən bəxtəvər hesab edilərdi. İnsanların inanclarına görə o evdə xeyir-bərəkət artar, xoşbəxtlik o evin daimi sakini olardı. Bəzi inanclara görə, hacıleylək Məkkə şəhərindəki müqəddəs Kəbə evinin üzərindən uçduğu üçün ona “hacıleylək” deyilərdi və insanlar bu quşun İslamın beşiyi olan Məkkə şəhərindən buralara köç etdiyinə inanardılar.

Zeytun ağacının müqəddəsliyi isə xüsusilə türkdilli xalqların tarixində özünəməxsus yer tutur. Beləki, adı hər zaman göyərçinlə bir yerdə çəkilən zeytun ağacı, ya da zeytun budağı bəzi dini rəvayətlərə görə, Nuh peyğəmbərin zamanında baş vermiş sel daşqınının bitməsini, əmin-amanlığın Yaradan tərəfindən yenidən bərqərar edilməsinin göstəricisi, nişanəsi hesab olunurdu.

Hətta bu barədə qədim şumerlərin məşhur “Gilqameş dastanı”ndan üç böyük səmavi kitaba və müqəddəs mətnlərdəki “Böyük Daşqın” rəvayətlərinə görə, daşqın bir müddət dayandıqda Nuh peyğəmbər gəmisinin göyərtəsindən ağ göyərçin uçurur. Bu ağ göyərçin bir müddət sonra ağzında zeytun budağı ilə geri qayıdır. Beləliklə, Nuh peyğəmbər əmin olur ki, sular çəkilib, tufan bitib. Bu səbəbdən ağ göyərçin və zeytun budağı illərdir sülh simvolu kimi istifadə edilir.

Həmçinin, onu da qeyd edək ki, zeytun ağacı barədə Qurani-Kərimin 95-ci surəsi olan “Tin” yəni, “Əncir” surəsində də bəhs edilir. Burada Allah iki ağacın - əncir və zeytunun adını çəkərək, onlara and içir. Bəzi təfsir alimlərinin qeyd etdiyinə görə, Allahın Qurani-Kərimdə nəyinsə üzərinə and içməsi, həmin nəsnənin həm Allah qatında, həm də insanlar arasında olduqca dəyərli, xeyirli olduğunun göstəricisi hesab olunur.

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »