Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qərbi Nil virusu Azərbaycanda aşkarlana bilərmi?
Qərbi Nil virusu Azərbaycanda aşkarlana bilərmi?

Yunanıstanda 10 nəfərin ölümünə səbəb olan “Qərbi Nil virusu” ilə bağlı Türkiyə mütəxəssisləri də xəbərdarlıq edib. Mütəxəssislərin fikrincə, Qərbi Nil Virusuna qarşı peyvənd və ya təsirli bir vasitə yoxdur. “Kuleks” tipli ağcaqanadların Qərbi Nil Virusunun daşıyıcısı olduğunu bildirən mütəxəssislər, onların köçəri quşlar, təyyarələr və gəmilərlə daşına biləcəyini bildiriblər.

  • Xəstəlik Azərbaycanda müşahidə edilə bilərmi?

Həkim mütəxəssis İlhamə Qurbanova Bizimyol.info xəbər protalına açıqlamasında bildirib ki, xəstəliyə hələ ki, Azərbaycanda rast gəlinməyib.

“Xəstəliyin əsas daşıyıcı ağcaqanadlardır. Normalda virus ağcaqanadlar və quşlar arasında müşahidə olunur. İnsanların 80 faizində heç bir simptom olmur. Lakin 20 faizində bədəndə yüksək hərarət, halsızlıq, qusma, baş ağrısı və səpgilər müşahidə olunur. Xəstəlik müddəti 2-6 gün arasında dəyişir. Xəstəliyin ağır formasına 150 nəfərdən birində rast gəlinə bilər. Bu zaman sinir sisteminin tutulması baş verir. Bu hal uşaqlarda və ya 50 yaşından yaşlılarda müşahidə edilə bilər” - deyən həkim bildirir ki, spitli içki aludəçiləri, digər əsas xəstəlikləri olanlar, diabet və hipertoniya xəstələri də da riskli qruplar arasındadır.

Həkimin sözlərinə görə, xəstəliyə yoluxmamaq üçün ağcaqanadlardan qorunmaq lazımdır.

“Bu virusa qarşı peyvənd və ya effektiv antiviral preparat yoxdur. Xəstəlik xüsusilə köçəri quşların köç aylarında sentyabr, oktyabrdan may və iyun aylarına kimi müşahidə edilə bilər. Ağcaqanadların çox olduğu yerlər bu xəstəliyə yoluxma üçün əlverişli şəraitdir. Bu ağcaqanadlar hər mühitdə çoxala bilir. Onlar hətta zibilxanalarda çoxalırlar. Bunun qarşısını almaq mümkün deyil. Sadəcə olaraq bu ağcaqanadlarla mübarizə aparmaq lazımdır. Virus 1937-cı ildən olsa da, ona qarşı heç bir üsul yoxdur” - deyə həkim qeyd edib.

Xatırladaq ki, Qərbi Nil Virusu qaraciyər və dalağın böyüməsinə, göz xəstəliklərinə, mədəaltı vəziyə və ürək əzələsinə mənfi təsir göstərə bilər. 50 yaşdan yuxarı insanlar, xərçəng və immun çatışmazlığı olan xəstələr, orqan transplantasiyası, diabet və böyrək çatışmazlığı olan insanlar Qərbi Nil Virusuna yoluxma riski altındadır.

Köçəri quşlar tərəfindən dünyaya yayılan Qərbi Nil virusu insanlara ağcaqanad dişləməsi ilə ötürülür. Xəstəlik insanlara digər yoluxmuş məməlilərdən keçmir. İnsandan insana keçməyən xəstəlik anadan körpəyə ancaq doğuş və ana südü ilə keçə bilər. Bunun xaricində çox nadir hallarda da olsa qan və orqan transplantasiyası ilə yoluxa biləcəyi məlumdur. Eyni zamanda xəstəlik yoluxmuş quşların nəcislərinin dəri üzərində kəsiklə təması ilə ötürülə bilər.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »