Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yediyimiz ətlərdən hansı xəstəliklərə yoluxa bilərik?
Yediyimiz ətlərdən hansı xəstəliklərə yoluxa bilərik?

Bir müddət öncə, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 11 iyun tarixli Sərəncamına uyğun olaraq, baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında heyvan kəsimi hallarının qarşısının alınması məqsədilə Daxili İşlər Nazirliyi və rayon icra hakimiyyətlərinin nümayəndələri ilə birgə reyd keçirib. Reydlər zamanı nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda müayinələrə cəlb olunub. Götürülən ət nümunələrindən 241-də uyğunsuzluq aşkarlanıb. Belə ki, ətlərin tərkibində Salmonella, Streptokokk, bağırsaq çöpü qrupu bakteriyaları (BÇQB) və anaerob bakteriyaları müəyyən edilib. Eyni zamanda mal və dana əti kimi satılan ətlərin bəzisinin at əti olduğu müəyyən edilib. AQTA istehsalçıya mənşəyi bilinməyən ətin satışını etməməyi tövsiyyə edib. Amma reallıq budur ki, bu gün Bakının bir çox bazarlarında, yol kənarlarında, mağazalarda mənşəyi bilinməyən ətlər satılır. Və istehlakçılar da bəziləri ucuz olduğu üçün, bəziləri də “bu qəssaba daha çox inandığı üçün” belə yerlərdən ət alırlar. Yəni qurumun vəzifəsi, yoxlama aparmaq, xəbərdar etməkdir.

  • Bəs yediyimiz ətlərdən hansı xəstəliklərə yoluxa bilərik?

Bu gün 15 manat deyil, bir qədər ucuz aldğımız üçün sevindiyimiz ətlər bizə o qədər baha başa gələ bilər ki…

Mütəxəssislərin fikrincə, kəsimdən əvvəl və sonra aparılan baytarlıq nəzarəti sayəsində ətdən keçən müxtəlif xəstəliklərin və parazitlərin qarşısı böyük ölçüdə alınır. Belə ki, kəsimdən əvvəl heyvanın ümumi sağlamlığı yoxlanılır, əhəmiyyətli xəstəlik əlamətləri varsa, kəsilmir.

Baytar həkim İsmayıl Əliyev Bizimyol.info xəbər portalına müsahibəsində bildirib ki, kəsimdən sonra qaraciyər, ağciyərlər, dalaq və limfa yolları diqqətlə araşdırılır.

“İnsan sağlamlığına zərər verəcək hər hansı xəstəlik əlaməti olan ət məhv edilməlidir. Əgər heyvan sağlamdırsa, qaydalara uyğun parçalanır, qablaşdırılır və s. Bu proseslər zamanı işləyən insanlar sağlam olmalı, iş mühiti və nəqliyyat vasitələri sağlamlıq qaydalarına uyğun olmalıdır. Bu şərtlərdən hər hansı birinin çatışmazlığı ətin keyfiyyətinin itirilməsinə səbəb ola bilər. Amma biz də çox zaman kəsilən ətlərin üst-üstə qalanıb daşındığını görürük” - deyə baytar bildirib.

Həkimin sözlərinə görə, ətdən keçən xəstəliklər heyvanın özündən, heyvanın kəsilməsi, ətin doğranılması və hazırlanması zamanı çalışan insanlardan, ətin hazırlandığı alətlər və avadanlıqlardan keçə bilər.

Mütəxəssis qeyd edir ki, ətdən Salmonello, Alum, Çiçək, Vərəm, Ruam, Quduzluq, Qarayara xəstəliyi yoluxa bilər.

İsmayıl Əliyev bildirib ki, qırmızı ətdən keçən xəstəliklərdən salmaonella da ən təhlükəli xəstəliklərdən biridir. İllər əvvəl salmonella tif xəstəliyinə səbəb olurdusa, son vaxtlar onu həzmsizlik və bağırsaq problemləri əvəz edir. Salmonella infeksiyasının simptomları şiddətli qarın ağrısı, ürəkbulanma və ishal şəklində inkişaf edə bilər. Ölümcül olmaya bilər, amma təhlükəli bir xəstəlikdir.

Qırmızı ətlə keçən başqa bir xəstəlik isə, bruselladır.

“Ciddi bir infeksiyadır. Qızdırma, yorğunluq, iştahsızlıq, kilo itkisi, baş ağrısı, gecə tərləmələri, geniş yayılmış əzələ və oynaq ağrıları ilə müşahidə olunur. Zəif pasterizə olunmuş süd, süd məhsulları və xüsusilə təzə pendir istehlak etməklə bu virusa asanlıqla yoluxa bilərsiniz” - deyə baytar İsmayıl Əliyev qeyd edib.

Ətdən keçən başqa bir xəstəlik isə, toksoplazmadır.

“Bu virus, çiy və ya az bişmiş ət vasitəsilə ötürülür. Hamiləlik zamanı problem yaşayan heyvanlar bu virusu daşıyır. Eynilə, doğulan heyvan da bu virusdan öz payını alır” - deyə baytar vurğulayıb.

“Bunlar təhlükəli xəstəliklərdir. Məsələn, qarayara xəstəliyində bədənin müxtəlif nahiyələrində qara qapaqlı ləkələr görünür, qızdırma sürətlə artır. Xəstəlik sürətlə irəliləyir və adətən ölümlə nəticələnir. Tif və oxşar xəstəlik mikrobları daşıyan insanlar heç vaxt ətlə təmasda olmamalıdırlar.

Əti aldığınız yerə şübhəniz varsa, çox yaxşı bişirin. Ətdən keçən xəstəliklərdən və parazitlərdən qorunmaq üçün ətin alındığı yer müəyyən, nəzarətli və təhlükəsiz yer olmalıdır. Hər hansı bir şübhəli vəziyyətdə dərhal həkimə müraciət etmək lazımdır” - deyə mütəxəssis əlavə edib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »