Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ailədə miqren varsa, uşaqlarda da miqren riski yüksəkdir"
"Ailədə miqren varsa, uşaqlarda da miqren riski yüksəkdir"

Baş ağrısına dünya əhalisinin 90 faizində rast gəlinir. Beynəlxalq Baş Ağrısı Cəmiyyəti tərəfindən baş ağrıları bir neçə əsas qrupa bölünüb. Birbaşa baş verən və başqa bir xəstəliklə əlaqəli olmayan baş ağrıları əsas birincil baş ağrılarıdır və bütün baş ağrısı şikayətlərinin 90 faizini təşkil edir. Birincil baş ağrıları arasında yer alan miqren, hər yaşda başlaya bilən, yaşlandıqca tezliyi azalan, davamlı və ya təkrarlanan baş ağrısı növüdür. Mütəxəssislərin fikrincə, miqren hər 20 kişidən birində və hər 5 qadından birində müşahidə edilir. Miqren adətən yeniyetməlik dövründə başlayır. Xəstələrin 80 faizində baş ağrısı atakları 30 yaşından əvvəl baş verir. 35-39 yaşdan etibarən miqren hallarında artma müşahidə edilir.

Həkim terapevt Mətanət Səfərova Bizimyol.info xəbər portalına müsahibəsində bildirib ki, miqren baş ağrıları ümumiyyətlə ürəkbulanma, işığa və səsə həssaslıqla müşayiət olunan birtərəfli baş ağrısı olaraq təyin edilir.

“Ailələrində miqren olan insanların uşaqlarında miqren riski ümumi əhali ilə müqayisədə daha yüksəkdir. Genetik və ətraf mühit faktorlarının rol oynadığı bir xəstəlik olan miqren sırf genetik xəstəlik deyil. Auralı miqren və aurasız miqren olmaqla iki əsas alt tip var. Migren hücumlarının 10 faizini təşkil edən auralı miqren, ziq-zaq xətləri, bulanıq görmə, işıq yanıb-sönməsi və ya skotoma kimi tanınan baxış sahəsində boşluqların olması kimi müvəqqəti duyğu simptomları ilə özünü göstərir. Bu proses baş ağrısı başlamışdan bir saat əvvəl müşahidə edilir” - deyə həkim qeyd eidb. Onun sözlərinə görə, aurasız miqren 4-72 saat ərzində təkrarlanan baş ağrısı hücumları ilə xarakterizə edilən miqrenin alt növüdür. Bu tip miqren adətən bir tərəfdən lokallaşdırılır və ağrı səviyyəsi orta dərəcədən şiddətli dərəcəyə qədər dəyişə bilər. Xroniki miqren, 3 ay ərzində 1 ayda ən az 15 gün davam edən və eyni vaxtda ayda ən az 8 gün miqrenlə əlaqəli simptomlarla müşayiət olunan miqren baş ağrısı olaraq təyin olunur.

Həkim bildirir ki, miqrenin əsas səbəbləri hələ məlum deyil. Miqrenin genetik, mərkəzi, damar və neyronal səbəbləri var. Biokimyəvi və fizioloji risk faktorları da miqrenə meyl yaradır. Tətikləyici amillər miqrenin meydana gəlməsini asanlaşdırır. Ailə üzvlərində və yaxın qohumlarında miqren xəstəsi olan insanlarda miqren baş ağrısı inkişaf riskinin ümumiyyətlə 3 dəfə artdığı düşünülür.

“Miqren çox yayılmış bir problemdir. Ümumiyyətlə, cəmiyyətdə hər 10 nəfərdən birində rast gəlinə bilən bu xəstəlik kişilərə nisbətən qadınlarda daha çox müşahidə edilir. Migren hücumları prodrom dövründən başlayır. Bu dövrdə depressiv və ya həddindən artıq əhval-ruhiyyə, artan həssaslıq, durğunluq, düşüncələrin yavaşlaması, söz tapmaqda çətinlik, konsentrasiya və diqqətin olmaması kimi neyro-psixoloji simptomlar, həmçinin boyun sərtliyi, şişkinlik hissi daxildir.

Eyni zamanda bura qəbizlik və ya ishal, zəiflik, iştahın artması və ya itməsi, həddindən artıq susuzluq və tez-tez sidiyə getmə kimi simptomlar daxildir. Prodrom dövründən sonra aura dövrü başlayır. Bu dövr təxminən 5-20 dəqiqə ərzində inkişaf edir və adətən 60 dəqiqə ərzində bitir. Vizual əlamətlərlə yanaşı, bədənin bir tərəfində, üzün və dilin bir hissəsində uyuşma kimi hisslərlə də özünü göstərir. Ağrı dövrü adətən ənsə, başın arxası və başın bir tərəfində başlayan diskomfort, ağırlıq və qeyri-müəyyən ağrı hissi ilə başlayır. Təxminən 30 dəqiqədən 120 dəqiqəyə qədər şiddətli, çırpınan və təzyiqə səbəb olan ağrı hiss olunur. Bu ağrı saatlarla, hətta 2-3 gün davam edə bilər” - deyə həkim əlavə edib.

Miqren xəstələrinin 20 faizində ağrı həmişə eyni tərəfdə müşahidə edilsə də, bəzən boyundan başlayıb bütün başa yayıldığı görülür. Ağrı iştahsızlıq, ürəkbulanma, qusma, işığa və səsə həssaslıq kimi əlamətlərlə özünü göstərir.

Miqren birdəfəlik müalicəsi olmayan bir xəstəlikdir. Həkimlər miqrenin simptomlarını və tezliyini azalda bilmək üçün müalicə edirlər. Müalicə planı xəstənin yaşından, hücumların tezliyindən, miqrenin növündən, simptomların şiddətindən və şəxsin sağlamlıq vəziyyəti ilə bağlı digər amillərdən asılı olaraq dəyişə bilər.

  • Hansı qidalar miqren tutmasına səbəb olur?

Miqren baş ağrısını tətikləyən bir çox amil var. Bura alkoqol istifadəsi, parlaq işıq, yuxu pozğunluqları, ətir və siqaret tüstüsü kimi güclü qoxulara məruz qalma, yüksək səsə məruz qalma, qadınlarda dövri hormonal dəyişikliklər və ya hormon ehtiva edən dərmanların istifadəsi, stress, mövsümi dəyişikliklər aiddir.

Miqren ilə müxtəlif qidalar arasında əlaqə ola bilər. Kolbasa və tərkibində nitrat olan sosiska, şokolad, yüksək tiramin konsentrasiyası olan pendirlər, spirt növləri, xüsusilə qırmızı şərab və soyuq içkilər miqren baş ağrılarını tətikləyən qidalar arasındadır. Eyni zamanda bəzi meyvələr, çay və qəhvə istehlakı, dəniz məhsulları, qızardılmış yağlı yeməklər miqrenə səbəb ola bilər.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »