Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ağ çörək kola və siqaret kimi asılılıq yaradır"
"Ağ çörək kola və siqaret kimi asılılıq yaradır"

Çörək istehlakı, son zamanların ən çox müzakirə olunan mövzusudur. Əslində çörək yemədən sağlam yaşamaq tendensiyası demək olar ki, bütün dünyada qəbul olunub. Lakin araşdırmalar göstərir ki, uzunmüddətli aşağı karbohidratlı pəhriz ürək xəstəliyi riskini 20 faiz artırır. Mütəxəssislərin fikrincə, süfrələrdən təbii çörək əskik olmamalıdır.

Dietoloq Aynurə Məmmədova Bizimyol.info xəbər portalına müsahibəsində bildirib ki, çörək zülal, lif, kalsium, fosfor və B1, B6 vitaminləri ilə yanaşı tərkibində olan karbohidratlarla zəngin qidadır. Bu baxımdan təbii çörək psixi və fiziki sağlamlığın qorunmasını təmin edir. Lif qəbulu ilə mədə və bağırsaq sağlamlığını qorumaq qəbizliyin qarşısının alınmasına ciddi dəstək verir. Bundan əlavə, diabet xəstələrinə qan şəkərini daha yavaş artırmağa və qan şəkərini və xolesterini idarə etməyə kömək edir.

“Təbii undan hazırlanan sağlam çörək buğda, çovdar və yulaf kimi tam taxıl çörəyindən istifadə etmək tövsiyə edilir. Tərkibində çox miqdarda yağ və şəkər olan, zərif undan hazırlanan tortlar, şokoladlar, şirniyyatlar və çörək qırıntıları kimi digər karbohidratlı qidalar təhlükəlidir. Bu qidalar yüksək kalorili olduqları üçün ciddi sağlamlıq problemlərinə, xüsusilə də piylənməyə səbəb olur”,- deyən dietoloq hesab edir ki, gündəlik çörək istehlakı insanın fiziki fəaliyyətindən, yaşından, cinsindən və sağlamlıq vəziyyətindən asılıdır. Əgər ciddi bir xəstəlik yoxdursa, hər yeməkdə ehtiyacımız olduğu qədər təbii çörəklərdən istifadə etməyin heç bir zərəri yoxdur. Ancaq şəkər, ürək, piylənmə və yüksək təzyiq kimi xəstəliklərin olması halında çörək istehlakı hər yeməkdə bir dilimlə məhdudlaşdırıla bilər.

“Normal şəraitdə evdə hazırlanan ağ çörəyin tərkibində çoxlu vitaminlər var. Ancaq bazarda hazırlanan bir çox ağ çörəklər emal edildiyi üçün bu qida komponentlərinin əksəriyyətini ehtiva etməyə bilər. Çörək tərkibindəki yüksək karbohidrat dəyərləri sayəsində yeməklərin yanında toxluq hissi verir. Düzgün bişirilən çörək kafi səviyyədə istehlak edildikdə insana enerji verən qidadır. Çörəyin ən böyük zərəri onun “həddindən artıq istehlakı”dır. Çörəyin həddindən artıq istehlakı piylənmə və nəticələrindən asılı olaraq xolesterin, ürək və təzyiq xəstəliklərinə səbəb olur. Ağ çörəyin ən böyük zərəri asılılıq yaratmasıdır. Ağ çörəyin istehlakı da kola və siqaret kimi zərərli maddələr kimi asılılıq yaradır”,- deyə dietoloq əlavə edib.

Mütəxəssis qeyd edir ki, çörəyi əvəz edə biləcək qida yoxdur.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »