Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“MTN-də general dedi ki, 1 milyonu verməsəniz, ikiniz də həbsdə çürüyəcəksiniz”
“MTN-də general dedi ki, 1 milyonu verməsəniz, ikiniz də həbsdə çürüyəcəksiniz”

Uzun illər Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinə rəhbərlik etmiş, ötən ilin aprelindən həbsdə olan general Mövlam Şıxəliyev və onun tabeliyində işləmiş daha üç nəfər sabiq şöbə rəisinin məhkəməsi davam edir. Onların işinə Bakı Hərbi Məhkəməsində baxılır.

Bizimyol.info xəbər verir ki, mayın 31-də bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə iclasına əvvəllər olduğu kimi, yenə də jurnalistlər buraxılmayıb. Zərərçəkənlər buna etiraz edərək, hakim Elbəy Allahverdiyevi keçmiş MTN-çiləri qorumaqda, onların əməllərini ictimaiyyətdən gizlətməkdə ittiham edirlər.

Zərərçəkmişlər həmçinin digər üç nəfər sabiq MTN-çinin - Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərovun da həbs olunmasını tələb edirlər. Deyirlər ki, onlar da ağır cinayətdə ittiham olunurlar. Lakin cinayətlərini etiraf etmirlər, dəymiş maddi ziyanı ödəməkdən yayınırlar. Amma onların haqqında həbs qərarı verilməyib.

Məhkəmədə Vüqar Cəfərov dindirilib. O, zərərçəkmiş Etibar Cəfərovun qardaşıdır. Vüqar Cəfərov bildirib ki, qardaşı 2005-ci ildən “Sədərək” ticarət mərkəzində sahibkarlıqla məşğul olub. 2013-cü ilin avqustunda qardaşını Seyran Nəcəfov, Balaşirin Babayev, Elman Əhmədov, Elvar Əliyev və Natiq Teymurovla birgə MTN əməkdaşları saxlayıblar. Sonradan qardaşının barəsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs qətimkan tədbiri seçilib. Onun işi üzrə istintaqı müstəntiq Fuad Məmmədov aparıb: “Fuad Məmmədov Yasin Məmmədovla birlikdə atamdan 300 min manat tələb edirdi.

Deyirdilər ki, guya qardaşım qaçaqmalçılıq edib. Halbuki, qardaşım qaçaqmalçılıq etməmişdi, onlar şərləyirdilər, pul qoparmaq istəyirdilər. Biz qohum-qardaşdan borc aldıq, nəyimiz vardısa, satdıq. Cəmi 210 min manat pul toplaya bildik. Aparıb MTN-in arxasında Fuad Məmmədova verdim. Pulu alandan 3-4 gün sonra qardaşımı buraxdılar”.

Şahidin sözlərinə görə, qardaşı həbsdən buraxılsa da, onun haqqında cinayət işi sonradan baxılması üçün Qaradağ rayon Məhkəməsinə göndərilib. Məhkəmə qaçaqmalçılıq ittihamını ölkəyə keyfiyyətsiz mal gətirmə ittihamına tövsif edib.

“Dedilər ki, guya mallar keyfiyyətsizdir. Araşırdılar, aydın oldu ki, mallar da keyfiyyətlidir. Ona görə də malları qardaşımgilə qaytardılar. Boş qutuları yandırıb videoya çəkdilər ki, guya keyfiyyətsiz malları yandırırlar. Qardaşımla bərabər tutulanların hər birindən MTN-də hədə-qorxu ilə pul tələb edib almışdılar. Sonda məhkəmə qardaşımla bərabər tutulan hər kəsi cərimələyib azad etdi. Bu adamlar bu günə qədər bizə vurulan zərəri ödəməyiblər”, - Vüqar Cəfərov ifadəsində bildirib.

O, əlavə edib ki, Yasin Məmmədov pul tələb edərkən göstərişin generaldan gəldiyini deyirdi.

Sabiq MTN-çilərin əməllərindən zərərçəkənlərdən biri də Cavidan Hacıyevdir. O, hazırda həbsdə olsa da, məhkəmədə dindirilib.

Cavidan Hacıyev bildirib ki, 2016-ci ildə “Texnikabank”dan 18 milyon manat kredit götürüb mənimsəmə ittihamıyla 10 il azadlıqdan məhrum edilib. Sonradan cəzası 6 ilə endirilib.

Həbs olunana qədər Türkiyədə biznesi olduğunu deyən Cavidan Hacıyev bildirib ki, “İnter Alyans” şirkətinin adından sement ticarətilə məşğul idi. Onun sözlərinə görə, 2008-cu ilin noyabrından Rauf Kərimovla şərikli işləməyə başlayıb. Biznes fəaliyyətinin inkişafı üçün 2008-ci ilin dekabrında “Texnikabank”dan girov qoyub 30 milyon dollarlıq uzunmüddətli kredit götürüblər. Girovlar arasında Rauf Kərimova məxsus “Bakı” mehmanxanası da olub. 2012-ci ilin martında “Texnikabank”ın sahibi Etibar Əliyev MTN tərəfindən həbs olunub.

“Mayda isə şərikim Rauf Kərimov MTN-ə çağırıldı. Onu MTN İstintaq Baş İdarəsinin şöbə rəisi Vüsal Ələkbərov çağırmışdı. Sonradan Vüsal Ələkbərov mənim özümü də MTN-ə çağırdı. Türkiyədən ölkəyə gəlib, Vüsalın çağırışıyla mütəmadi MTN-ə gedirdim. 2-3 ay belə davam elədi. Vüsal Ələkbərov hər gün məndən və Rauf Kərimovdan “Texnikabank”dan krediti necə, kimin vasitəsilə götürdüyümüzü, nəyə xərclədiyimizi soruşurdu. Nəhayət bir gün tələb elədi ki, hərəmiz ona 500 min pul verməliyik, yoxsa ikimiz də həbs olunacağıq”, - zərərçəkmiş ifadəsində bildirib.

Onun sözlərinə görə, şəriki ilə hər biri 500 mini verməyə razılaşmayıblar. Çünki heç bir cinayət törətməmişdilər. Amma Vüsal Ələkbərov da onlardan əl çəkməyib: “Bizi hədələyirdi. Bizi 3-4 dəfə Təhsin Ağayevin otağına aparmışdı. Təhsin Ağayev də Vüsal Ələkbərova qoşulub hər dəfə bizə hədə-qorxu gəlirdi, israrla 1 milyon manatın verilməsinin zəruri olduğunu izah eləməyə çalışırdı.

Təhsin Ağayev bu gün özünü xəstəliyə vurub, aradan çıxıb. Amma MTN-də özünü dəcəl uşaq kimi aparırdı, yekə-yekə danışırdı. Bizi o qədər bezdirdilər ki, Təhsin Ağayev və Vüsal Ələkbərovun tələbilə razılaşmağa məcbur olduq. Razılıqdan əvvəl Təhsin Ağayev Vüsal Ələkbərovun otağından Raufu birbaşa Mövlam Şixəliyevin kabinetinə aparmışdı. Onların söhbəti təxminən 15 dəqiqə çəkdi. Qayıdandan sonra Rauf mənə dedi ki, pulu düzəldib verməsək, axırımız yaxşı olmayacaq. Mövlam Raufa demişdi ki, 1 milyonu verməsəniz, ikiniz də həbsdə çürüyəcəksiniz. Ona görə də məcbur olub razılaşdıq”.

Zərərçəkmiş əlavə edib ki, şəriki ilə 2012-ci ilin sentyabr-noyabr aylarında “Yunayted Kredit Bank” və “Atrabank”dan kredit götürüb, MTN-ə veriblər.

Sabiq MTN-çilərin məhkəməsi davam edir.

Mövlam Şixəliyev digər təqsirləndirilən şəxslərlə birləşib ümumilikdə 14 milyon 292 min manat rüşvət almaqda, hədə-qorxu ilə başqalarının 5 milyon 77 min manatını ələ keçirməkdə, həmçinin səlahiyyət həddini aşma və sübutları saxtalaşdırma kimi əməllərdə ittiham edilir. Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələrilə ittiham olunur.

Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərova isə Cinayət Məcəlləsinin 311.3.1 (mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və başqa maddələrilə ittiham verilib. İstintaq dövrü üçün onların barəsində başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib.

Mövlam Şıxəliyev və onunla birlikdə təqsirləndirilən şəxslərin adları zaman-zaman bir sıra ictimai-siyasi fəalların həbsində hallanıb.

Zərərçəkmişlər arasında “Texnikabank”ın sahibi Etibar Əliyev, onun oğlu Kəramət Əliyev və digərləri var.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »