Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pozuq Taleyran
Pozuq Taleyran

Gürcüstanda və Ermənistanda gedən prosesləri izləyirik. İndiki Ermənistan əvvəlki Gürcüstanın, indiki Gürcüstan isə həmişəki Azərbaycanın yolu ilə gedir. Ya da getməyə çalışır.

Gürcüstan öz ərazisini bütövləşdirmək istəyir. Cənubi Qafqazda Rusiyaya qarşı ikinci cəbhənin açılmasının bölgə üçün fəlakət olacağını anlamışlar. Anlaşılan: Azərbaycanın seçdiyi geopolitik pozisiya daha doğrudur. Gürcüstan öz inkişaf yolundan dönmək fikrində deyil, əlbəttə. Amma bütövlükdə ölkənin müstəqil varlığını qorumaq öncəliyi indilik daha önə çıxıb.

Ermənistana gəlincə, revanşist qüvvələr aktivləşib. Hakimiyyət dəyişikliyinə həvəsləniblər. Ancaq proseslərin gedişi göstərir ki, Ermənistanda cəmiyyət revanşistlərə onların gözlədikləri dəstəyi vermir.

Deyəsən, Ermənistan müxalifətinin işi Allaha qalıb. Revanşistlər artıq cəmiyyətin daha çox hissəsini öz tərəflərinə çəkmək üçün din faktorundan istifadə etməyə çalışır. Arxiyepiskop Baqrat Qalastanyanın "liderliyi" ilə toparlanmaq cəhdi bundan xəbər verir.

Yekə-yekə siyasətçilər Haqqı da, hüququ da unudub bir əyalət keşişinin dalınca düşüblər, ondan mədəd umurlar.

Arxiyepiskop Qalsantyanın dilindən səsləndirilən şüar da, yumşaq desək, qəribədir. Nəymiş?! Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyası dayandırılsın.

Axı sərhəd - dövlətin əsas atributlarından biridir. Sərhədin əleyhinə çıxmaq və özünü dövlətin xilaskarı saymaq! Nə qədər gülünc və absurd! Bu keşiş və onun tərəfdarları bəlkə Ermənistanı heç dövlət də hesab etmir?!

Məndə başqa suallar yaranır: ağlı başında olan bir vətəndaş ölkəsinin qonşu dövlətlə sərhədlərinin müəyyənləşməsinə niyə qarşı çıxsın?! Ermənistanın Gürcüstanla da sərhədi var. Onun delimitasiyasına qarşı çıxırlar?! Yox. İranla və Türkiyə ilə sərhəd Sovet dövründən də var. Yaxşı, bu sərhədlərin delimitasiyası və qorunması pis şeydirsə, niyə o biri qonşularla bu niyə edilib deyə etiraz yoxdur, tək Azərbaycana qarşı var?! Ümumiyyətlə, ətraf dövlətlərlə heç bir sərhəd olmamalıdırsa, niyə Ermənistan 4 qonşusundan 3-ü ilə sərhədini müəyyənləşdirib oturub?! Üstəlik, hələ Türkiyə və İranla sərhədlərə Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarını yerləşdirib. Absurd deyilmi?! Özünü "Allah adamı" adlandıran bir keşiş sülhün deyil, müharibə revanşının axtarışındadır. Bu qədər də Allahsız keşiş olar?!

Qalstanyan da, onu irəli qısqırdanlar da, ənənəvi, ya da siyasi-genetik olaraq Fransanı çox sevir. Elə öz sevdiklərindən - məşhur fransız yazıçısı Aleksandr Dümadan sitat gətirəcəyəm. Düma deyirdi: "Hətta dahiliyin də sərhəddi var, ancaq axmaqlığın heç bir sərhəddi yoxdur".

Ermənistanın heç bir sərhədinin olmaması fikri də məhz həmin revanşistlərinkidir. Çünki axmaqlığın sərhədi yoxdur. Ancaq, görünür, bu ermənisayaq Taleyran - Qalstanyan və keşişin çirkli əbasının altında gizlənib əyilə-əyilə hakimiyyətə gəlməyə çalışanlar heç Dümanı da oxumayıblar...

Yeri gəlmişkən, keşiş Qalstanyana "pozuq Taleyran" dedim. Bəs Taleyran kimdir?! Fransalı siyasətçi, kardinal Şarl Moris de Taleyran bəlkə də tarixin ən riyakar siyasətçisi idi. O da Qalstanyan kimi siyasətə kilsədən gəlmişdi. Sonda ən rəzil duruma düşdü və tənhalıqda can verdi. Həm siyasi, həm fiziki, həm də mənəvi baxımlardan...

Bahəddin Həzi Bahəddin Həzi

Bahəddin Həzi, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »