Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-dan geriyə addım: "Ərdoğanın səsləndirdiyi narahatlıqlar həll oluna bilər"
ABŞ-dan geriyə addım: "Ərdoğanın səsləndirdiyi narahatlıqlar həll oluna bilər"

Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sullivan Türkiyənin İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı narahatlığının təfərrüatlı şəkildə həll edilə biləcəyini deyib.

Bizimyol.info xəbər verir ki, “Air Force One” adlı prezident təyyarəsində jurnalistlərə açıqlama verən Sullivan İsveç və Finlandiya liderlərinin məsələni birbaşa prezident Rəcəb Tayyib Ərdoğanla müzakirə etməyi planlaşdırdıqlarını və Vaşinqtonun bu prosesi dəstəkləməyə hazır olduğunu qeyd edib.

“Biz inanırıq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən səsləndirilən narahatlıqlar aradan qaldırıla və həll oluna bilər”,- deyə Jake Sullivan bildirib.

Baydenin bu mövzuda birbaşa Ərdoğanla əlaqə qurmaq planının olub-olmaması ilə bağlı suala Sullivan “hazırda yox”,- deyə cavab verib. Xatırladaq ki, Bayden dünən Ağ Evdə iki ölkənin liderləri ilə görüşərək İsveç və Finlandiyanın NATO-ya üzv olmaq üçün müraciətlərinə dəstək verdiyini açıqlayıb. Görüşdən sonra təşkil edilən birgə mətbuat konfransında Finlandiya Prezidenti Sauli Niinistö Türkiyə ilə görüşməyə hazır olduqlarını ifadə edərək “Finlandiyanın Türkiyə ilə hər zaman yaxşı əlaqələri olub. Biz terrorizmin bütün formalarını pisləyirik. Biz Türkiyənin bütün problemlərini həll etməyə açığıq. Biz Türkiyənin təhlükəsizliyinə sadiq olacağıq, terroru dəstəkləmirik”,- deyə o bildirib.

Qeyd edək ki, Rusiyanın Ukraynaya hücumundan sonra İsveç və Finlandiya NATO-ya üzvlüklə bağlı müraciət ediblər. NATO-ya üzv olan ölkələr isə bu qərarı dəstəkləməkdədir. Lakin Türkiyə bu qərara isti baxmır. Hətta Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın keçən həftə iki ölkənin üzvlüyü ilə əlaqədar verdiyi açıqlamada "müsbət fikirdə deyilik. Skandinaviya ölkələri terror təşkilatının qonaq evi kimidir” ifadəsini işlədib.

Xatırladaq ki, Finlandiya və İsveçin üzvlük prosesinin 8-12 ay arasında çəkə biləcəyi, lakin bunun üçün NATO-nun 30 üzvünün hamısının razılığının tələb olunur.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »