Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ramazan ayında ən çox verilən suallara ilahiyyatçıdan cavab
Ramazan ayında ən çox verilən suallara ilahiyyatçıdan cavab

Bu gündən Ramazan ayı başlayır. Ramazan ayında verilən müxtəlif ənənəvi suallar var. Kimlər oruc tutmamalıdır, kimlərə oruc tutmaq haramdır? və s.

Bizimyol.info xəbər portalına danışan ilahiyyatçı İbrahim Məmmədov bildirib ki, səfərdə olan və xəstə olan insanlar oruc tutmamalıdır:

“Əgər bir insan xəstədirsə, bu zaman öz-özünə diaqnoz qoyub deyə bilməz ki, “mən xəstəyəm, oruc tutmamalıyam. Şəriət bunu qəbul etmir. Gərək o şəxs həkimə müraciət edərək, oruc tutmağın onun səhhətinə ciddi ziyan vuracağı ilə bağlı fikrini almış olsun. Amma bəzən elə insanlar olur ki, həkim orucun ona zərər olduğunu desə “həkim nə deyir desin, mən Allahımı sevirəm və oruc tutacağam” deyir. Allah buyurur ki, “əgər tutduğun oruc səhhətinə zərər verirsə, tutduğun oruc günahdır, haramdır”.

Allah Quran-i Kərimdə buyurur ki, “sizin qaldıra bilmədiyiniz yükü mən sizə yükləmərəm”.

Yəni bir şəxsin səhhəti oruc tutmağa imkan vermirsə, həkim də bunu təsdiqləyirsə, həmin şəxsə oruc tutmaq haramdır. Həmin şəxs sağaldıqdan sonra ya orucunun qəzasını, ya da gələn Ramazanda orucuna davam edə bilər.

Hökmdə də bu var ki, gərək müraciət edilən həkim Allahı tanımış olsun. Allahdan qorxan insan olsun. Ola bilər ki, həkim ateistdir. Allahı qəbul etmir. Gərək həkim də müsəlman olsun ki, həmin şəxsin oruc tutmaq üçün xəstə olduğu barədə hökmü verə bilsin”.

İ.Məmmədovun sözlərinə görə, səfərdə olanlara da oruc tutmaq olmaz.

Bir şəxs ki, yaşadığı ərazidən 22,5 km keçəcəksə, bu insana oruc tutmaq olmaz. Orucunu pozmalı və açmalıdır. Amma bir insan imsak zamanı durub oruc tutdu və səhərə yaxın 8-9 radələrində ona xəbər gəlsə ki, “22,5 km yolu keçib bir iş görməliyik”. Bu insan əmin olsa ki, işini bitirib günorta namazına qədər geri qayıdacaq, bu insan orucunu tutmalıdır. Çünki Zöhr azanına qədər qayıda biləcəksə, oruc tutan şəxs orucunu poza bilməz. Amma bir insana desələr ki, “22,5 km yol gəlməlisən, amma o qədər də önəmli deyil”. Bu zaman həmin şəxs Zöhr namazından sonra yola çıxmalıdır və gedəcəyi yerə ertəsi günün Zöhr namazına qədər qalacaqsa, bu zaman imsaka durmalı, niyyət edib orucunu tutub, günorta azanına qədər öz qaldığı yerə qayıdacaq.

İ.Məmmədov bildirib ki, bir insan 22,5 km keçdiyi ərazidə 10 gündən artıq qalacaqsa, orada oruc tutmalıdır. Orucunu kəsə bilməz. 10 gündən az qalacaqsa, orada oruc tutmamalıdır: “Məsələn bir şəxs ustadır. Yaşadığı yerdən 22,5 uzaqda iş varsa, iş 3-9 günlükdürsə, oruc tutmamalıdır. Orada olan iş 10 günlük və ya çoxdursa, orucunu tutacaq.

Elə insanlar var ki, onların işi səfərdə olmaqdır. Məsələn, biri şirkət işçisidir. Sürücüdür, bölgələrə məhsul paylayırsa, onun işi budur. O, orucunu tutmalıdır. Və yaxud pilotların işi xarici ölkələrə gedib-gəlməkdir. Oruclarını tutmalıdırlar. Və yaxud dənizdə işləyən, sürücülər və s. oruclarını tutmalıdırlar”.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »