Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Qızlarımız daha çox qırmızı və yaşıl rəngli milli geyimlərə üstünlük verirlər"
"Qızlarımız daha çox qırmızı və yaşıl rəngli milli geyimlərə üstünlük verirlər"

Milli geyimlərimiz xalqımızın qədim adət və ənənələrini özündə əks etdirir. Gündəlik həyatımızda milli geyimlərimizdən istifadə etməsək də, bayramlarda, xına mərasimlərində, toylarda milli geyimlərimizdən istifadə edilir. Geyimlərimiz xalqımızın tarixi ilə bağlıdır və hər bu tarixin müəyyən mərhələlərini özündə müxtəlif formada əks etdirir.

XVII əsrdən etibarən Azərbaycanda ipəkçilik inkişaf etməyə başlamışdı. Şamaxı, Şəki, Gəncə, Şuşa və digər bölgələrdə ipək istehsalı mövcud idi. Azərbaycanda daha çox xara, tafta, şal, tirmə, zərtafta və s. parçalar istehsal edilirdi. Bəzi parçalara fərqliliyinə görə, fərqli adlar verirlirdi. Məsələn “gendə dur”,”alışdım yandım” və s. parça növləri mövcud idi. Həmin dövrlərdə incə, diqqət çəkən parçalardan qadınlar üçün, şal parmalardan isə kişilər üçün geyimlər tikilirdi. Subay qızlar evli qadınlara nisbətən daha parlaq geyinirdi. O dövrdə papaqları kişilərin qeyrəti və ləyaqəti hesab edilirdi. Hazırda bu geyimlərdən gündəlik həyatda istifadə edilmir. Gündəlik həyatda isifadə edilmədiyi üçün az tikilir. Yəni toylarda, bayramlarda milli geyim geyinmək istəyənlər ya bu geyimləri sifarişlə tikdirməli, ya da kirayə götürməlidir. Və əksər insanlar kirayə götürməyə üstünlük verir. Çünki milli geyimlərin tikilməsi prosesi ucuz başa gəlmir. Və qadınalrın bir xarakteri var ki, bir dəfə geyindiklərini ikinci dəfə geyinmək istəmədikləri üçün bu geyimləri kirayə götürməyə üstünlük verirlər.

Milli geyimlərin kirayəsi ilə məşğul olan, geyim evləri, mağazalar var. Qiymətlər isə, təbii ki, geyimin yeni və ya bir qədər köhnə olması, keyfiyyətli materiallardan tikilməsi, əl işinin çox olması və s. digər amillərlə bağlıdır. Milli geyimlərin kirayəsi ilə məşğul olan Nigar Mahmudova Bizimyol.info xəbər portalına müsahibəsində bildirib ki, qızlar daha çox Novruz bayramı və toy-nişan-xına mərasimlərində milli geyimlər kirayə götürürlər.

“Qızlarımız daha çox qırmızı və yaşıl rəngli milli geyimlərə üstünlük verirlər. Novruz bayramında da milli geyim kirayə götürənlər kifayət qədərdir. Geyimlərin kirayə qiyməti isə, geyimdən asılı olaraq dəyişir. Yəni 30 manata da kirayə geyim götürmək olar, 200 manata da” - deyən Nigar xanım bildirir ki, uşaqlar üçün də milli geyimlər kirayə verilir.

Geyimlər dərzi sexlərində müxtəlif ölçülərdə satış və ya kirayə məqsədi ilə tikilir. Kirayə verilən geyimlər hər dəfə geri qaytarıldıqdan sonra dezinfeksiya edilir, təmizlənir və əgər hərhansı bir çatışmazlığı varsa, aradan qaldırılır və yenidən kirayə üçün hazırlanır.

N.Mahmudovanın sözlərinə görə, pandemiya dövründə bütün sahələrdə olduğu kimi bu sahədə də problemlər yaşandı. Bu sektor da bayramla bərabər yenidən canlanmağa başlayıb:

“Novruz bayramı üçün artıq sifarişlər almışıq. Əvvəlki kimi deyil, amma “sifariş yoxdur da” deyə bilmərik. İndi qiymətlərimiz daha münasibdir. Əsas odur ki, iş canlansın”.

Qarşıdan Novruz bayramı gəlir. Novruzu fərqli qarşılamaq istəyənlər və milli geyimlərdə fotosessiyalar etdirmək istəyənlər təbii ki, bu sahəyə maraq göstərəcək. Qeyd edək ki, səməni və milli geyimlər də fotolarda daha çox diqqət çəkir.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »