Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bu gün Fərman Kərimzadənin anım günüdür
Bu gün Fərman Kərimzadənin anım günüdür
“Xudafərin körpüsü”, “Qanlı Aşırım”, “Çaldıran döyüşü” ... Bu əsərlər yəqin ki, çoxuna müəllifi Fərman Kərimzadəni xatırlatdı.

Kinoredaktor, yazıçı-nasir, sevə-sevə baxdığımız bir çox filmlərin ssenari müəllifi Fərman Kərimzadə, 1937-ci ildə martın 3-də Ermənistanın Vedi kəndində anadan olub. 12 yaşında ailəsi ilə Ermənistandan deportaisya ediliblər. Yazıçı məqalələrinin birində deyir: “Oxumaq üçün ayağımda qaloşla Bakıya üz tutdum”...

Fərman Kərimzadə, Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində təhsil alır. Sonradan o İsmayıllı və Beyləqan rayonlarında orta məktəb müəllimi işləyir. F.Kərimzadə "Yüksəliş" rayon qəzeti redaksiyasında ədəbi işçi, şöbə müdürü, məsul katib işləyir.

Daha sonra Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində tərcüməçi, baş redaktor, "Abşeron", "Ədəbiyyat və incəsənət" qəzetlərinin redaksiyasında şöbə müdiri, ədəbi işçi, Cəfər Cabbarlı adına "Azərbaycan film" kinostudiyasında kollegiya üzvü, "Ədəbiyyat və incəsənət" qəzetinin xüsusi müxbiri işləyib. Onun ssenariləri əsasında filmlər çəkilir, bir çox filmlərin redaktoru olur. Bura “Arvadım mənim, uşaqlarım mənim”, “Axırıncı aşırım”, “Bizim küçənin oğlanları” , “Dərviş Parisi partladır”, “Tütək səsi” və s. filmləri aid etmək olar. “Qanlı Aşırım” kitabı nəşr ediləndə yazıçının 30 yaşı vardı. Bu əsər üzərində çəkilən “Axırıncı aşırım” filminin çəkilişlərində çox maraqlı idi. Çünki film real hadisələr və sənədlər üzərində çəkilirdi. Bu filmdən sonra sıxıntılar yaşayacağını bəlkə heç düşünməmişdi də...

Fərman Kərimzadənin yaradıcılığında əsas yeri tarixi əsərlər tutur.

Bu gün Fərman Kərimzadənin dünyadan köçdüyü o gündür. 1989-cu il 17 mart. Yazıçı 52 yaşında dünyadan köçür. Mart ayı ilə dünyaya gələn yazıçı özündən sonra böyük əsərlər qoyaraq, elə mart ayında dünyadan köçür...

Qızı Yeganə Kərimzadə müsahibələrinin birində atasının ölümü haqqında belə danışır: “Xəbər gəldi ki, halı pisdir, təzyiqi qalxıb. Buradan briqada getdi. Yaxın qohumlar, tanışlar getdilər. Biz elə düşündük ki, onun təzyiqi var. Hər zaman onun təzyiqi olurdu. Gözləyirdik ki, yaxşı xəbər gələcək. Bizə Yazıçılar İttifaqından zəng etdilər ki, bir şey lazımdırmı? Orada Lida xanım var idi, mənə dedi ki, “ Allah rəhmət eləsin”... Sonradan bildik ki, atam günorta saatlarında insultdan dünyasını dəyişib. Heç nə də danışa bilməyib. Amma ürəyimdə inanmırdım onun insultdan öldüyünə. Atamın heç bir xəstəliyi yox idi”...

“- Turac kimi başımızı dürtmüşük kola, elə bilirik ki, gizlənmişik.

- Abbasqulu bəy bizdə sirr qoymadı Kərbəlayi. Qarabağlarda bənd olmadılar, görürsən hara soxulublar, lap burnumuzun ucuna. Abbasqulu bəyin nazı ilə çox oynayırıq a, Kərbəlayi..

- Mən haqqı salamı tapdalaya bilmərəm Qəmlo.

- Bəs o necə tapdalamır, bəs niyə gəlir? Xeyir gətirir? Ay gətirdiya Kərbəlayi”....

Bu dialoq, Fərman Kərimzadənin ssenarisi əsasında çəkilmiş “Axırncı Aşırım” filmindəndir. Fərman Kərimzadə, bu filmdə əsl Azərbaycan kişsinin simasını canlandıra bilib. Bu filmə yəqin ki, baxmısınız. Yenidən baxın, bu dəfə Fərman Kərimzadənin gözündən...

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »