Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Barmaqlarına qurban olum, bir dənə muğamat çal”
“Barmaqlarına qurban olum, bir dənə muğamat çal”

“Mən öz musiqi taleyimdən çox razıyam. Ona görə razıyam ki, mən musiqini çox, amma çox sevirəm. Mən çalışmağı sevirəm”...

Belə deyirdi Azərbaycanda caz musiqinin banisi, muğamla cazı bir araya gətirməyi bacaran bəstəkar Vaqif Mustafazadə. O, 1940-ci ilin bu günündə, yəni martın 16-da Bakıda dünyaya gəlmişdi. Vaqifin anası Zivər Əliyeva, Azərbaycanın ilk qadın pianoçularından idi və Üzeyir Hacıbəyovun şagirdi olmuşdu.

1945-ci ildə müharibədən sonra Vaqifin valideynləri ayrılır və Vaqif anası ilə yaşayır. 1963-cü ildə Asəf Zeynallı adına musiqi texnikumunu bitirən Vaqif ,Bakı Musiqi Akademiyasına daxil olur və konsertləri ilə tanınmağa başlayır. Ancaq bir müddət sonra 1965-ci ildə Tiflisə köçərək orada yaşamağa davam edir. Vaqif, dünyanın cazmenlərini valeh edən istedada malik idi. 1968-ci ildə mədəniyyət naziri Rauf Hacıyevin təkidi ilə Bakıya qayıdır.

Vaqif fərqli idi. Dünyaya baxışı, musiqiləri və düşüncəsi onu tənqid hədəfinə çevirir. Bacarıqlı və istedadlı insanlar, bacarıqsız və əlindən heç nə gəlməyənlər tərəfindən həmişə tənqid eidlir. Elə Vaqif də belə insanların hədəfi olur. Gah saç üslubunu, gah bığını, özünəməxsus imicini tənqid edirlər. Ona narkoman deyənlər də olur. Hətta onun musiqilərini “muğama xəyanət” adlandıranlar da var idi. Qısası, cəmiyyət Vaqif yeniliyini qəbul etməkdə çətinlik çəkirdi. Haqqında deyilənlər, ona qarşı davranışlar Vaqifi çox incidirdi. Düşüncələri alt-üst olmuşdu. Musiqiləri qeyri-adi, ürək oxşayan olsa da, Vaqif ona qarşı olan haqsızlıqlara dözə bilmir və 29 yaşında infarkt keçirir. Buna baxmayaraq, güclü durmağa çalışır. Və “Muğam” adlı caz qrupunu yaradır.

Qızı Əzizə Mustafazadə, atasının yolunu davam etdirir. Hətta 1978-ci ildə 8 yaşlı Əzizə, Tiflisdə keçirilən festivalda onunla eyni səhnəni paylaşır. 1979-cu il Vaqif yaradılcılığın ən uğurlu pilləsi, Vaqif həyatının isə sonu olur. Böyük uğurlar əldə edən və əməkdar artist adına layiq görülən Vaqif, Daşkənddə konsertə dəvət alır. Ancaq konsertin anonsu verilmədiyi üçün konsertdə çox az sayda tamaşaçı olur. Vaqif bundan çox əsəbləşir, ona həkimlər icazə verməsə də səhnəyə çıxır və “Əzizəni gözləyirəm” musiqisini ifadə etdiyi zaman ürəyi tutur, dünyasını dəyişir. Vaqif Mustafazadə, Yasamal qəbirstanlığında dəfn edilir.

1989-cu ildə Vaqifin ev muzeyi yaradılır. İlk ilər muzeyin direktoru bəstəkarın anası Zivər xanım olur. Vaqif Mustafazadənin devizi “caz-muğam” idi. Bəli, bunu çoxu qəbul etmir və tənqid edirdi. Və heç kim də düşünmürdü ki, bu tənqidlər gənc bəstəkarı hər dəfə bir az yaralayır. Etiraf edək ki, sənətində uğurlar əldə etmiş insanlar hər zaman uğursuzların tənqid hədəfinə çevrilir.

Vaqifi, Vaqif yaradıcılığını sevməyənlərlə yanaşı sevənləri də az deyildi. Vaqif Mustafazadənin həyat və yaradıcılığını əks etdirən “Cazın Əfsanəsi- Vaqif Mustafazadə” adlı sənədli film də çəkilmişdi.

Bəstəkarın qızı Əzizə Mustafazadə, Azərbaycanın dünyada tanınan musiqiçilərindəndir. O, ilk dəfə səhnəyə də atası ilə çıxmışdı. Atası onu “Cazziza” adlandırardı...

“Barmaqlarına qurban olum, bir dənə muğamat çal” - Sibirin ucqar ərazisində konsert verən bəstəkara dinləyicilərindən biri belə demişdi. “Tənhalıq”, “Xatirələr,” Bakı gecələri”, “Düşüncələr” və s. musiqiləri ilə dinləyicilərinin könlünü fəth edən Vaqif Mustafazadə, indi həyatda olmasa da, bütün dünyada tanınır və bu gün də dinlənilir, unudulmur. Qızı Əzizənin yaradıcılığı da Vaqifi unudulmağa qoymur.

Vaqif sovet senzurasına dözə bilmədi, edilən haqsızlıqlara döz bilməyib, dünyadan köçdü. Amma əsərləri qaldı, onu yüzillər boyu bütün dünyada tanıdacaq, unudulmağa qoymayacaq. Ən böyük əsəri isə, “Cazın şahzadəsi” adlandırılan Əzizə Mustafazadədir. O, bu gün də öz yaradıcılığında atasının sərələrindən bhərlənir, atasının yaradıcılığıa işıq tutur. Əlbəttə, Vaqif Mustafazadənin qızı olmaq böyük şərəfdir. Azərbaycanda caz-muğam tandemini yaradan və dünyada tanıdan Mustafazadələrdir. Bunu artıq bu gün hər kəs qəbul edir...

İlahin, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi

Məqalə Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.8. Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Son xəbərlər
Bütün xəbərlər »