Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bakıda Moskva prospekti Mariupol adlandırılsın" - İcra Hakimiyyətinə müraciət
"Bakıda Moskva prospekti Mariupol adlandırılsın" - İcra Hakimiyyətinə müraciət

Azərbaycanda fəaliyyət göstərən “Demokratiya Naminə Ukraynaya Dəstək Platforması” Bakıdakı Moskva prospektinin adının dəyişdirilməsini istəyir. Təşkilatın prospekt üçün yeni ad təklifi də var.

Bizimyol.info xəbər verir ki, Demokratiya Naminə Ukraynaya Dəstək Platforması Bakıdakı Moskva prospektinin adının dəyişdirilməsi üçün Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova müraciət ünvanlayıb. Bu barədə platformanın üzvlərindən jurnalist Nailə Yaqublu məlumat verib.

Müraciətdə təklif olunur ki, Ukraynada baş verən son hadisələrlə əlaqədar Moskva prospektinin adı dəyişilsin və bundan sonra Mariupol prospekti adlandırılsın.

“Rusiya hərbi hava qüvvələri 400 mindən artıq insanın yaşadığı bu şəhəri gecə-gündüz bombardman etməkdədir. Artıq 2000 nəfərdən çox insanın həlak olduğu bildirilir. Bu insanların ölümünə səbəb olan fərman Moskva şəhərində imzalanıb. Uzun illər işğal acısı yaşamış və bu savaşda minlərlə vətəndaşını itirmiş Azərbaycanın paytaxtında Moskvanın adını daşıyan prospekt olmamalıdır”,- müraciət müəllifləri təklifi belə əsaslandırıb.

Sosial şəbəkələrdə müzakirə mövzusu olan bu təklif birmənalı qarşılanmayıb.

Hüquqşünas Tural Ağayev deyir ki, Mariupolun adının Bakıdakı prospektlərdən birinə verilməsi çox yaxşı olar. Amma məhz Moskva prospektinin adının Mariupolla əvəzlənməsi təklifi qəbuledilməzdir. Hüquqşünas vurğulayıb ki, “Rəsmi Moskva” ilə “Moskva” eyni anlayışlar deyil: “Moskva yalnız Putinin deyil, həm də Nemtsovun, hər gün müharibə əleyhinə aksiyalar keçirən minlərlə moskvalının, müharibəyə qarşı çıxsa da, sərt rejim şəraitində bunu dilə gətirə bilməyən onmilyonlarla rusun şəhəridir”.

Bakıda Moskva prospekti metronun “20 Yanvar” stansiyasının ətrafı, “”Şamaxinka” adlanan ərazini əhatə edir. Əvvəllər həmin prospektin adı Tbilisi idi. O zaman Moskva prospekti isə indiki Heydər Əliyev prospekti idi.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »