Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ölməz film və ya "bağışlanmaz ölüm"lə qırılan bir günlük xoşbəxtlik - Video
Ölməz film və ya "bağışlanmaz ölüm"lə qırılan bir günlük xoşbəxtlik - Video

Müharibədə ağır kontuziya alan Yusif geri qayıdanda sevdiyi qızın - Gülyanın başqası ilə ailə qurduğunu öyrənir. Müharibə bitən kimi, çıxış əmrini almadan, silahını atıb, sevdiyinə qovuşmaq üçün Bakıya qayıtmaq istəyəndə həbs edilir. Özü bilmirdi... Əmri gözləmək lazım imiş... Onu müharibə bitdikdən bir il sonra buraxırlar. Qayıdanda bütün dünyası alt-üst olur. Sevdiyi qız başqasının həyat yoldaşı, atası həbsdə dünyasını dəyişmiş Yusif özünə yer tapa bilmir. Ara-sıra müayinə gedir. Deyirlər güya vəziyyəti yaxşılaşır. Amma gözlərini yumub yuxuya gedən kimi o qəza gözü önündə canlanır. Avtomobil yanır, çevrili və Yusif hövlanak yuxudan ayılır...

Sevgilisinin başqası ilə ailə qurması kontuziya almış, buna görə işləyə də bilməyən Yusifi çıxılmaz vəziyyətdə qoyur...

Filmdə ürəyi titrədən bir məqam var - Yusif yağışın altında Gülyanın evinin pəncərəsi qarşısında durub, ona baxır. Gülya onun baxışlarını hiss edib, öğpəncərəyə yaxınlaşır. İki sevgilisi arasında bir şüşə və dağlar qədər məsafə var.

Yusif sevgisindən əl çəkmək istəmir, başqasının həyat yoldaşı olsa belə onunla yaşamaq, onunla ömür keçirmək istəyir. Qıza təklif edir ki, onunla Kislovodskiyə getsin.

Səsi, xarici görkəmi, xüsusi xarizması ilə Fəxrəddin Manafov fərqli bir aktyordur. Biz onu “Təhminə” filmindən Zaur obrazı ilə sevmişdik. Yusif obrazı Zaur qədər olmasa da, tamaşaçının sevgisini qazana bilir. Yusif atasının həbsdə ölməsinin səbəbini öyrənir. Səbəbkar, ömür boyu elə bu ailəyə yardım edən, Seyid Cəfər idi. Yusif SeyidCəfərdən istədiyi pulu alır...

Seyid Cəfərin bir sitatı var: “Ay oğul, sən başa düşmürən, bu dünyada bir pullular var, bir də pulsuzlar. Bu belədir, belə olub, belə də olacaq”.

Yusifə təsir edən digər bir məqam isə, Seyid Cəfərin qızı yaşlı bir qadınla sevgili olması idi. Muxtar Maniyev Seyid Cəfər obrazını o qədər ustalıqla yaratmışdı ki, filmə baxan tamaşaçı ona nifrət edə bilir...

Yusif dostu Eldarla Kislovodskiyə gəlir. Ev alır... Və Gülyaya sadəcə Kislovdskiyə gedəcək qatarın saatını və onu gözləcəyini deyir...

Filmdə Gülya ilə Yusifin dialoqu o qədər səmimidir ki, sanki filmə baxdıqca, o anları özün yaşayırsan.

- Yox, vallah heç mənim ağlım yoxdu. Hara gedirəm, kimnən gedirəm.

- Nədi, yoxsa peşman olmusan?

- Peşman olmusan da sözdü?! Heç bilmirəm sənin nəyivə allanmışam. Gözəlliyin yox, savadın yox, özün də xuliqan. Hələ üstəlik adam soymağın da varmış. Tapançan da var?

- Var.

- Doğrudan?

- Əlbəttə.

- Onu neynirsən?

- Lazım olar da.

- Ora çatan kimi tullayarsan.

- Baş üstə.

- Bir də sənnən öldürərəm, vuraram, kəsərəm eşitmiyim. Hər şey qurtardı. Bakıynan da qurtardıq, davaynan da. Eşitdin?

- Eşitdim.

- Sabah Kislovodskidən mənə morojna alarsan?

- Hə, alaram.

- Lap çox?

- Lap çox.

- Bərk qucaqla məni.

Yusiflə Gülyanın xoşbəxtliyi heç bir gün çəkmir. Bir neçə saat xoşbəxt ola bilirlər...

- Bura bax e, sonra, lap sonra məni qınamayacaqsan?

- Nəyə görə?

- Ərdə olmağımı, qoşulub qaçmağımı.

- Mənə qoşulub qaçmısan da... boşanacaqsan...

“Ölsəm bağışla” filminin ssenari müəllifi Rüstəm İbrahimbəyov, quruluşçu rejissoru Rasim Ocaqovdur... Fərqli filmdir, nakam bir sevgi əks olunub filmdə. Həm də filmdə hər şeyə rəğmən sevgisindən əl çəkməyən, qəbul edən, sevgisi üçün hər şeydən keçən Azərbaycan kişisi təsvir edilib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »