Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tovuzda Nərmin Quliyeva cinayətilə bağlı yeni müəmma: əmisi arvadı niyə yalan danışır?
Tovuzda Nərmin Quliyeva cinayətilə bağlı yeni müəmma: əmisi arvadı niyə yalan danışır?

Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın oğurlanması, ay yarım sonra yandırılmış meyitin tapılmasıyla bağlı məhkəmədə azyaşlının öz qohumları bir-birinə zidd ifadələr verir. Bu da hadisə ilə bağlı şübhələri daha da artırır.

Bizimyol.info xəbər verir ki, martın 9-da məhkəmədə Nərminin əmisi arvadı Nailə Quliyevanın dindirməsi zamanı ortaya çıxan ziddiyyətlər bu işlə bağlı açıq qalan sualların sayını bir qədər də artırıb.

Nərmin Quliyevanı oğurlayıb öldürməkdə, meyiti isə yandırmaqda ittiham olunan İlkin Süleymanovun işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılır.

Nailə Quliyevanın dindirməsi bir həftə öncə keçirilən ötən məhkəmə iclasından başlayıb. Dindirmə martın 9-da davam edib. Nailə Quliyeva hakimin sualına cavab verərkən bildirib ki, Süleymanovları kənddə normal ailə kimi tanıyıblar. Hətta İlkinin bacısı İlhamə Nərmin itkin düşməmişdən bir gün əvvəl – 20 noyabr 2019-cu ildə onun qızı Günayın toyunda da iştirak edib: “İlkin Nərminə, onun böyük bacısı Şəbnəmə oxumağa kitablar da verirdi”.

İlkin Süleymanovla Nərminin atası Şərif Quliyev Dondar Quşçu kənd məktəbində eyni sinifdə təhsil alıb.

Nailə Quliyeva ötən məhkəmə iclasında demişdi ki, Nərminin meyitini bibiləri yuyublar. Sonra cümləni dəyişib bildirmişdi ki, baldızları getmişdi, amma onların dəqiq meyiti yuyub-yumadığını bilmir. Bu dəfə isə bildirib ki, meyiti yaxınlarından heç kim yumayıb, morqdan elə bükülmüş vəziyyətdə hazır gəlib. Onun sözlərinə görə, baldızlarından belə eşidib.

Nərmin 2019-cu il noyabrın 21-də itkin düşməmişdən əvvəl Nailə Quliyevagilə gəlib, onun həyat yoldaşı Arifin gödəkçəsini gətirib: “Noyabrın 20-də qızımın toyu olmuşdu. Onda yoldaşım Arif gödəkçəsini qardaşı Şərifə vermişdi ki, əynində köhnə paltar olmasın. Şərifin gödəkçəsi isə bizimlə üz-üzə qonşuluqda yaşayan o biri qaynım Lətifgildə qalmışdı. Noyabrın 21-də Nərmin yoldaşımın gödəkçəsini gətirdi, heç dayanmadı, dedi ki, Lətif əmimgilə gedirəm, oradan atamın gödəkçəsini götürüb evə gedəcəm”.

Yaxınları iddia edir ki, Lətif Quliyevgildən çıxandan sonra uşaq itkin düşüb.

Nailə Quliyevanın dediyinə görə, həyat yoldaşının gödəkçəsini gətirəndə şəxsən özü Nərmini görüb. Hətta həmin gün geyindiyi paltarlar, ayaqqabısı, onun üstündəki bəzək də yadındadır. Nailə Quliyevanın sadaladığı paltarlar isə yandırılmış vəziyyətdə tapılan meyitin üstündə olub. Maraqlıdır ki, o həddə yanaraq, tanınmaz hala düşən meyitin üstündəki paltarlar, ayağındakı ayaqqabı yanmayıb.

Hətta vəkillər ondan soruşub ki, uşağın əynində olan paltarları nə əcəb dəqiqliklə yadda saxlayıb? O, izah edə bilməyib.

Lakin sonradan vəkillərin vəsatətilə Nailə Quliyevanın istintaq zamanı verdiyi ifadələr elan ediləndə tamam başqa mənzərə ortaya çıxıb. O, həmin ifadələrdə bildirib ki, Nərmin onlara gələndə başı yır-yığışa qarışıq olub. Çünki bir gün əvvəl toy eləmişdilər. Ona görə də Nərminin necə gəlib-getdiyini özü görməyib. Onun sözlərinə görə, Nərmini sonuncu dəfə noyabrın 20-də qızının toyunda görən olub.

Nailə Quliyevadan soruşulub ki, hansı məqsədlə istintaqda bir cür, məhkəmədə başqa cür ifadə verir? Hər iki halda da, o, ifadə verməmişdən öncə yalan danışmağa görə məsuliyyət daşıması haqda xəbərdar edilib. Bu ifadələr isə onu göstərir ki, onun ya istintaqda, ya da məhkəmədə dediyi yalandır.

O, istintaqdakı ifadələri oxumadan imzaladığını bildirib. Lakin vəkillər onun yadına salıb ki, ötən məhkəmə iclasında o, istintaq zamanı ifadəsini oxuyub imzaladığını demişdi.

“Mənim heç bir məqsədim yoxdur. Məqsədim Nərminin qatilinin tapılmasıdır”, - Nailə Quliyeva vəziyyətdən çıxmağa çalışıb.

Rəsmi sənədlərdə İlkin Süleymanovun 2020-ci il yanvarın 10-da tutulduğu göstərilib. Lakin o bildirib ki, yanvarın 6-da tutulub və 4 gün Tovuz rayon Polis Şöbəsində işgəncəyə məruz qalıb. 4 gün sonra işgəncəyə dözməyib etiraf ifadəsinə imza atandan sonra onun saxlanmasını rəsmiləşdiriblər.

Nailə Quliyeva da onun yanvarın 10-dan əvvəl tutulduğunu təsdiqləyib: “Yanvarın 9-da İlkinin bacısı İlhamə gəlmişdi, deyirdi ki, “qardaşım günahsızdır, buraxdırın onu”.

Nailə Quliyeva dindiriləndə o da məlum olub ki, hələ istintaq getdiyi dövrdə cinayət işinə aid materialları hüquq-mühafizə orqanlarının əməkdaşları yayıblar.

“Müharibə başlamamışdan təxminən 10-15 gün əvvəl dörd maşında çoxlu adam gəlmişdi. Qaynımgildə onun kiçik oğlu Ayxanı, bizi dindirdilər. Onda Milli Təhlükəsizliyin işçiləri mənə və yoldaşıma İlkinin telefonundan çıxan videonu göstərdi. Videoda od-alov vardı. O vaxta qədər məndə İlkinin bu işi görməsi ilə bağlı tərəddüd vardı. Amma o videonu görəndən sonra əmin oldum. Meyitin yanmasını videoya çəkmişdi, onu göstərdilər”.

O əlavə edib ki, Bakıdan gələn və onları sorğu-sual edib videonu da göstərənlər mülki formada olublar.

Həmin video meyit yanarkən çəkilib. İlkin Süleymanov bildirib ki, küçəyə çıxanda evlərinin yanında meyitin yandığını görüb, ətrafdakılara da xəbər verib. Özü də hüquqşünas olduğuna görə istintaqa lazım ola biləcəyini nəzərə alaraq, prosesi telefonla çəkib ki, hüquq-mühafizə orqanlarına təqdim etsin. Həmin vaxt o meyitin kimə məxsus olduğunu da bilməyib.

Vəkillər bildirib ki, sözügedən çəkiliş aparılanda hadisə yerində İlkin Süleymanovdan başqa adamlar da olub.

Müdafiəçilər bildirib ki, istintaq gedə-gedə istintaq sirri sayılan materialların yayılması ciddi qanun pozuntusudur. Onlar bu məsələnin araşdırılmasını istəyiblər: “Bizi xəbərdar edirlər ki, istintaq sirri yayılmasın, özləri yayırlar”.

Nərmin Quliyevanın oğurlanıb öldürülməsiylə bağlı məhkəmə prosesi martın 16-da davam edəcək.

Təqsirləndirilən İlkin Süleymanovun qardaşı Adil Süleymanov videonu yayan məsul şəxslərin müəyyənləşdirilib cəzalandırılması üçün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Əli Nağıyevə müraciət edib: “Düzü, mən bu işi DTX əməkdaşlarının elədiyini düşünmürəm. Amma Nailə Quliyeva “Milli Təhlükəsizliyin əməkdaşları” ifadəsini işlətdiyinə görə Əli Nağıyev cənablarına müraciət edirəm. Xahiş edirəm, bu məsələ araşdırılsın, bu qanun pozuntusuna yol verən, İlkin haqqında mənfi rəy formalaşdırmağa çalışanlar kimlər olub, müəyyənləşdirilsin”.

Adil Süleymanov eyni zamanda, Nailə Quliyevanın da yalan ifadəyə görə cinayət məsuliyyətinə cəlb olunmasının vacib olduğunu bildirib: “O, məqsədli şəkildə yalan danışır. Buna görə ya məsuliyyətə cəlb olunmalıdır, ya da həqiqəti açıb deməlidir ki, onu kimlər öyrədir, niyə yalan danışır...”

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »