Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Məsələn, “Xıdır Nəbi” bayramı desəm, çox adam bunu bilməyəcək"
"Məsələn, “Xıdır Nəbi” bayramı desəm, çox adam bunu bilməyəcək"

Hər bir milləti tanıdan və onu digər xalqlardan fərqləndirən önəmli xüsusiyyətlərindən biri onun adət və ənənələridir. Bayram adət-ənənələri, toy, yas mərasimləri və s. hər bir xalqın milli-mənəvi simasının aynası hesab edilir. Lakin son illərdə nədənsə, bir çox adət-ənənələrimiz unudulmağa doğru gedir, dəyişdirilir və s.

Tarixçi, professor Kərəm Məmmədov məsələ ilə bağlı Bizimyol.info saytına açıqlaması zamanı bildirib ki, bizim unudulmuş və adı dəyişdirilmiş xeyli bayramlarımız var.

Kərəm Məmmədov Kərəm Məmmədov

“Hansı ki, bu bayramlar illər öncədən gəlir. Məsələn, “Xıdır Nəbi” bayramı desəm, çox adam bunu bilməyəcək. Bu bayram ən gözəl bayramlardan biri olub. Bu bayram indinin özündə də Borçalıda qeyd olunur. Adındanda göründüyü kimi bu bayram təmiz türk bayramıdır. O vaxt nənələrimiz deyərdi ki, Xıdır Nəbi günü yerə nəfəs verilir, torpaq isinir. Bu, illərlə sınanılmış bir şeydir. Həmin gün qurban kəsilər, qovud üyüdülərdi. Ovudu üyüdüb pəncərənin qarşısına qoyardılar. Növbəti gün bu qovud at nalı, qamçı formasında bir şey olardısa, deyərdilər ki, “Xıdır Nəbi gəlib” və bir qurban da kəsərdilər. Həmin qovud qoyulan sininin kənarında isə ailədəki adamların sayı qədər şam yandırardılar. Daha sonra isə həmin qovudu yeyərdilər”.

Kərəm Məmmədovun sözlərinə görə, bizim qədim “Ulus bayramı” indi dönüb “Novruz” olub: “Bu bayramın adı nə fars dilindədi, nə də Türk dilində. Çünki fars dilində olsa “Ruzi Nou” olmalıdır. Bu bayramın personajlarına gəldikdə isə onu deyə bilərəm ki, Keçəl və Kosa obrazlarının özünün mənası, anlamı var. Məsələn, “Keçəl” o anlama gəlir ki, qışda hər tərəf onun başı kimi ağ olur. Yəni, ot, əkin-biçin olmur. Lakin indiki zamanda bu obrazları təlxək kimi nümayiş etdirirlər. Bunlar əslində normal personajlardır. Biz isə şitini çıxardırıq. “Yeddi oğul istərəm” filminə fikir versəniz görərsiniz ki, bu obrazlar necə mərifətlə nümayiş olunub. Bizim televiziyalar isə bu obrazları bərbad hala salıb. Heç onu çəkənlər özləri nə çəkdiklərini, niyə çəkdirdiklərini başa düşmürlər”.

Tarixçi alimin sözlərinə görə, televiziyalardakı şit-şit verilişlərin əvəzinə keçmiş, unudulmuş bayramlarımızı, xalq yaradıcılığını təbliğ edən verilişlər olmalıdır: “Məsələn, mən görməmişəm ki, tariximizlə bağlı veriliş hazırlansın. Əvvəllər AZTV-də 1 saatlıq “Azərbvaycan Tarixi” verilişi vardı. Lakin çoxdandır onu da görmürük. Televiziyalar buna səbəb kimi göstərirlər ki, bu tip verilişlərin reytinqi aşağı olur və ya baxılmır. Yəni, belə çıxır ki, bizim millət keçmişinə bu qədər maraqsızdır? Mən bu fikirlə razı deyiləm. Neçə il online tv kanallarından tarixlə bağlı verilişlər aparmışam. O verilişlərin baxış sayı, paylaşılması kifayət qədər çox idi. Mən deməzdim ki, bizim xalqın intellekt səviyyəsi o qədər aşağıdır. Sadəcə verilişləri yaxşı təşkil edilmir ki, camaatda maraq oyansın. Sonra da xalqı günahkar bilirik.

Misal kimi bir nümunə gətirmək istəyirəm. Deməli, o vaxt Midiya üzərinə hücum etmək istəyirlər. Soruşurlar ki, midiyalılar nə işlə məşğuldur? Vəzir isə deyir ki, “şah sağ olsun. Midiyalılar deyib, gülməklə məşğuldur”. Şah isə bunu eşidib, “onda onları tutmağa nə var” deyir”.

Kərəm Məmmədov sonda vurğulayıb ki, insanı formalaşdıran üç mərhələ var. Bunlar isə ailə, məktəb və ictimaiyyətdir: “Bizdə uşaq məktəbdən gəlir baxır ki, ana evdə “manıs”lara baxır. Küçəyə çıxır görür ki, “manıs” neçə yüz minlik maşında, müəllim isə boynunda qalstuk avtobusda gəzir. İndi deyin görüm, bunu görən uşaq hansı peşəyə meyl edər? Biz demirik “manıs”lar qazanmasın. Təki xalqın pulu o qədər çox olsun ki, onlara da xərcləsin. Amma biraz da mənəviyyata xərclənməlidir axı. Mən bütün müğənniləri nəzərdə tutmuram. Bizim yetər sayda səviyyəli sənətkarlarımız var və heç bizim onlara “manıs” deməyə dilimiz də gəlməz. Sadəcə dediyim odur ki, bizim təbliğat üsulumuz zəif və səhvdir”.

Leyla Mirzə, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi

Məqalə Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.8. Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və

mədəniyyətinin təbliği

Son xəbərlər
Bütün xəbərlər »