Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Polisin səhlənkarlığı insan həyatlarına son qoyur - Nə vaxta qədər?..
Polisin səhlənkarlığı insan həyatlarına son qoyur - Nə vaxta qədər?..

Ötən günlərdə ölkə gündəmi Nizami rayonunda ana və iki övladının vəhşicəsinə öldürülməsi ilə silkələndi. Qonşuların KİV-ə verdiyi açıqlamalardan hiss olunur ki, hüquq mühafizə orqanları əməkdaşları bütün məişət zorakılığı hallarında olduğu kimi bu dəfə də məsələyə biganəliklə yanaşıb. Qonşular tərəfindən çağırılan polis əməkdaşları qapı arxasında hədə-qorxu gücünə, zorla danışmağa məcbur edilən uşağın sözünə inanaraq ünvandan ayrılıb və qonşuları da uzaqlaşdırmağa çalışıb. İttiham etmirik, amma bu laqeydliyin nəticəsində iki azyaşlı uşaq qatilin qurbanı oldu.

Daxili İşlər Nazirliyinin məlumatına görə, polis əməkdaşlarının səhlənkarlığı ilə bağlı araşdırmaya başlanılıb. Yəni əgər polisin işində biganəlik və ya fəaliyyətsizlik halı aşkarlanarsa, cəzalandırılacaq. Cəzalandırılma nəyi dəyişəcək ki?

Daha əvvəl də qeyd etdiyimiz kimi, ölkədə hüquq mühafizə orqanlarının əməkdaşları ailədaxili münaqişələr, məişət zorakılığına “olmalıdır” prinsipi ilə yanaşır. Görünən odur ki, Azərbaycan ailə dəyərlərinin tərkibində ailələrədə qadın və uşaqların döyülməsi də yer alır. Ya da bizim hüquq mühafizə orqanlarının əməkdaşları hələ də stereotiplərlə işə yanaşırlar. “Qadındır, əri döyər də, sevər də”, “Uşaqdır, dərsini oxumayıb, döyülə bilər” - yəni bu düşüncələr artıq yazılmamış qayda kimi qəbul edilib.

Mehriban Zeynalova Mehriban Zeynalova

Qadın hüquq müdafiəçisi Mehriban Zeynalova deyir ki, bu kimi halların qarşısının alınması üçün qanun təkmilləşdirilməlidir. Ancaq xatırladaq ki, qanunda “məişət zorakılığı varsa, polis müdaxilə etməməlidir” deyə bir anlayış, bir qayda yoxdur.

Ötən il ölkədə 70-dən çox qadın məhz yaxınları atası-qardaşı, qayınatası, həyat yoldaşı, sevgilisi tərəfindən öldürülüb. Bu ilin yeni başlamasına baxmayaraq artıq 7-dən çox qadın qətlə yetirilib.

  • Həqiqətən çox maraqlıdır, nəyi gözləyirsiniz?
  • Niyə qanunverici orqan bu məsələyə göz yumur?
  • Yoxsa Azərbaycanda qadın və uşaqlar ikinci dərəcəli "qəbul" olunduğu üçün onların döyülməsi, zorakılığa məruz qalması və öldürülməsi probleminə diqqətin ayrılması da ikinci dərəcəli məsələdir?

Sizin laqeydliyiniz, aramızda olan qatillərin əl-qolunu açır. Onlar da bu vəziyyətin nəticəsizliyindən rahatlıq tapır, “onsuz da önəm verilmir, gedib bir neçə il yatıb çıxacam” deyərək bu dəhşətli əməllərini həyata keçirirlər. Siz isə...

Yadınızdadırsa, ötən il Nizami rayonu polis idarəsində polis əməkdaşı öz həyat yoldaşını xidməti silahı ilə bir neçə dəfə atəş açaraq qətlə yetirmişdi. Haqqında danışdığımız, vəhşicəsinə törədilmiş yeni cinayət də Nizami rayonu ərazisindəndir...

Xüsusi qeyd: Zorakılığa məruz qalanlar və ya çevrəsində zorakılığa məruz qalan şəxslər, dəstək almaq üçün müraciət edəcəkləri bütün xidmətlərin əlaqə nömrələrini BU LİNKdən əldə edə bilərlər.

İlahin, Bizimyol.info

Bu yazı "Bizim Yol" MMC - Bizimyol.info xəbər portalı tərəfindən gender əsaslı zorakılığın mediada işıqlandırılması məqsədilə "DAYAN və DƏYİŞ" Layihəsi çərçivəsində hazırlanıb.

Son xəbərlər
Bütün xəbərlər »