Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sığorta ilə hansı tibb müəssisələrindən hansı xidmətləri ala bilərsiniz
Sığorta ilə hansı tibb müəssisələrindən hansı xidmətləri ala bilərsiniz

İcbari Tibbi Sığorta... Son zamanlar bu barədə tez-tez eşidirik. Hətta əksər vətəndaşlar bu xidmət sayəsində digər tibbi xidmətlərin pulsuz olduğunu düşünür.

Bəs vətəndaşlar pulsuz hansı tibbi xidmətlərdən yararlana bilərlər? Bunun üçün hara müraciət etmək lazımdır?

Bu suallarla bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Bizimyol.info saytının sorğusuna cavab olaraq bildirilib ki, vətəndaşlar icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən yararlanmaq üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan istənilən dövlət tibb müəssisəsinə müraciət edə bilər. Vətəndaşlara icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan 2550 sayda tibbi xidmət göstərilir:

  • Təcili və təxirəsalınmaz tibbi yardım (o cümlədən ambulans xidməti);
  • İlkin səhiyyə (ailə həkimi) xidməti;
  • Ambulator şəraitdə müayinə və müalicə;
  • Stasionar müalicə;
  • Funksional-diaqnostik müayinələr (USM, KT, MRT və s.);
  • Fizioterapevtik xidmətlər;
  • Laborator müayinələr;
  • Hamiləlik və doğuş xidməti;
  • Təcili vaksinasiyalar (quduzluq, tetanus, ilan zəhəri əleyhinə və s.);
  • Uşaqların peyvənd təqvimi əsasında planlı vaksinasiya;
  • Cərrahi əməliyyatlar (o cümlədən dəyəri yüksək olan həyati vacib açıq və qapalı ürək-damar əməliyyatları, koxlear implantasiya və s.);
  • Müxtəlif xəstəliklər üzrə ciddi dispanser müşahidə.

Qeyd edilib ki, vətəndaşlar yaşadıqları ərazidən asılı olmayaraq, TƏBİB-in tabeliyində olan istənilən dövlət tibb müəssisəsinə ambulator yardım üçün göndəriş vərəqəsi olmadan müraciət edə bilərlər. Yəni vətəndaşlar yaşadıqları və ya qeydiyyatda olduqları ərazidən asılı olmayaraq ixtisaslaşdırılmış ambulator tibbi yardım üçün göndəriş olmadan həm yaşadığı ərazi üzrə, həm də digər şəhər və rayonlarda istənilən dövlət tibb müəssisəsinə müraciət edə bilərlər.

“Dövlət tibb müəssisələrində stasionar şəraitdə göstərilən tibbi xidmətlər üçün göndəriş vərəqəsinin verilməsi tələb olunur. Bunun üçün vətəndaş ailə həkimi (sahə həkimi-terapevti, sahə həkimi-pediatrı) və ya ixtisaslı həkim (müalicə həkimi) tərəfindən göndəriş vərəqəsi almalıdır”,- deyə məlumatda bildirilib. Bundan sonra TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində müvafiq xidmətin göstərilməsi mümkün olmadığı təqdirdə 34 müqaviləli tibb müəssisəsindən birinə göndəriş verilir. Vətəndaş verilən göndəriş vərəqəsi əsasında müqaviləli tibb müəssisəsinə müraciət etdikdə Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən ödənişsiz yararlanır. Bu halda müvafiq tibbi xidmətin dəyəri müqaviləli tibb müəssisəsinə Agentlik tərəfindən ödənilir. Vətəndaş TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisəsi tərəfindən göndəriş vərəqəsi almadan birbaşa müqaviləli tibb müəssisəsinə müraciət edərsə, tibbi xidmətin dəyərini tam həcmdə öz vəsaiti hesabına ödəməlidir.

Xatırladaq ki, ötən il (yanvar-dekabr) bütün ölkə üzrə 4 053 636 şəxs tibb müəssisələrinə müraciət edib və onlara 10 348 289 müraciət üzrə 22 954 649 tibbi xidmət göstərilib. Bu xidmətlərdən 17 675 080-i (77%) 18 yaşdan yuxarı, 5 279 569-u (23%) isə 18 yaşdan aşağı şəxslərə göstərilib.

2021-ci ilin yanvar-noyabr ayları ərzində isə ölkə üzrə 19 156 nəfər müvafiq göndərişə əsasən dövlət tibb müəssisələrində aparılması mümkün olmayan, habelə xüsusi tibbi təchizat və təminat tələb edən əməliyyat və xidmətlərlə bağlı müqaviləli tibb müəssisələrinə yönləndirilmişdir ki, bu şəxslərin 541 nəfərini uşaqlar təşkil etmişdir. Belə ki, 18 yaşdan yuxarı 7 153 nəfərə invaziv radiologiya (angioqrafiya) üzrə xidmətlər göstərilib. Həmçinin ürək və damar cərrahiyyəsi/kardiologiya üzrə 5 700, oftalmologiya üzrə 3 277, urologiya üzrə 1 356, nevrologiya/neyrocərrahiyyə üzrə 726, travmatologiya üzrə 425, LOR üzrə 228, digər sahələr üzrə 175, ümumi cərrahiyə üzrə 81, ginekologiya və doğuş üzrə 35 nəfər əməliyyat olunub.

Qeyd edək ki, ürək və damar cərrahiyyəsi üzrə əməliyyat keçirən pasiyentlərdən 249 nəfər 18 yaşdan aşağı şəxslərdir. Nəzərə çatdırırıq ki, vətəndaşlara verilmiş göndərişlər əsasında müqaviləli tibb müəssisələri tərəfindən tibbi xidmətlərin göstərilməsi və onların elektron reyestrdə qeydiyyatı davam edir.

Bəs cəzaçəkmə müəssisələrində və ya qocalar evində, internat evlərində yaşayan vətəndaşlara icbari tibbi sığorta aiddirmi?

Agentlikdən bu suala cavab olaraq bildirilib ki, icbari tibbi sığorta həbs edilmiş şəxslərə, müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxslərə (məntəqə tipli cəzaçəkmə müəssisələri istisna olmaqla) şamil edilmir. Qocalar evi, internat və uşaqlar evində olan şəxslər məsul şəxsin müşayiəti ilə qeyd edilən tibb müəssisələrinə müraciət edərək icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən yararlana bilərlər.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »