Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropada peyvənd əleyhdarları daha sərt addımlara hazırlaşır
Avropada peyvənd əleyhdarları daha sərt addımlara hazırlaşır

Avropada üç ölkə karantin rejimindən tam imtina edib. Danimarka və İsveçin ardınca Norveç də məhdudiyyətləri aradan qaldırmaq qərarı verib. Şimal dövlətləri əvvəlki həyata qayıtmaqla bağlı cəsarətli addım atıb.

Bizimyol.info xəbər verir ki, Avropa ölkələrindən Böyük Britaniya, Fransa və Avstriya da bu yolu gedir. Tezliklə qitənin əksər hissəsində karantin rejimi ilə vidalaşacaqlar. Amma peyvənd təbliğatı da dayanmayıb. Bu isə ciddi narazılıqlara səbəb olur.

Qərb ölkələrində yük avtomobilləri sürücülərinin təşəbbüsü ilə “Azadlıq konvoyu” hərəkatı yaranıb. Etiraz dalğası Kanadada başlayıb. Şimali Amerika ölkəsində sürücülər paytaxt Ottavanı az qala ələ keçirib, Baş Nazir Castin Trüdonun istefası tələb olunur. Konvoy hərəkatı Yeni Zelandiya və Fransada da ciddi səs-küy yaradıb. Vellinqtonda etirazçılar parlamentə gedən yolu bağlamışdı. Parisdə isə peyvənd əleyhdarları paytaxtın mərkəzini ələ keçirməyə çalışıb. Polis çox sərt davranıb. 97 etirazçı həbs olunub. Ümumilikdə 513 protokol tərtib olunub.

Etirazçılar paytaxta 6 istiqamətdən yürüşə başlamışdı. 3 minə qədər avtomobil Yelisey çöllərinə doğru üz tutmuşdu. Polisin sərt davranışı etirazçıları bir az da qəzəbləndirib. Onlar dayanmaq fikrində deyil. “Azadlıq kolonnası” bu dəfə Brüsseli hədəf seçib. Etirazçıların 1300 avtomobili gecəni Lill şəhəri yaxınlığındakı Faş-Tümenil adlanan yerdə supermarketin parklama meydançasında keçirib. Buradan Belçika ilə sərhədə çox deyil. Etirazçılar Brüsseldə səsini Avropa İttifaqının rəhbərliyinə çatdırmaqda israrlıdır.

Etirazçılardan Antuan deyir ki, əslində, məqsəd məhz peyvəndlənmənin qarşısını almaq deyil: “Şəxsən mən üç dəfə peyvənd olunmuşam. Sadəcə, bu proses ciddi sosial sıxıntılar yaradır. İnsanların azadlığı əlindən alınıb. Biz buna qarşı çıxırıq”.

“Azadlıq kolonna”sının üzvlərindən Sandrin Avropa institutlarını bir-bir gəzməyi düşündüklərinin bildirir. Onun fikrincə, hadisələr uzun müddət belə davam edə bilməz.

Belçika hökuməti etirazçıları sakitləşdirməyə çalışır. Rəsmi Brüssel istənilən halda aksiyanın qarşısını alacağını açıqlayıb.

Xatırladaq ki, az əvvəl Almaniyada peyvənd istehsal edən şirkətiin özü etiraf etmişdi ki, onların məhsulu hazırkı ştamma qarşı effektli deyil və uyğunlaşdırmaq üçün işləyirlər. Amma buna baxmayaraq nədənsə hökumətlər peyvəndləmədə maraqlı görünürlər.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »