Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Seçki Məcəlləsinə 55 dəyişiklik edildi
Əli Hüseynli: «Seçkilərdə namizədlər üçün pulsuz efir vaxtı qüvvədə qalır”

Milli Məclisin plenar iclasında Seçki Məcəlləsinə dəyişiklik müzakirəyə çıxarılıb.Layihə barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, ümumilikdə məcəlləyə 55 dəyişiklik təklif edilib.

O qeyd edib ki, dəyişikliklərin bir qismi son referendumda Konstitusiyaya edilən dəyişikliklərlə əlaqədardır. Komitə sədri eyni zamanda bildirib ki, məcəllədə 162, 164, 195 və 197-ci maddələrin ləğv edilməsi pulsuz efir vaxtının ləğv edilməsi demək deyil: “Seçkilərdə namizədlər üçün pulsuz efir vaxtı qüvvədə qalır”.

Əli Hüseynli Seçki Məcəlləsinə təklif olunan dəyişikliklərdə etik davranış qaydasını kobud pozmasına və səsvermə hüququnu başqasına verməsinə görə deputatın mandatının ləğv olunması səlahiyyətinin Mərkəzi Seçki Komissiyasına verilməsini də şərh edib. Onun sözlərinə görə, artıq Konstitusiyanın müvafiq 89-cu maddəsində MSK-nın bu kimi funksiyası var. “Məsələn 89-cu maddənin 4-cü bəndində deputat fəaliyyəti ilə bir araya sığmayan hərəkətlərə yol verildikdə mandatdan məhrum etmə funksiyası MSK-ya aiddir. Ona görə də müvafiq olaraq Konstitusiyanın 6-ci və 7-ci maddələrindəki hallarda da - deputatın etik davranış qaydalarını kobud şəkildə pozması və səsvermə hüququnu başqasına verməsi hallarında da MSK-nın mandatdan məhrum etmə funksiyası olacaq”.

Komitə sədri onu da bildirib ki, deputatın mandatdan məhrum edilməsi barədə qərar qəbul olunubsa, ancaq qərar qüvvəyə minməyibsə, həmin dairədə seçki elan oluna bilməz.

Qeyd edək ki, layihəyə əsasən Seçki Məcəlləsinin 175-ci (Milli Məclisin deputatının mandatdan məhrum edilməsi haqqında qərarın qəbul edilməsi) maddəsinə əlavələr təklif edilir. Maddənin 3-cü bəndində bildirilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 2, 4 və 5-ci bəndləri ilə yanaşı, 6-cı və 7-ci bəndlərində də göstərilən əsaslar olduqda, deputatın mandatdan məhrum edilməsi haqqında qərar Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən qəbul ediləcək. Deputat MSK-nın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.

Konstitusiyanın 89-cu maddəsinin 6-cı və 7-ci bəndi müvafiq olaraq aşağıdakı kimidir:

6-cı bənd: deputat Konstitusiyanın 93-cü maddəsinin III hissəsinin tələbini (Azərbaycan Respublikası Milli Məclisinin deputatları səsvermə hüququnu şəxsən həyata keçirirlər) pozduqda;

7-ci bənd: deputat üçün qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozduqda.

Dəyişiklik layihəsinin müzakirəsi zamanı deputat Siyavuş Novruzov deyib ki, Seçki Məcəlləsinin 179-cu (növbədənkənar prezident seçkilərinin keçirilməsi) maddəsində edilən dəyişiklik bəzi media orqanları tərəfindən yanlış təqdim edilib. O bildirib ki, ölkədə növbədənkənar seçkilərin keçirilmə müddəti Konstitusiya ilə tənzimlənir.

“Bunun üçün 60 gün müəyyən edilib. Bu müddət ərzində seçki keçirilməlidir. Məcəlləyə edilən dəyişiklik texniki xarakterlidi. Mətbuat orqanları bunu yanlış yazır. Bəziləri də deyir, gələn ilin martında növbədənkənar seçkilər keçirilir. Bunlar hamısı təxribatdır. Konstitusiya oxumaq lazımdır. Buna düzgün yanaşılmalıdır. Heç kəs prezidentin səlahiyyət müddətini azaltmağa hüququ yoxdur”.

Deputat Vahid Əhmədov Milli Məclisin İntizam Komissiyasının tərkibində dəyişiklik edilməsini təklif edib. “Seçki Məcəlləsinə edilən dəyişikliyə görə, Milli Məclisinin deputatının qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə və səsvermə hüququnun şəxsən həyata keçirilməsi qaydasını pozduqda mandatdan məhrum edilməsi qaydasına İntizam Komissiyası baxacaq və müəyyən qərar qəbul edəcək. Daha sonra isə Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edəcək. Yəni bizim taleyimiz faktiki olaraq öz əlimizdədir. Təklif edərdim ki Milli Məclisin İntizam Komissiyasının tərkibində dəyişikliklər edilsin. Komissiyanın tərkibi genişləndirilsin. Komissiyanın tərkibinə pis qəbul edilməsin, ləyaqətli insanlar cəlb olunsun. Çünki onlar deputat yoldaşlarımızın taleyini həll edəcəklər”.

Seçki Məcəlləsinə dəyişikliklə bağlı qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq qəbul edilib.

Rəşad VAQİFOĞLU

Son xəbərlər
Bütün xəbərlər »