Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məmurlar xaricdə müalicə alırsa, öz həkimlərimizə necə etibar edək?
Məmurlar xaricdə müalicə alırsa, öz həkimlərimizə necə etibar edək?

“Başım ağrıyır, əllərim qaşınır. Bu şiş nədən yarandı? Ürək bulanmasına səbəb nə ola bilər?” və s. və ilaxır. Çox insan səhhətində yaranan problemlərlə bağlı həkimə deyil, birbaşa internetə və ya TV proqramlarına müraciət edir. Adi baş ağrısını ağır səbəblərlə əlaqələndirib psixoloji sarsıntı keçirənlər və ya özünü internetlə müalicə edib vəziyyəti ağırlaşanlar sıralarımızda kifayət qədərdir. İnsanlar həkimə inanmır... Həkim Azərbaycan insanının ən son, Əzrayılla salamlaşmamışdan öncə görə biləcəyi son insan olur.

Psixoloq Rəvanə Quliyeva Bizimyol.info saytına müsahibəsində deyir ki, buna səbəb əksər həkimlərin xəstələrlə düzgün davranışının olmaması, xəstəyə “gəzən pul” kimi baxmasıdır. Bu hamıya şamil olunmasa da, həkimlərin bəziləri "Hippokrat andı"nı unudub, öz məqsədlərinə görə, xəstələrlə istədikləri kimi davranırlar.

“Azərbaycanda kimsə xəstələndiyi zaman ən ağır vəziyyətdə başlayır internetdə yaxşı həkim axtarmağa. Bunu daha çox sosial şəbəkələrdə edirlər. Məsələn, “kim yaxşı ürək həkimi tanıyır” sualına cavablarda heç də bu gün Azərbaycanın ən yaxşı ürək həkimi kimi tanınanların adı çəkilmir. Bu, digər xəstəliklər üzrə ölkədə tanınmış həkimlərə də aiddir. Və yaxud TV-lərdə tibb proqramlarında reklam edilən həkimlərə çox az sayda insan inanır. Bəzi həkimlər isə “müştəri”-xəstə yığmaq üçün belə proqrama və sosial şəbəkələrə üstünlük verirlər. Ancaq gördüyü işlə ad-san qazanan, xəstələrlə davranışı ilə insanlar tərəfindən sevilən, dəyər verilən həkimlərin sayı çox azdır”.

Psixoloq qeyd edir ki, sıravi azərbaycanlının Azərbaycan həkiminə güvənməməyinin digər səbəbi isə yüksək vəzifəli şəxslərin, məmurların müalicə üçün xarici ölkələrə üz tutmasıdır.

“Sıravi azərbaycanlı düşünür ki, bu gün səhiyyə naziri müalicə üçün Türkiyə və İsraili seçirsə, deməli, rəhbərlik etdiyi sahəyə və həkimlərə inanmır. Və yaxud digər məmurlar, ölməmək üçün, daha yaxşı müalicə üçün xaricə üz tuturlar”,- deyə psixoloq bildirib.

R.Quliyevanın fikrincə, sıravi azərbaycanlının Azərbaycan həkiminə inanmamasının digər səbəbi TV proqramlarıdır. İnsan psixologiyasına görə, həkim özünü reklam etməməlidir. Çünki onun sahəsi birbaşa insan sağlamlığı ilə əlaqəlidir. İnsan həyatı üzərində işi olan bir şəxs işini reklam etməməlidir.

“Digər tərəfdən reklam edilən həkimlərin müalicə etdiyi xəstələrin dünyasını dəyişməsi ilə bağlıdır. Məsələn, əvvəllər TV-lər bir estetik cərrahı reklam edirdilər. Sonra o cərrahın ənəliyyat etdiyi xəstələrin çoxunun elə əməliyyat zamanı həyatını itirdiyi aşkar edildi. Ancaq maraqlısı budur ki, həmin adam cəzasız qaldı. Bu kimi hallar da insanlarda həkimlərə qarşı inamı öldürür”,- deyən psixoloq bildirir ki, heç internet üzərində xəstəliklər haqqında yazılan məlumatlara da inanmaq olmaz.

Həkimə inanma, internetə inanma... Bəs xəstələr nə etməlidir?

Psixoloq bildirir ki, reklam edilməyən, dost-tanış tərəfindən bəyənilən həkimlərə etibar etmək daha məqsədəuyğundur. Yəni bu gün sosial şəbəkə istifadəçiləri hər hansı bir xəstəlik zamanı sosial şəbəkələrdə “yaxşı həkim tanıyırsınıznı?” sualını verirsə, bu ən düzgün seçimdir. Çünki insanlar təcrübələri əsasında bu suala cavab verirlər...

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »