Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bir qadını həyat yoldaşı baltalayırsa, hüquq müdafiəçisini rəsmi qurumlar eşitmirsə...
Bir qadını həyat yoldaşı baltalayırsa, hüquq müdafiəçisini rəsmi qurumlar eşitmirsə...

Qadın cinayətləri, qadınlara qarşı zorakılıq, qadınların döyülməsi, qadınların şantaj edilməsi, qadın intiharları, qadınlara qarşı zorakılıq… Sanki zərif cinsə qatil kəsilmisiniz… İlin ilk ayının ortasındayıq. Ayın ilk 10 günündə bildiyimiz və rəsmi olaraq qeydə alınan qadına qarşı 4 zorakılıq hadisəsi baş verib. Bilmədiklərimizi deyə bilmirik, bəlkə də onlarladır. Amma hər qadın dilə gətirib deyə bilmir, hər qadının əli müvafiq qurumlara çatmır, hər qadın bu qədər cəsarətli ola bilmir. Bəli, cəsarətli. Ölümü ilə də cəsarətlidir qadınlar…

Bir neçə gün öncə bütün media Əhmədlidə öldürülən Nahidə Həsənovadan danışırdı. 1991-ci il təvəllüdlü qadın, əvvəlcə bıçaqlanmış, sonra baltaya ilə doğranılmışdı. Həm də həyat yoldaşı tərəfindən. Qızın şəkli qarşımdadır. Üzündəki məsumluğa baxıram. Bu qız üçün kimsə “əxlaqsız idi, öldürüldü” deyə bilməz. O qədər məsum baxışları vardı ki…

  • Bir yastığa baş qoyduğun qadını amansızcasına öldürmək üçün insan hansı ürəyə sahib olmalıdır ki?
  • Onun ağrılarını, acılarını görmürdümü?
  • Onun hər bıçaq zərbəsindən sonra axan qanını görmürdümü? Necə qıydı, onu doğramağa?

Bir qadın nə edirsə, etsin - baxın, təkrar edirəm - nə edirsə etsin, öldürülməyə layiq deyil. Qadın kiminsə, qızıdır, anasıdır, bacısıdır, həyat yoldaşıdır. Onun atdığı hər hansısa bir addım atanın, qardaşın, ərin xoşuna gəlməyə bilər, amma bu o demək deyil ki, həmin qadın öldürülməlidir.

Bu ilin ilk ayının digər qadın cinayəti isə, Yardımlıda baş verib. 1982-ci il təvəllüdlü Vüsalə Babayeva həyat yoldaşı tərəfindən vəhşicəsinə döyülüb. Qadına müayinə zamanı sol tərəfli qabırğaların sınığı və döş qəfəsinin küt travması diaqnozları qoyulub.

Digər döyülmə hadisəsi isə, Bakının Səbail rayonunda baş verib. 1975-ci il təvəllüdlü Xatirə Əliyeva, həyat yoldaşı tərəfindən amansıcasına döyülüb. Müayinə zamanı ona sol tərəfli 5 ədəd qabırğanın sınığı və döş qəfəsin küt travması diaqnozları qoyulub.

Ötən günlərdə həyat yoldaşı tərəfindən şiddətə məruz qalan iki uşaq anası sığınacağa yerləşdirilib. Bu barədə "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat verib. Qadının hazırda başında 7 tikiş, qolunda, üzündə yara izləri qalıb. Hüquq müdafiəçisi qeyd edib ki, sığınacaq olaraq dəfələrlə rəsmi qurumlara müraciət etsələr də, ciddi tədbir görülmür. Bəli, bu sözləri hüquq müdafiəçisi deyib.

İndi düşünək: Əgər rəsmi qurumlar hüquqmüdafiəçisini eşitmirsə, vətəndaşı eşidərmi? Əsla! Elə qadın qətllərinin, qadına qarşı zorakılığın əsas səbəbi də budur. Qurumların fəaliyyətsizliyi. Döyülən bədbəxt qadın, dərdini kimə desin? Bilir ki, heç kim onu eşitməyəcək. Nahidənin yalvarışları gəlir sanki qulağıma: “ Qurban olum, Orxan. Vurma, Orxan. Orxan, Orxan”… Bir qadını elə öz həyat yoldaşı baltalayırsa, bir hüquq müdafiəçisini rəsmi qurumlar eşitmirsə, nədən danışırsınız, ay millət?

Xəbəriniz yoxdur, hamımız potensial ölüyük. Zorakılıq qurbanıyıq…

Bir para adını “millət vəkili” qoymuş şəxslər də Milli Məclisin iclaslarını əsnəməklə keçirir. Biri ev istəyir, digəri avtomobil, bir başqası deyir ki, “millətvəkili bu çətinliyi çəkirsə, gör insanlar nə vəziyyətdədir”. Axı, "millətvəkili" insan deyil, fövqəlvarlıqdır. Hazırın naziri olan, yuxulaya-yuxulaya iclasları yola verən, seçkilərdə mənfəət naminə qocaların əl-ayağını öpənlər hardasınız? Bu gün bir Azərbaycan qadınını baltalayıb doğrayırlar, bu gün bir Azərbaycan qadını döyülür, qabırğaları sındırılır və siz “iclas nə vaxt bitəcək” deyib vətəndaşın orta aylıq əmək haqqından bahalı qiymətə aldığınız saatınıza baxırsınız. Bəlkə, bu “Məişət zorakılığı haqqında” qanuna da bir əl gəzdirəsiniz? İçinizdən bir savadlısı çıxıb qanunun sərtləşdirilməsi üçün nəsə etsin? Yoxsa düşünürsünüz ki, "sizə dəyməyən ilan, min yaşasın". Xeyr, deputatlar! Həmin ilan bir gün sizə də dəyə bilər. O zaman hansı hissləri keçirərsiniz? Yoxsa, tapşırıqla həmin şəxsin cəzasını özünüz verəcəksiniz?

Bəsdir, yatdınız fil qulağında, ayılın. Bir iş görün, görə bilmirsinizsə, könüllü şəkildə millətin vəkilliyindən imtina edin. Bəlkə işi bacaranları bu dəfə "xalq" seçər.

Nahidənin son anlarında yaşadıqlarını təsəvvür edin. Hıçqırıqları, yalvarışları, göz yaşları, son nəfəsi, döşəmədə çırpınan bədəni, qan gölünə dönmüş otağı, parçalanmış cəsədi?! Vicdanınızı dinləyin, bəsdir, susdunuz!

Qadın qatillərinin cəzası ağır olmalıdır! Qadın qatilləri azadlıqdan məhrum edilməlidir! Qadının həyatına son verən qatil həyat mövhumunu cəza olaraq hiss etməlidir!

Xüsusi qeyd: Zorakılığa məruz qalanlar və ya çevrəsində zorakılığa məruz qalan şəxslər, dəstək almaq üçün müraciət edəcəkləri bütün xidmətlərin əlaqə nömrələrini BU LİNKdən əldə edə bilərlər.

İlahin, Bizimyol.info

Bu yazı "Bizim Yol" MMC - Bizimyol.info xəbər portalı tərəfindən gender əsaslı zorakılığın mediada işıqlandırılması məqsədilə "DAYAN və DƏYİŞ" Layihəsi çərçivəsində hazırlanıb.

Son xəbərlər
Bütün xəbərlər »