Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Tarqovı”da ehtiyatlı olun: “Şaxta baba” ilə iki kəlmə söhbət sizə baha başa gələr...
“Tarqovı”da ehtiyatlı olun: “Şaxta baba” ilə iki kəlmə söhbət sizə baha başa gələr...

Ötən gün Fəvvarələr Meydanında – “Tarqovu” adlanan ərazidə yeni il qabağı hazırlanmış yarmarkada oldum. Hələ yarmarkaya daxil olmamış, girişdə “şaxta baba”, “qar qız”, “Maşa”, “Micky Mouse” və digər cizgi film personajlarının qifayəsində olan şəxslər “Tarqovu”ya üz tutan insanlarla şəkil çəkdirir, əskik olmayan “təbəssüm”ləri ilə gələnlərə gülümsəyirdilər. Kənardan nə qədər şən görsənsələr də, uşaqlar onlarla şəkil çəkdirib, uzaqlaşdıqdan sonra geyimlərin altından gələn yorğun səslər onların saatlarla burada istirahət etmədən çalışdıqlarından xəbər verirdi.

“Şaxta baba” və “Qar qız”a yaxınlaşıb, onlarla söhbət etmək istədim. Neçə saatdır burda olduqlarını və gün ərzində nə qədər qazanc əldə etdiklərini, bir iş qrafiklərinin olub-olmadığnı soruşan zaman kənardan yaxınlaşan iki orta yaşlı şəxs məni aralarına alaraq, “istintaq”a çəkməyə başladılar:

- Salam, buyur, nə lazımdır?

- Salam, (özümü təqdim edirəm – M.Ş) mən “Şaxta baba” və “Qar qız”la söhbət etmək istəyirəm, onların günlük gəlirləri, iş saatları, qazandıqlarının onları qane edib-etmədiyini öyrənmək istəyirəm. Bilmək istəyirəm, onlara bu işlərinin qarşılığında maaş verilirmi, ya günlük çalışırlar? Bir də siz özünüzü təqdim etsəydiniz, sevinərdim.

- Birincisi, onlar maaşa işləmirlər, maaş-filan almırlar. İkincisi də, müdiriyyət tapşırıb ki, kimsə onların işləri barədə yaxınlaşıb, sual versə, heç bir məlumat verilməsin.

- Niyə ki? Müdriyyətlərinin nəsə qaranlıq işləri var? Ya “Şaxta baba” və “Qar qız”ın fəaliyyətləri hərbi sirr təşkil edir? Ümumiyyətlə, siz kimsiniz, özünüzü təqdim edərsiniz, zəhmət deyilsə?

- Dedim axı, heç bir məlumat verə bilmərik. Bu nə qəribə suallardır axı verirsən? Necə yəni bunlar neçə saat işləyirlər, nə qədər gəlirləri var? Media nümayəndələri nə vaxtdan belə mövzularla məşğuldurlar? Sənin başqa işin-gücün yoxdur?

- Media nümayəndələrinin fəaliyyəti ilə maraqlanmaq istəyirsinizsə, sizi və rəhbərliyinizi redaksiyamıza dəvət edə bilərəm. Qaldı ki, mənim başqa “iş-gücümə”, siz imkan versəniz, mən öz işimi görmək istəyərəm. Bayaqdan imkan vermirsiniz “Şaxta baba” və “Qar qız”la iki kəlmə söhbət edim. Ümumiyyətlə, sizin müdiriyyətiniz kimdir? Bu tapşırıq hardan gəlir ki, heç bir sualı cavablamaq olmaz? Müdirinizin adını deyə bilərsiniz?

- Qısaca deyim, ta söhbəti bağlayaq, çox uzandı bu söhbət. Bu tapşırıq İcradan gəlir, müdriyyət də Həsən müəllimdir. O, deyib ki, heç bir məlumat verilməsin.

- Bəs soyadı nədir? İcrada işləyir?

- Ta o barədə nəsə deyə bilmərik.

Bu mübahisə tipli müzakirədən aydın oldu ki, burda xüsusi personaj qiyafələrində fəaliyyət göstərən şəxslər, icazəsiz ağızlarını açıb işləri barədə heç bir söz deyə bilməzlər. Öncə elə bildim, bəlkə bu qadağa sırf “Şaxta baba” və “Qar qız”a aiddir. Amma daha sonra digər “Micky Mouse” geyimli birinin yanına yanaşıb onunla söhbət etmək istədikdə, hiss etdim ki, O, vurnuxaraq yan-yörəsinə baxır. Onunla bir kənara çəkilib, kiçik bir söhbət etmək qərarına gəldim. Ancaq gördüm ki, bayaq mənə mane olan iki nəfərdən biri yuxarından enib gələrək, bizim söhbətimizi dinləməyə çalışır. Amma yanımdakı işçi onun bizə baxdığını fərqinə varmırdı, ürəyi açılmışdı və rahatca danışırdı:

- Bura Səbail rayonu İcra Hakimiyyətinin nəzarətindədir. Maaş almırıq, gündəlik işləyirik. Sabah saat 09:00-dan axşam saat 23:00-a qədər burda oluruq. Günlük 15-20 manat gəlirimiz olur.

- Siz də “Şaxta baba” və “Qar qız”la birlikdəsiniz, ya müstəqil işləyirsiniz?

- Yox, mən özüm tək işləyirəm, onlar ayrıca işləyirlər.

- Onlarla söhbət etmək istədim, amma yanında duran iki nəfər şəxs imkan vermədi onlarla söhbət edim. Burda sizlərin media nümayəndələri ilə söhbətinə qadağa qoyulub, ya başqa problem var?

- Yox, heç bir qadağa qoyulmayıb. Sadəcə, indi media nümayəndəsi görəndə, bilirik ki, nəsə problem yaratmaq üçün gəliblər. Bir də görürsən, gizlincə səsimizi “zaps” edirlər, gizlicə video çəkirlər. Sonra da gedib, bizi biabır edirlər. O dəfə "Xəzər TV”dən gəlmişdilər. Normal söhbətləşdik, dedik-güldük, sabah xəbərlərdə gördük ki, gedib bizim geyimlərimizdən yazıblar ki, ordakı işçilərin geyimləri kir-pas içindədir, heç yumurlar. Başdan-ayağa çirk içindədir geyimləri. Ona görə də, görəndə ki, mətbuat işçisidir, uzaqlaşırlar.

- Siz niyə çirkli geyimdə gəzirsiniz ki, onlar da sizə irad tutsunlar? Bu geyimləri özünüz alırsınız, ya verirlər?

- Yox, verirlər.

- Kim verir?

- Buranın rəhbərliyi

- Bəs geyimi onlardan alanda, üzərinə baxmırsınız ki, təmizdir, ya çirklidir? Ən azından, tələb edə bilərsiniz ki, təmiz geyimlər verilsin. Axı siz bu geyimlərlə digər insanları qucaqlayıb, şəkil çəkdirirsiniz. Ən azından, uşaqlarla görüşürsünüz. Təmiz bir geyim sizcə də daha doğru olmazmı?

Söhbətimizin ortasında “Micky mouse” onun arxasında dayanıb, bayaqdan bizə tamaşa edən həmin “naməlum” şəxsi görən kimi, heç mənlə söhbət etmirmiş kimi arxasını dönüb, getdi. Daha sonra bir qədər fırlanıb, həmin şəxsə yaxınlaşdı. Aralarında nəsə danışdılar. Görünür, onlar üzərində “müdir” təyin edilmiş bu şəxs “rütbə”sinin də ona verdiyi enerji ilə “Micky mouse”u sual-cavab edirdi. O da sualları başını sağa-sola döndərərək inkar edirdi.

Addımbaşı izlənildiyimin fərqinə vardım. Hansı personajın yanına yaxınlaşsam, bir neçə addım arxamda həmin adamlardan birinin “bitdiyini” hiss edirdim. Görünür, hansısa şəkildə onlar bu yarmarkada işçilərlə sorğu keçirən, onların şəklini çəkən bir media nümayəndəsinin olduğunu bölgədəki digərlər personajlara da bildirmiş, onlar da məni görən kimi ya üzünü gizlədir, ya da hansısa şəkildə onlarla söhbət etməyimdən yayınmağa çalışırdılar. Artıq elə bir şərait yaranmışdı ki, özümü media nümayəndəsi kimi yox, hansısa cinayətkar kimi hiss edirdim. Axı, mən öz peşə fəaliyyətimi yerinə yetirməyə çalışıram. Bir “Şaxta baba” ilə söhbət etmək, günlük qazancını, iş qrafikini soruşmaq nə zamandan bəri “qeyri-adi” suallar kateqoriyasına daxil olmuşdu?

Özümə söz verdim ki, daha heç bir personajla söhbət etməyəcəm. Ocaqda şabalıd, qarğıdalı, kartof cipsi bişirənlərə yaxınlaşıb, qiymətləri ilə maraqlanmağa çalışdım. Balaca bir paketə yığılmış maksimum 9-10 qızarmış şabalıdın qiyməti dörd manat idi. Kartof cipsi isə, üç manatdan başlayırdı.

Bu meydana qəzet kağızına bükdüyü qovrulmuş fıstıqları bir manata satan yaşlı qadınlar buraxılmır. Onlar meydanın girişindən bir qədər aralıda, ağacların altındakı qaranlıq yerdə nazik kağız kartonlar üzərində oturub, öz məhsullarını satmağa çalışırlar. Əlində tutub, satdığı məhsulun nə olduğunu qaranlıq olduğu üçün görməyən sakinlər, ümumiyyətlə, onları da görməzliyə vurub meydana doğru axışırlar. Kənardan meydana axışan paytaxt sakinləri olduqca şən əhva-ruhiyədə şəkil çəkdirib, satılan maraqlı məhsullardan alsalar da, onlar bir şeyi fərqində deyildilər ki, burada fəaliyyət göstərən “Şaxta baba” və “Qar qız”dan tutmuş, şabalıd satıcısınadək hər bir işçi xüsusi nəzarət və qadağalar altında işləyir. Şiş üzərindəki qızarmış kartof cipsisinin şəklini çəkmək üçün satıcı ilə əməlli-başlı debat aparmalı oldum:

- Qəşəng görünür, şəklini çəkə bilərəm? (Özümü təqdim edirəm – M.Ş)

- Şəklini neynirsən ki? Camaat bunu yemək üçün alır.

- Dedim axı, maraqlı görsənirlər, ona görə çəkmək istəyirəm.

- Al, apar, harda çəkirsən, çək.

- Yox, elə bişirildiyi yerdə çəkmək istəyirəm.

- Niyə ki? Hardasa paylaşacaqsan?

- Paylaşanda nə olar ki? Nədən narahatsan?

- ... Çək, yaxşı..

- Təşəkkür, çox sağol.

Deyəsən, həmin satıcıya da burada sorğu keçirildiyi barədə bir qədər əvvəl məlumat verilmişdi...

Burdakı işçilərin fəaliyyətini “gestapo” kimi təqib edən şəxslər, görünür, rəhbərlikdən xüsusi tapşırıq alıblar ki, kənar şəxslərin (yəqin ki, media nümayəndələrini nəzərdə tutublar – M.Ş) bu insanlarla ünsiyyət qurub, hər hansısa sual vermələrinə mane olsunlar...

Səhər saat 9-dan, axşam saat 23-ə qədər “müstəqil” çalış, maksimum günlük 20 manat qazanc əldə et, o qazanca da hansısa mənsəbi, mənşəyi məlum olmayan şəxslər nəzarət etsinlər. Mən bu hadisəyə daha öncə maşın parklama yerlərindəki “parkovşiklər” barədə hazırladığım reportajda rast gəlmişdim. Onlar da eyni burdakı kimi, günlük səhərdən-axşama 15-20 manat qazanc edən şəxslər kimi, “müstəqil” çalışsalar da, gün sonunda haralarasa, kimlərəsə “hesabat” verirdilər.

Burda isə həmin hadisənin bir qədər “tünd” versiyasını gördüm. Sanki “Tarqovu”da günlük 5-10 manat qazancı olan bu sadə insanlar hansısa "mafiya" dəstəsinin nəzarətində işləyirdilər. Bunu kənardan baxaraq anlamaq, bir qədər çətindir. Əgər siz həmin işçilərə yanaşıb, qazancları və günlük iş rejimləri və sair barədə suallar vermək istəsəniz, görəcəksiniz ki, artıq başqa, aidiyyatı olmayan şəxslər yanınızda “bitib” və siz onlarla həmsöhbət olmusunuz, personajlar da aradan çıxıblar.

Günün əvvəlində bu yarmarkaya getməkdə məqsədim, əslində insanların yeni ilə necə hazırlaşdığını, növbəti ildən nələr gözlədiklərini, burada işləyən “Şaxta baba” və “Qar qız”ın iş qrafiklərinin ağır olub-olmadığını, insanların onlarla rəftarını və sair öyrənmək idi. Ancaq rastlaşdığım mənzərə və kimliyi məlum olmayan insanlar məni bu məqsədimdən bir qədər uzaqlaşdırdılar. Çünki bu adamlar kimə yaxınlaşsam, başımın üzərində “bitir”, mən uzaqlaşdıqdan sonra işçiləri “istintaq”a dartırdılar. Bunu onlardan bir qədər aralandıqdan sonra çönüb, müşahidə edə bilirdim.

Xüsusi olaraq, müşahidə etdiyim bir mənzərəni də qeyd etmək istəyirəm. Müxtəlif obrazlardan birini geyinmiş şəxs, balaca uşaqlara və ailələrlə şəkil çəkdirdikdən sonra kənara çəkilib başındakı geyimini qısa müddətlik çıxardı. Görünür, bir qədər dincəlmək istəyirdi. Baş geyimini çıxardıqda, diqqət etdim ki, o, heç də işləyəcək yaşda biri deyil, bəlkə də heç 17 yaşı olmazdı. Buna baxmayaraq,  insanlarla şəkillər çəkdirir, ona nəzarət edən “müdir”lərinin iradına tuş gəlməmək üçün, əlindən gələni etməyə çalışırdı.

Səbail Rayonu İcra Hakimiyyətinin “Tarqovu”da at oynadan “süvari” dəstələri, görünür, bura media nümayəndələrinin daxil olmalarından olduqca narahatdırlar. Fundamental etik qaydalardan xəbərsiz, media nümayəndəsi ilə kişnəyib fınxıraraq danışan bu at xislətli insanların “cilovunu” Səbail rayonu İcra Hakimiyyəti rəhbərliyinin çəkdiyini müəyyənləşdirə bildim. Media agentliklərində fəaliyyət göstərən əməkdaşlarımıza ABŞ-ın “51-ci bölgə”sini xatırladan bu bölgəyə - “Tarqovı”ya girərkən, ehtiyatı əldən verməmələrini tövsiyə edərdim. Hər bir halda, “Şaxta baba” ilə iki kəlmə söhbət etmək, sizə o qədər də ucuz başa gəlməyə bilər.

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »