Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Aslan İsmayılov: "O hakim cəzalandırılsa, başqalarına da dərs olar ki, sifarişlə üzə durmaq olmaz"
Aslan İsmayılov: "O hakim cəzalandırılsa, başqalarına da dərs olar ki, sifarişlə üzə durmaq olmaz"

Hüquqşünas Aslan İsmayılov Bakı Apellyasiya Məhkəməsinin hakimi Elnur Həsənovun məsuliyyətə cəlb olunmasını tələb edir.

Bizimyol.info xəbər verir ki, Aslan İsmayılov dekabrın 14-də elə Bakı Apellyasiya Məhkəməsində çıxış edərkən bunu deyib. Çünki Aslan İsmayılov 2013-cü ildə Elnur Həsənovun şikayəti əsasında vəkillikdən uzaqlaşdırılıb.

Hakim Xumar Mərdanovanın sədrliyilə keçirilən prosesdə Aslan İsmayılovun vəkillik fəaliyyətinə xitam verilməsi məsələsinə yenidən baxılıb.

2013-cü ildə Elnur Həsənov Səbail rayon Məhkəməsinin hakimi olduğu dövrdə Vəkillər Kollegiyasına şikayət edərək Aslan İsmayılovun onun kabinetinə hücum etdiyini bildirmişdi. Vəkillər Kollegiyası bu şikayət əsasında Aslan İsmayılovun vəkillik fəaliyyətinin dayandırılmasına qərar vermiş, bu məqsədlə  məhkəməyə müraciət etmişdi. Məhkəmə də Vəkillər Kollegiyasının iddiasını təmin etmiş, Aslan İsmayılovun vəkillik fəaliyyətinə xitam verilmişdi. Yuxarı instansiya məhkəmələrinə şikayətlər də nəticəsiz qalmışdı. Bundan sonra Aslan İsmayılov Avropa Məhkəməsinə üz tutmuşdu.

Avropa Məhkəməsi Aslan İsmayılova münasibətdə Avropa Konvensiyasının bir neçə maddəsinin pozuntusunu tanımışdı.

Sentyabrda Ali Məhkəmənin Plenumu Avropa Məhkəməsinin sözügedən qərarı əsasında Aslan İsmayılovun vəkillik işinə yenidən baxdı. Nəticədə 8 il əvvəl Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmənin çıxardığı qərarlar ləğv olundu. İş təkrar araşdırma üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarıldı.

Dekabrın 14-də məhkəmədə çıxış edən Aslan İsmayılov bildirib ki, 2013-cü ildə heç bir əsas olmadan, siyasi sifarişlə onun vəkillik fəaliyyətinə xitam verilib: "O dövrdə hüquq-mühafizə orqanlarında çalışan tanışlar da xəbərdar etmişdilər ki, mənimlə bağlı xoşagəlməz planlar hazırlanır. Sonradan bunu Elnur Həsənovun əli ilə həyata keçirdilər. Mənimlə bağlı tapşırığı icra edəndən dərhal sonra onu Bakı Apellyasiya Məhkəməsinə  göndərdilər. Bu, həmin Elnur Həsənovdur ki, vaxtilə məhkəmədə başqalarının yanında da görəndə mənə hörmətini bildirməyə çalışırdı. Deyirdi ki, "Elçibəyin Türkiyəyə oxumağa göndərdiyi ilk tələbələrdən olmuşam, belə mühitdə işləyə bilmirəm, rüşvət elə həddə çatıb, getmək istəyirəm".

Hüquqşünas hesab edir ki, 8 il əvvəl Prezident Administrasiyasının o vaxtkı rəhbəri Ramiz Mehdiyevi, şöbə rəisi Əli Həsənovu tənqid etdiyinə görə cəzalandırılıb. Onun sözlərinə görə, vəkillikdən uzaqlaşdırıldığı ərəfədə ona cəzalandırılacağı, hətta həbs oluna biləcəyi haqda xəbərdarlıq edilmişdi.

Aslan İsmayılov məhkəmədə çıxışının sonunda bildirib ki, onun üçün vəkillik fəaliyyətinin bərpasından daha vacib olan hakim Elnur Həsənovun cəzalandırılmasıdır: "O, məsuliyyətə cəlb olunsa, başqalarına da dərs olar. Anlayarlar ki, sifarişlə kiminsə üzünə durmaq, insanların həyatıyla oynamaq olmaz".

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »