Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qadınlara qarşı zorakılığın səbəbləri nədir...
Qadınlara qarşı zorakılığın səbəbləri nədir...

Son zamanlar bütün dünyada olduğu kimi Azərbaycanda da qadına qarşı zorakılıq hallarının artdığı müşahidə edilir. Zorakılığın səbəbi nədir, nədən qaynaqlanır, cəmiyyət olaraq hamımız günahkarıqmı və s. bu kimi sullarımızı fəlsəfə doktoru proqramı üzrə dissertant, BQU-nun Psixologiya kafedrasının baş müəllimi, Psixoloq Nərmin Abdullayeva Bizimyol.info saytına müsahibəsində cavablandırıb.

  • Bilirsiniz ki, son dövrlər qadınlara qarşı zorakılıq halları artıb, necə düşünürsünüz qadınlar daha çox hansı zorakılıq növlərinə məruz qalır?

- Bildiyimiz kimi zorakılıq bir güc tətbiqidir və onun obyekti hər canlı ola bilər. Ancaq statistik nəticələrə əsasən, deyə bilərik ki, əksər hallarda zorakılıq qurbanı qadın və uşaqlardır. Qadın zərifdir yoxsa zəif? Bəlkə, qadının zəif hesab edilməsi zorakılıq hallarının təbii və süni artımına səbəb olur? Bəlkə, cəmiyyətin kişini güc mənbəyi hesab etməsi zorakılıq zəncərinə yeni halqalar qoşur? Düzdür, qadın fiziki cəhətdən kişidən qat-qat zəifdir, amma illərlə əzab-əziyyətə dözməyi, gecələr ağlayıb səhər uşaqlarına, ətrafına öz yaşantılarını yansıtmaması onun iradi, mənəvi, emosional gücünü ortaya qoyur.

Qadına qarşı zorakılıq dedikdə, ilk başa düşülən qadının döyülməsi olur. Ancaq zorakılıq daha geniş anlayışdır və özündə zorakılığın müxtəlif növ və formalarını birləşdirir. Qadınlar gizli və aşkar, birbaşa və ya dolayı, keçmişdə yaxud hal-hazırda baş verən, dəfələrlə təkrarlanan və ya tək-tək təsadüf edilən, ailədə, cəmiyyətdə və s. yerlərdə rast gəlinən zorakılıq növlərinə və zorakılığın mənəvi, psixoloji (emosional), verbal (sözlü), etinasızlıq, cinsi (seksual), fiziki, iqtisadi, sosial-məhrumetmə, təqib, şiddət, kiberbullinq, zorla ərə verilmə, təhsildən uzaqlaşdırma, erkən nigah, qadın alveri, qadın qətlləri, zorlama (həmçinin, qohum, qan birliyi olan insanlar tərəfindən törədilən təcavüz- insest), cinsi əlaqəyə məcburetmə, istismar, qadının səsini kəsmək, təzyiq altında saxlamaq, şantaj, hədə-qorxu, ailədaxili zorakılıq və s. formalarına məruz qalırlar.

Fiziki şiddətin izi zamanla silinsə də, mənəvi şiddətin izi asan silinmir. Çünki 1-ci bədənə, 2-ci insan ruhuna iz salır. Necə ki şiddət davam etdikcə bədən müqavimətini, dik duruşunu, sağlamlığını zamanla itirir, eləcə də, ruh şiddətə məruz qaldıqca xəstələnir, dincliyini itirir. Zorakılığın forması, şiddəti və davametmə müddəti bir qadın ruhunu (keçmiş, indi və gələcəyini) iflic edir. Qadın zorakılığının bütün növ və formalarını müsahibə saatına sığdırmaq mümkün deyil, ümumilikdə qadın zorakılığını bir psixoloji terror hadisəsi kimi səciyyələndirə bilərik.

  • Kim edir bu zorakılığı? Zorakılığı edən şəxs hansı hisslə, məqsədlə bu addımı atır?

- Qadınlara qarşı zorakılıq törədənlər kişilər, qadınlar, ailə üzvləri (valideyn, ər, qayınana, qayınata və s.), cəmiyyət, kiberbullerlərdir. Tənha, dul, boşanmış, sonsuz, əqli və fiziki məhdudiyətli, xüsusi qayğıya ehtiyacı olan uşaq dünyaya gətirən qadınlar da bu və ya digər formada zorakılıq qurbanı olurlar. Bəzən də ana oğlunun zorakılığını birbaşa şəkildə dəstəkləyir (gəlinini oğluna qarşı müdafiə edən qayınanalar da var), bəzən də özü birbaşa yaxud dolayı şəkildə zorakılığa əl atır. Məsələn, həyat yoldaşının üzünə su çırpmasına gülən ana oğlunun davranışını gülərək dəstəkləyir. Deməli, qadın bu və ya digər formada, müxtəlif yerlərdə həm də öz həmcinslərinin şiddətinə məruz qalır.

Bəzi qadınlar KİV-də, sosial şəbəkələrdə öz problemlərinə bənzər problemlərlə qarşılaşırlar, yaxud öz problemlərini anonim şəkildə dilə gətirib məsləhət istəyirlər və bir çox hallarda kiberbullerlərin təhqiredici münasibətinə, kiberzorbalığına məruz qalırlar. Cəmiyyət onlara psixoloji təzyiq göstərir, onları problemləri ilə etiketləyir. Bütün bu neqativ təsirlərin qarşısını almaq, ən əsası problemlərinin həllinə kömək etmək və məlumatlarının məxfiliyini qorumaq üçün qız və qadınlarımızı mütəxəssisdən psixoloji yardım almağa səsləyirik.

Bəzən də qadınların üzləşdiyi problemləri efirdə ictimailəşdirib onları sözün gücü ilə yıxıb sürüyürlər, şəxsinə qarşı psixoloji təzyiqlərin artmasına şərait yaradırlar, belə olan halda onun dərdi azalmır, əksinə çoxalır. Bir az da olsa həmin qadınları anlamağa çalışırıqmı? Kimisə mühakimə etmək çox asandır, çətini o qadının pəncərəsindən dünyaya baxa bilməkdir, onun yaşadıqlarını, hiss və düşüncələrini anlamaqdır.

Bir kişini düşündürməlidir: zorakılıq görən qadın, zorakılığa şahid olan uşaq nə hiss edir və nə düşünür? Onun empatiya qabiliyyəti olsa, yəni qadının, uşağın yerinə özünü qoysa, kənardan özünə baxmaq imkanı olacaq, o qadının və uşağın hissini və düşüncəsini anlayacaq.

Zorakılıq müxtəlif mənfi astenik hisslərin (qəzəb, nifrət, qisas, şübhə, qorxu, qısqanclıq, gərginlik, yetərsizlik, frustrasiya (uğursuzluğun yaratdığı emosional yaşantı halı), günahkarlıq və s.) təsiri altında baş verir və həmin hisslər destruktiv davranış üçün təhriketmə funksiyası daşıyır.

Zorakılığın əsas məqsədi zərər vermək, cəzalandırmaq, məcburetmək, məhrum etmək, təsir altında saxlamaqdır. Aqressiv rəftar və davranışın dərkedilən və dərk edilməyən motivləri vardır. Bəzən aqressorun özünə də bu motivlər aydın olmur, məhz niyə belə davrandığının səbəbini özü də bilmir. Bəzən də ətrafında dağıtmağa nəsə qalmayanda aqressiya özünə yönəlir.

Zorakılıq bir növ güclünün zəif üzərində güc tətbiq etməsidir. Məsələyə bu cür yanaşsaq, bir kişinin öz qadınını döyməsi onu güclü etmir, əksinə onun zəif xarakterini ortaya qoyur. Bəs bu xarakteri o harada, necə, nə vaxt qazanmışdır? Başqa sözlə, onda zorakılığa meyil və cəhd, zoraki düşüncə və davranış necə formalaşmışdır? Məsələn, uşaqikən evdə valideyninin öz istəklərinə zorakılıq edərək nail olduğunu, ailənin sevgi və hörmətlə yox, zorakılıq və zülmlə idarə olunduğunu görmüş və bunu bir sosial irsiyyət və tərbiyə kimi mənimsəmişdir. Valideynlərinin zorakılığına məruz qalmışdır. Yaxud anasının döyülməsinə, söyülməsinə, təhqir olunmasına, zoraki davranışlara şahid olmuş, kiçik olduğu üçün heç nə edə bilməmiş və bir ömür özünü günahlandırmışdır. Gördüyümüz kimi özü, yaxud anası bu zorakılığın qurbanı olmuşdur, indi özündən zəifin qarşısında qurban rolunu aqressor rolu ilə dəyişərək öz yaşadığını başqasına (həyat yoldaşına, övladlarına) yaşadır. Bir çox hallarda travmanın, aqressiyanın köçürülməsi hadisəsi baş verir. Zorakılıq qurbanı olan uşaqlar əksər hallarda aqressor olurlar, ancaq seçdikləri qurbanlar özlərindən zəif hesab etdikləri şəxslər olur. Zorakılıq həm də psixosomatik xəstəliklərə yol aça bilir. Məsələn, qadının hamilə qalmasına əngəl ola biləcək heç bir ginekoloji səbəb yoxdur, problem sırf psixolojidir, o ana olmağa psixoloji hazır deyil, yaxud həyat yoldaşının pis vərdişinə görə övlad sahibi olmaq istəmir.

Qadın zorakılığı sandığımızdan daha dərin qatlara sirayət edir. Ailədəki əlverişsiz, toksik mənəvi-sosial-psixoloji iqlim o ailədə böyüyən uşaqların normal inkişafına mənfi təsir edir. Hər uşağın psixi və fiziki sağlamlığı ilk öncə onu əhatə edən ana bətninin, sonra ailə mühitinin münbit olması ilə şərtlənir. Bu baxımdan bətindaxili inkişaf dövründə anası fiziki və psixi şiddət görən, yaxud problemli ailələrdə böyüyən uşaqların inkişaf şəraiti olduqca acınacaqlıdır. Məktəblərdə diqqəti dalğın, yaddaşı durğun, hiss və düşüncələri yorğun, aqressiv, həyəcanlı, qorxaq nə qədər şagird var. Onları yaşadıqları ailə problemləri birləşdirir. Ailədaxili zorakılıqdan əziyyət çəkən uşaq və qadınlarda müxtəlif qorxu və təşviş pozuntuları yaranır.

  • Təcavüz, zorakılıq hadisələrindən sonra bu əməlləri həyata keçirən şəxs hansı hissləri keçirir?
  • Çox zaman qətldən sonra özləri də intihar edir, səbəb nədir?

- Təcavüzkarın xarakterindən, qarşıya qoyduğu məqsəddən və s. asılı olaraq onların keçirdiyi hisslər fərqli, bəzən ikili və qarışıq olur: həzz, ehtiras, sevinc, məmnunluq, cəsarət, güclü, yetərlilik duyğusu, razılıq, qisas, məyusluq, peşmanlıq, utanc, təəssüf, əzab, sarsıntı, günah, narazılıq və s. Həmçinin, ikili, qarışıq hiss və düşüncələrin təsiri altında qarışıq davranırlar.

Adətən, zorakılıqların, cinayətlərin əksər hissəsi affekt halında törədilir. Affekt halında insanın şüuru daralır və özünü ələ ala bilmir, özünənəzarət demək olar ki, kəskin şəkildə aşağı enir. Bir qismi kiminsə və nəyinsə (maddə və içkinin) təsiri altında bu əməlləri törədir. Bəzən də özlərinə qeyri-insani, qərəzli, rəzil, qəddar davranışlarını bağışlaya bilmirlər, nəticədə aşırı günahkarlıq hissi ilə özlərinə qəsd edirlər.

Qəzəb duyğusunun keçməsinimi gözləmək, yoxsa keçməsi üçün nəsə etmək? Əlbəttə, 2-ci. Qəzəb (əsəb) duyğusu keçici olsa da, zoraki davranışın təsirləri qalıcı ola bilir. Qarşı tərəfdə aktiv və passiv aqressiya yaradır. Həm də keçənədək yaratdığı fəsadlar çox ola bilər. Hətta ailə faciəsinə yol açar.

Bəzən insanların əsəbə qarşı tətbiq etdikləri strategiyalar faydalı və tamamilə zərərli ola bilər. Hər dəfə əsəbi içinə atmaq, basdırmaq müxtəlif nevrotik problemlərə, duyğusal partlayışlara səbəb olur. Yaranmış gərginliyi azaltmaq, münaqişələri önləmək üçün, ilk öncə, uzaqlaşıb sakitləşmək, daha sonra sakit başla problemin mümkün həlli yolları barədə düşünmək, qarşılıqlı danışmaq problemləri həll etməyin sivil qaydasıdır.

  • Bir də vacib sualdır - qadın nə edir ki, təcavüzcü o həddə çatır, səbəb nədir, nə qıcıqlandırır, yoxsa təcavüzcünün hər hansısa problemi əvvəldən olmuş olur?

- Zorakılıq hüquq pozuntusudur və heç bir halda ona haqq qazandırmaq mümkün deyil. İnsanlarda qəzəb duyğusunun olması təbiidir, onu idarə edə bilməmək isə artıq problemdir.

Əslində verdiyiniz sualların bir hissəsi onların cavablarıdır. Bəs zorakılıq (zorakılığa meyil və cəhd, zoraki düşüncə və davranış) necə yaranır? Bu proses özü-özlüyündə həmişə birtərəfli olmayıb, həm də hərəkətəgətirici mexanizmə malik olur. İnternet, iş və digər asılılıqları olub uşaqları, ailəni baxımsız qoyan, eyni zamanda, bütün həyatını övladlarına, ailəsinə həsr edən qadınların olması bizə məlumdur.

“Yaxşı at özünə qamçı vurdurmaz” deyirlər, amma gəlin düşünək, bəlkə, problem atda yox, sahibinin psixoloji vəziyyətindədir? Dolayısıyla, problem həmişə qadında olmur.

Təmizlik, düzən obsessiyasından əziyyət çəkən bir kişi düşünün. Müalicə və psixoterapiya almır, illərlə qadın və uşaqlar onun təkrarlanan düşüncə və hərəkətlərindən əziyyət çəkir, uşaqlar evdə sərbəst hərəkət edə bilmir.

Psixoloji yardım alan qadının dilindən: “Axşam unudub yemək qazanını soyuducuya qoymadığım üçün həyat yoldaşım yeməyi mətbəxin yerinə tökmüş, hirsi soyumadığı üçün üzərinə quru çay, şəkər tozu, qənd də töküb, bu mənzərəni görən böyük qızım artıq dözə bilmədiyini, evdən getmək istədiyini dedi mənə, artıq nə mən, nə də uşaqlarım dözə bilmirik, nə edim mən?" Gördüyümüz kimi, ağır formada obsessiyadan əziyyət çəkən kişi qadını döymədi, vurmadı, yıxmadı, ancaq qəsdən, bilərəkdən emosional-mənəvi şiddət etdi.

Zorakılığın bir neçə səbəbini nəzərdən keçirək:

  1. Cütlər arasında fizioloji və psixoloji uyuşmazlıq, konflikt (münaqişə) hallarına, dözülməz xasiyyətə rast gəlinir. Təəssüflər olsun ki, konfliktlərin funksiyası konstruktiv yox, daha çox destruktiv olur.
  2. Xəyanət psixi zorakılığın bir növüdür. Kişi özünü yetərsiz, qadın özünü dəyərsiz hiss edəndə münasibətlərdə problemlər başlayır. Qadını dəyərsiz hiss etdirən kişidirsə, kişini yetərsiz hiss etdirən qadındır. Zorakılığın səbəblərindən biri bir qisim evli qadınların cinsəllik mövzusunda beyinlərindəki tabular, olmazlar, sərhədlər, travmalardır. Bu fakt isə ailəyə psixoloji hazırlığı labüd edir.
  3. Boşanmış qadın damğası götürməyi gözə alsa da, ancaq o adamla yaşamağı bacarmadığı üçün şiddət görür.
  4. Zoraki idarəetmə görən uşaqların hamısı olmasa da, demək olar ki, böyük bir qismi gələcəkdə öz ailələrini bu cür idarə etməyə meyilli olurlar. Anam əzaba dözübsə, yoldaşım da dözəcək prinsipi.

    Bəli, təcavüzcülərin əksəriyyətinin əvvəldən psixoloji problemləri olur. Təəssüflər olsun ki, mənəvi aclıq, duyğusal boşluq yaşayan, ağır həyat yaşamış, özləri zorakılıq görmüş, uşaqlıq travmaları olan insanlar öz boşluqlarını şiddətlə, cinsəlliklə, pis, zərərli vərdiş və asılılıqlarla doldurmağa çalışırlar. İllərlə sinir xəstəliklərindən (nevroz, isteriya) əziyyət çəksələr də nə nevroloji müalicə, nə də psixoloji yardım, psixoterapiya almayan, özünü dəyişmək istəməyən insanlar var.

    Zoraki davranışın səbəblərini araşdırdıq, zorakılığa məruz qalan qadının zorakılığa boyun əyməsinin səbəbləri bizi daha çox düşündürməlidir. Əvvəla, zorakılıq görən qadınlar çarəni boşanmaqda, evdən qaçmaqda, özünüqəsddə və s. görürlər. Qadınlar zorakılığı niyə gizlədirlər?

  5. Ailələr stereotip düşünüb övladlarına sahib çıxmayıb dözməlisən, mən də dözmüşəm, övladını atasına ver, tək gəl dedikləri üçün;
  6. Ayrılmaq istədiyinə görə kəskin müqavimətlə qarşılaşacağı üçün;
  7. Boşandıqdan sonra ona atılacaq şər-böhtandan, iqtisadi gücünün, bir peşəsinin, işinin, mənzil şəraitinin olmamasına görə uşaqlarının əlindən alınmasından, aliment ala bilməyəcəyindən qorxduğu üçün;
  8. Cəmiyyətin qınağı, önyarqıları, stereotip düşüncələri qarşısında aciz olduğu üçün;
  9. “Boşanmış qadın” statusu qazanacağı üçün;
  10. Təkrar zorakılığa məruz qalacağam qorxusu, gözləntisi olduğu üçün;
  11. Ana-atasının fikir çəkməmələri üçün;
  12. Ailələrarası münaqişənin yaranmasından və cinayətlərin törənməsindən ehtiyat etdiyi üçün və buna bənzər minlərlə səbəb.

Xüsusi qeyd: Zorakılığa məruz qalanlar və ya çevrəsində zorakılığa məruz qalan şəxslər, dəstək almaq üçün müraciət edəcəkləri bütün xidmətlərin əlaqə nömrələrini BU LİNKdən əldə edə bilərlər.

İlahin, Bizimyol.info

Bu yazı "Bizim Yol" MMC - Bizimyol.info xəbər portalı tərəfindən gender əsaslı zorakılığın mediada işıqlandırılması məqsədilə "DAYAN və DƏYİŞ" Layihəsi çərçivəsində hazırlanıb.

Paylaş »
››› "Cütlüklərə zəng edirlər ki, boşanın, sizi evlə təmin edək" - "Qaçqınkom"-da nə baş verir...
››› Zelenski xalqa müraciət edib: "...Qaçmağa başqa yerimiz yoxdur"
››› Qazaxıstan XİN Tokayevin "xəbərdarlıq etmədən güllələmək" əmrini açıqlayıb
››› 67 ildir yuyunmur, ölü heyvan əti ilə qidalanır, amma tam sağlamdır - Foto
››› "Rusiya sovet hökümətinin varisidirsə, bu hadisə ilə də üzləşməli idi"
››› 20 Yanvar və Çin...
››› Yanvarın 21-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »