Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Milli ruhsuzların “Elitizm” xəstəliyi
Milli ruhsuzların “Elitizm” xəstəliyi

Gəncədə şəhid anası Vüsalə Məmmədovanın intihara cəhd etməsi və bu hadisənin sosial şəbəkələrdə sürətlə yayılması ictimaiyyətin haqlı narazılığına səbəb oldu. Çoxsaylı şəbəkə izləyiciləri, eləcə də şəhid anasının özünə qəsd etməsi hadisəsinə münasibət bildirən bütün şəxslər məlum olayı birmənalı olaraq pislədilər.

Mediada yayımlanmış məlumatda qeyd edilir ki, Şəhid anası Vüsalə Məmmədova Gəncə şəhər İH-nin başçısı Niyazi Bayramovun qəbuluna düşə bilmədiyinə görə bu yola əl atıb. V. Məmmədova onunla İH-də kobud danışıldığını və başçı ilə görüşməsinə əngəl yaradıldığını bildirir.

Görünən odur ki, Şəhid anası İH əməkdaşları tərəfindən özünə qarşı yönələn pis rəftarı və kobud münasibəti qəbul edə bilməyib. Fikrimcə, gözləmədiyi yerdən gözlənilməz zərbənin alması anaya kəskin psixoloji təsir etdiyindən o, canına qəsd etməkdən başqa çarə tapmayıb.

İctimaiyyətin gözü qarşısında özünə qəsd edən və yaxud intihara cəhd etmiş şəxslər şübhəsiz ki, bizim üçün acı təəssüf hissi yaradır.

Belə dəhşətli hadisələrin son illər tez-tez baş verməsi faktı cəmiyyətimiz üçün ciddi bir siqnal olduğunu düşünməliyik.

Yeri gəlmişkən, illər öncə Bakıda məmur(lar)ın ucbatından ictimaiyyət qarşısında canına qəsd etmiş üç nəfər ayrı-ayrı şəxslər haqda yenidən yazmaq zərurəti yarandı.

Təəssüflə qeyd edim ki, intihar halları müxtəlif səbəblərdən baş versə də, nəticə eynidir.

Qayıdaq bir neçə il bundan əvvəl Bakının mərkəzində Qarabağ əlilinin üzərinə benzin tökərək özünü yandırması faktına: nəticədə əlilin həyatını xilas etmək mümkün olmur. Səbəb nə idi? Qarabağ əlilini paytaxtın mərkəzində kim(lər) belə çarəsiz hala və dözülməz həddə gətirdi ki, o, canına qəsd etmək məcburiyyətində qaldı?! Onsuz da o, sağlamlıq imkanından məhrum olmuş şəxs idi...

Sözügedən həmin faciə ilə bağlı məlumatı qəzetdən izlədim. Mətbuat məlum hadisənin səbəbini əlilin ona məxsus iddia etdiyi torpaq sahəsini AHİK-in sərəncamına verilməsini yazır. Sonda etirazçı çarəsizlikdən özünə qəsd edir.

İkinci faciəli hadisə Dərnəgül ərazisində yerləşən keçmiş "tralleybus parkında" baş vermişdi. Park ərazisində köçkünlərin yaşadığı daxmaların sökülməsi zamanı bir nəfər qadına müvəqqəti də olsa qalması üçün yer verilmədiyi üçün, etiraz əlaməti olaraq üzərinə benzin tökürək özünü yandırır. Təəssüf ki, o da çarəsiz qalaraq canına qəsd etmişdi.

Digər üçüncü qəbuledilməz hadisə isə Qaçkınkomun Sabunçu rayon Bakıxanov qəsəbəsinin yerli şöbəsi qarşısında baş vermişdi.

Komitənin rayon şöbəsində ona qarşı göstərilən haqsız münasibətə dözməyərək işğaldan əziyyət çəkən həmin şəxsin üzərinə alışqan maddə tökərək özünə qəsd etməsi xəbərini telekanallardan eşitdim. Xoşbəxtlikdən xəstəxanaya çatdırılan həmin şəxsin həyatını tibb işçilərinin səyi nəticəsində xilas edə bilmişdilər.

Yuxarıda qeyd etdiyim illər öncə baş vermiş faciəli hadisələr təəssüflər olsun ki, bu gün də yenidən yaşanır.

Nə vaxta qədər ki, məmur postunda ölkə üçün yararsız, insanlara fayda verə bilməyənlər oturub "fəaliyyət" göstərəcək, o vaxta qədər də onların "nümunəvi" əməllərini müşahidə etmək məcburiyyətində qalacağıq.

Yazımda qeyd etdiyim əsas fikir və mahiyyət odur ki, ölkəmizin imicinə xələl gətirən, cəmiyyətimizdə mənfi fikir fomalaşdıran, pis ovqat yaradan belə qəbuledilməz ənənəyə birdəfəlik son qoyulmalıdır.

Cənab prezident İ.Əliyevin ölkənin iqtisadi qüdrətinin artmasına, xalqın, millətin sosial rifah halının yaxşılaşması naminə ardıcıl olaraq imzaladığı Fərman və Sərəncamların həyata keçirilməsində bütün dövlət qurumları və təşkilatlar vicdanla çalışmalı, səmərəli işlərilə dəstək olmağa borcludurlar.

Əgər hansısa məmurlar və yüksək vəzifə sahibləri Prezidentin apardığı uğurlu işlərə dəstək vermirlərsə, deməli onlar dövlətə və İctimai mənafeyə qulluq etmirlər.

Gəncədə şəhid anası Vüsalə Məmmədovanın şəhər İH-də onunla kobud danışıldığını və başçı ilə görüşməsinə əngəl yaradıldığını bildirməsi, söyləməsi həmin İcra strukturunda işləyən qulluqçuların ictimai mənafeyə necə xidmət göstərdikləri bir daha ictimaiyyətə bəlli oldu.

Sabir Rüstəmxanlı Sabir Rüstəmxanlı

Fikirlərimə rəğmən qeyd edim ki, bu yaxınlarda Vətəndaş Həmrəyliyi partiyasının sədri, millət vəkili, Xalq şairi, S.Rüstəmxanlı Vest.az saytında yayımlanan açıqlamasında: "Məmurlar otaqlarının qapısını xalqın üzünə bağlayıblar, Prezident təkdir" - deməsi ölkəmizdə vətəndaşlara qarşı qulluq göstərməsi vəzifə borcu olan bir çox məmur fəaliyyətinin qənaətbəxş olmadığını bəyan etmiş oldu.

Görəsən, bu məmurlar Dövlət başçısının şəhid ailələrinə, qazilərə, eləcə də digər aztəminatlı ailələrin sosial müdafiəsinə gücləndirilməsinə dair görülən işlərdən bəziləri hələ də doğru - düzgün nəticə çıxara bilməyiblər?

Qısa bir zamanda şəhid ailələrinə, qazilərə verilən mənzillər, eyni zamanda onların digər problemlərinin həlli istiqamətində dövlət tərəfindən xeyli işlər görülməkdədir. İşsiz qalmış qazilərin dövlət qurumları tərəfindən işlə təmin edilməsi və "Yaşat" fondunun gördüyü müsbət işlər təqdirəlayiqdir. Ancaq, Prezidentin apardığı uğurlu işlərə dəstək verməyən xeyli sayda məmurlar da az deyil. Belə "məmurlar" olmasaydı millət vəkili S.Rüstəmxanlı "məmur otaqlarının qapıları xalqın üzünə bağlıdır" ifadəsini işlətməyi lüzum bilməzdi.

Gəncə şəhər İH-də baş vermiş məlum hadisədən sonra bir çoxları İcra strukturlarının yarıtmaz fəaliyyətinin olduğunu bildirirlər.

Millət vəkili S.Rüstəmxanlı Vesti.az saytında APA-ya istinadən yayımlanan müsahibəsində "biz düşmənə qalib gəldik, ancaq bürokratiya və rüşvətxorluğa qalib gələ bilməmişik" - deyir. Xalq şairinin sözlərinə görə, əksəriyyət yeni kadrların təcrübəsiz olduğunu bildirir.

Gəncə şəhər İH-də şəhid anasına qarşı (tək ona qarşımı?!) kobud münasibət haqda fikirlərini ötən həftə Qaynarinfo.az saytına açıqlayan sabiq deputat Nazim Bəydəmirlinin sözlərinə görə, "bu gün İcra başçıları vəzifələrinin öhdəsindən gələ bilmirlər". O, daha sonra qeyd edir: "təkcə bu hadisəyə fokuslanmaq olmaz. Yüzlərlə bu cür olaylar baş verir və nəticədə insanlarda narazılıq yaranır".

Onun sözlərinə görə, islahatlar bütün sahələrdə aparılmalıdır. "Bu addım hansısa iqtidardaxili qrupların maraqları çərçivəsində deyil, dövlətçilik çərçivəsində həyata keçirilməlidir..." N. Bəydəmirli hesab edir ki, kadr təyinatlarının meyarı dəyişməlidir. "İndi əsasən təyinatlar, yerliçiliyə, qohumçuluğa əsaslanır. Ona görə də yeni kadr əvvəlkilərdən fərqlənmir. Bunlara son qoyulmalıdır. Dövləti, xalqı düşünən, dövlət qulluğuna "qaz verib qazan doldurmaq"üçün bir vasitə olmadığını bilən, dərk edən kadrlara üstünlük verilməlidir..."

Yuxarıda qeyd edilən fikirlərə oxşar və eyni zamanda fərqli münasibəti hələ ötən il “Moderator.az” saytında sabiq deputat, siyasi elmlər doktoru Cümşüd Nuriyev "Bakının 12 rayon icra başçılarından beşi Şərurdandır, beşi isə Sisyandan(Qarakilsədən)..." fikrini, həmin sayta verdiyi müsahibəsində izlədim. Politoloq, həmkarım Sultan Laçının "Hökumətin yüksək səviyyəli postlarını tutan şəxslərin korrupsiyaya qurşanması, dövlətə, xalqa, xəyanət etməsi həmin şəxslərin beş illərlə hətta on illərlə işləməsindən sonra rəsmən bəlli olur" - sualını, politoloq, Cümşüd Nuriyevin müsahibəsində qeyd olunan fikirlərə laqeyd qalmamaq mümkün deyil. Saytı izlədiyim an sözügedən müsahibəni oxunma sayının 25 minə artıq çatması fikrimin yalnış olmadığının əyani sübutu kimi göstərmək olar. C.Nuriyevin məlum müsahibəsinin oxunma sayının çoxluğu, izləyicilər tərəfindən maraq və diqqətlə qarşılanması hansı səbəblə bağlı ola bilər? Politoloq C.Nuriyevin məlum müsahibəsinin xeyli oxucu marağına əsas səbəb zənnimcə, onun sözlərinin həqiqətdən uzaq olmadığını və başqalarının (oxu:ekspert, mütəxəssis, "ziyalı")ların bilib dilə gətirə bilmədiklərini C.Nuriyev tərəfindən açıqlanmasıdır. Təbii ki, bu, geniş oxucu marağına səbəb olmaya bilməzdi.

Sözügedən müsahibəsində C. Nuriyev iki amilin böyük rol oynadığını bildirir. "Birincisi on illərllə idarəetmə sistemindəki naqisliklər, ikincisi, həmin naqisliklər ucbatından ölkədə, cəmiyyətdə əksəriyyətə sirayət etmiş mənəvi, əxlaqi keyfiyyətlərin həddindən artıq aşağı səviyyəsi..." olduğunu bildirir.

Politoloq ölkədə gedən islahatlara toxunaraq PA-da digər şöbələr dəyişilsə də, əsas dəyişilməli olanların dəyişmədiyini vurğulayır. Onun qeyd etdiyi həmin əsas şöbələrin vəzifələrə adam təyin etmə prinsipi necədir sualına "birincisi, gərək məlum klanlardan ola" cavabını vermişdir.

O, "əhalinin 88 faizinin aborigen, yəni köklü, yerli olduğunu, ancaq vəzifələrin 88 faizi qeyri-aborigenlərin olsun" fikrini bildirir. Daha sonra isə "Dünyada belə bir dövlət yoxdur, bu, yalnız bizdədir" qeyd etməklə fikrinə məhz bu cür əsas gətirir.

Vəzifələrin region bölgüsünün də tamamilə bərbad vəziyyətdə olduğunu bildirən C. Nuriyevin sözlərinə görə "Ali yüksək vəzifələrə yalnız eyni məlum regionlardan olanlar getməlidir" açıqlaması isə idarəetmə sistemində, eləcə də yüksək vəzifələrə təyin etmənin qənaətbəxş olmadığını bildirir.

Politoloq milləti, xalqı inkişaf etdirə biləcək müsbət keyfiyyətlərin heç biri "layiqli kadrlar"da olmamalıdır fikrinə əsas gətirərək "Vallah, bu, xalq üçün, ölkə üçün böyük faciədir..." sözləri ilə acı təəssüf hissini də gizlətmir. Daha sonra politoloq sözünə əlavə olaraq "... yüksək vəzifələrdəkilərin xəyanətinin 15-25 il sonra müəyyən etməyimizin əsas səbəbi məhz bunlardır, belə kadr siyasətidir", - deyə qeyd edir. C.Nuriyevin müsahibəsindəki fikirlərindən irəli gələn məntiq əsasən odur ki, Prezidentin apardığı uğurlu işlərə dəstək verməyə vəzifə borcu olanlar ictimai mənafeyə qulluq etmirlər.

Əgər onlar ölkəsinə canla-başla ədalətli qulluq göstərmiş olsaydılar, mili dövlətçiliyimizi daim hər şeydən üstün tutan yazıçı Anar və S.Rüstəmxanlının bəzi məmurların yarıtmaz fəaliyyətləri haqda mediada kəskin tənqidi fikirləri yer almazdı.

Bunlar təsadüf ola bilərmi? Əsla! Qətiyyən mümkün ola bilməz!

Cümşüd Nuriyev Cümşüd Nuriyev

Ona görə də Cümşüd Nuriyevin sözügedən müsahibəsindəki fikirlər haqda araşdırma apara biləcək istək meyli olan peşəkar(lar) önə çıxararaq təhqiqat aparsaydılar hələ də tam açılmayan bir cox qaranlıq mətləblərə aydınlıq gələrdi.

Yuxarıda qeyd olunan fikirləri özündə ehtiva edən və adını unutduğum bir mütəfəkkirin sözlərini diqqətinizə çatdırmağı özüm üçün borc bilirəm. Səhv etmirəmsə "bədbəxtlik və faciələr tək qüsür, nöqsandan deyil, əldə edilmiş nailiyyətlərdən sui-istifadə etməklə yaranır" deyib qərb mütəfəkkirlərindən biri.

C. Nuriyevin vəzifələrin region bölgüsü "ali yüksək vəzifələrə yalnız eyni məlum regionlardan olanlar getməlidir" fikrinin davamını növbəti müsahibəsində araşdırma apardığını qeyd etmişdi. C.Nuriyevin Moderator.az saytında 19.04.2021-ci il tarixdə həmin müsahibəsi yayımlanmışdır. Ölkədə artıq çox pis bir siyasi-psixoloji ənənənin olduğunu bildirən C.Nuriyev bununla bağlı psixoloji durumu araşdardığını qeyd edir. Ötən əsrdə Avropada yayılmış elitizm xəstəliyinin müəyyən müddət davam etdiyini, əslində bu ideyanın kökünün qədim Yunanıstanadək gedib çıxdığını vurğulayır. Həmin ideyanın mahiyyətini açıqlayan politoloqun sözlərinə görə, ötən əsrlərdə Avropanı bürümüş bu siyasi mərəz bu gün də Azərbaycanda müalicəsini tapmayıb.

Alim ideyanın mahiyyətini elmi dildə izah edərək, ona aydınlıq gətirirərək belə deyir: "Azərbaycanda xalqa qarşı açıq diskriminasiya, yəni ayrı-seçkilik siyasəti aparılır. Bu da əsasən geodiskriminasiyadan ibarətdir. Yəni vətəndaşlar doğulduqları yerə, məkana, yaxud mənsub olduqları tayfalar görə təsnifatlandırılır və yalnız bunun əsasında orta və yüksək vəzifələrə təyin olunurlar. Bunlara yol vermək olmaz".

Sözügedən müsahibədə xaricdə təhsil almış "25-30 yaşlı gənclər də rüşvətə qurşanıb" deməsi faktı cəmiyyətə ciddi bir mesajdır.

Cümşüd Nuriyev "...Baxın Prezidentin ideyası ilə formalaşmış "Asan Xidmət"də bir manat rüşvət yoxdur. Deməli, bu qondarma "elita" imkan vermir". - deyir. Siyasi elmlər doktoru Prezident bütün ölkəni, hakimiyyət sistemini korrupsiyadan təmizləməyə çalışır, ancaq ətrafdakı elitizm xəstələri əngəllər yaratmaqla bunun qarşısını alırlar." - fikrini əsas gətirir. Politoloq məlum müsahibəsinin sonunda istəyini dilə gətirərək: (bizim də diləyimiz elə budur) "Prezident Ali Baş Komandan 44 günlük müharibədə xarici düşmənlərə-ermənilərə qalib gələrək Qarabağı işğaldan azad edib müzəffər Komandan adına layiq olduğu kimi, daxili düşmənlərə, yəni bu korrupsiya sistemi ilə mübarizədə də zəfər çalsın və xalqı bu qondarma "elita" nın əsarətindən qurtarsın" - deyə son olaraq istəyini yuxarıda qeyd olunan sözlərlə bitirib.

Sabiq deputat C.Nuriyevin sözügedən saytda yayımlanan 2 müsahibəsinə yazımda bu qədər geniş yer ayırmağımın habelə, ətraflı söz açmağımın xeyli səbəbləri var. Əvvəla, bəşər övladına qarşı diskriminasiya, yəni insanlar arasında ayrı seçkiliyin yaranma səbəblərinin araşdırılmasına böyük ehtiyac var.

Ötən əsrlərdən məlumdur ki, istər Çar Rusiyası, istərsə də bolşevik Rusiyası öz imperiya maraqlarını təmin etmək üçün daim erməni kartından türk-müsəlman əhalisinə qarşı təzyiqdən - işğala kimi bütün vasitələrdən istifadə etmişlər.

Millətimizə qarşı ən qəddar və amansız münasibəti zaman-zaman açıq-aşkar və müəyyən dönəmlərdə isə dolayısı yollarla ermənilər tərəfindən almışıq. Xalqımız və millətimiz insanlığa (türklərə) qarşı  ayrı-seçkiliyi ən iyrənc "nümunəsi"ni yaxın tarixi keçmişdə İrəvanda və hazırki Qarabağ İqtisadi rayonlarına köçürülmüş ermənilərdən vaxtilə çox görmüşük.

Fəqət, indi nə çar var, nə də ki, SSRİ imperiyası mövcud deyil. Bəs, hansı səbəbdən ölkə vətəndaşı nə üçün ayrıseçkiliyin qurbanı olur?!

İllər öncə "... ayrılığı kim saldı..." (M. Şəhriyar), "Mənası varmıdı min təriqətin" (S.Vurğun) deyən hər iki qüdrətli söz ustadını ağrıdan əsas səbəb nə idi? Birincisi, ikiyə bölünən millətin ayrılığını, ikincisi, səmavi dinin bölünməsinə qəlb ağrısı çəkərək etiraz edirdilər.

İndi təəssüf ki, müstəqil ölkənin vətəndaşları arasında ayrıseçkiliyi görməmək mümkün deyil. Paralellər aparsaq, istənilən bir ailədə övladlardan biri digərindən daha cox əzizlənərsə, gələcəkdə övladlar arasında münasibətlərdə çatlar əmələ gəlir, fəsadlara yol açır, hətta faciələrə baş verir. Ailədə olduğu kimi, cəmiyyətdə də bu özünü göstərir.

Necə deyərlər: ailə cəmiyyətin "mikromodeli" yəni mahiyyət və məntiqcə cəmiyyətin özəyidir.

Həmin ayrıseçkiliyin "nümünəsini" saytların birində araşdırmaçı jurnalist Komitə sədrinin yaxın-uzaq qohum-əqrəbasının tutduqları "yağlı" vəzifələri, bunların neçə nəfərdən ibarət olduğunu adbaad qeyd etmişdi. Sözügedən qurum haqda paytaxt sakinləri deyir ki, sanki bütün bir kəndin camaatını həmin Komitəyə yerləşdiriblər. Necə deyərlər elin sözü, tərəzinin gözü. Buna nə ad vermək olar? C.Nuriyevin psixoloji durumu araşdırarkən cəmiyyəti bürümüş bu xəstəliyin adının "elitizm" olduğunu və "diaqnoz"un da doğru təyin edə bilmişdi.

Qərbdə ali təhsil almış 25-30 yaş arası gənc məzunların "elitizm" xəstəliyinə yoluxmaları daha acınacaqlıdır. Çünki onların xeyli qismi dövlət vəsaiti hesabına xarici ölkələrin adlı-sanlı ali məktəblərində təhsil alırlar. Xarici ölkələrdə ali təhsil almış gənc və perspektivli gənclər (hamısına şamil edilmir) nədən məmləkətə qədəm qoyduqdan sonra vəzifə və rahat kresloya əyləşən kimi andır "elitizm" xəstəliyinə kütləvi şəkildə yoluxurlar, lap “kovid 19”-a mübtəla olanlar kimi...

Dövlət vəsaiti hesabına xaricdə təhsil almış, məlum bölgədən olan gənc məzuna "çalış xalqının işinə yara, geysin əməlindən dünya zərxara" Ulu Nizaminin dəyərli kəlamını ona xatırladarkən, cavabı belə oldu: "dərdim-sərim qurtarıb, nəyimə gərəkdir, yox bir, xalqın işinə yara". Sitatın sonu. Haqqında söz açdığım məzun özü də bilmədən niyyətini gizlətməyərək açıq şəkildə düşündüyünü dilə gətirmiş oldu.

Xarici ölkələrdə hələ Cümhuriyyət dönəmindən əvvəl Qori Müəllimlər Seminariyasında təhsil almış milli aydınlarımızı hörmət və ehriramla yad etməyimin ciddi səbəbləri var. İmperiyanın əsarətində təhsil aldıqları seminariyada özləri ayrıseçkiliyə məruz qalsalar da, ancaq Vətən və millət naminə gələcək fəaliyyətlərində heç bir kəsə qarşı zərrə qədər ayrıseçkilik münasibəti göstərməmişlər.

Cümhuriyyət dönəmində yerli kadrların yetişməsi üçün 100-ə yaxın gənc bir sıra nüfuzlu təhsil ocaqlarına göndərildi. Bəs onlar nə üçün ölkəsinə geri döndükdən sonra, xalqına qarşı ögey münasibət göstərmədilər, nəyə görə dəfələrlə adın çəkdiyimiz xəstəliyə "yoluxmadılar"?

Qori Müəllimlər seminariyasını bitirmiş Firidun bəy Köçərli, Üzeyir Hacıbəyli və Süleyman Sani Axundovun hər üçünün də övladı olmayıb. Adlarını çəkdiyim bu şəxsiyyətlər hər biri bir ordu qədər milləti yolunda əvəzolunmaz xidmətlər göstərmişlər.

İmperiyaların "parçala - hökm et" siyasəti nə qədər köhnəlmiş olsa da görünən odur ki, ölkəmizin sərhədlərini gözə dəymədən çoxdan aşaraq yeni donda, təzə biçimdə, saxtalaşdırılmış "milli qiyafəlilərın əli ilə məkrli hiylələrini ardıcıl olaraq həyata keçirirlər.

Cəmiyyətimizə bəla gətirdikləri "elitizm" epidemiyasının daşıyıcılarına qarşı gəlin birlikdə mübarizə aparaq. Yadadn çıxarnaq olmaz ki, naqislər, ayrı-seçkilik salanları ağacı içindən yeyən qurd bənzərindədir.

AXC dönəmində gəncləin xarici ölkələrə təhsil alması üçün göndərilməsi Milli Hökümətin təşəbbüsü ilə baş tutmuşdu. Ali təhsilli milli kadrların azlığı və bu boşluğu doldurmaq üçün irəli sürülmüş bu təşəbbüs o dövrün - zamanın tələbi idi. Xaricə təhsil almağa getmiş həmin gənclərin xeylisinin taleləri pis gətirsə də ancaq onların heç biri haqda bugünədək millətinə utanc gətirən bir fakt və ya məlumatla rastlaşmamışıq. Əgər belə bir fakt olsaydı həmin keçmiş tarixi dövrün qəzetlərini araşdırmış şəxslərin diqqətindən yayınmazdı.

Görəsən, həmin tarixi dövrün bütün çətinlikləri ilə üz-üzə qalmış gənclərimiz əməli fəaliyyətlərində milli dəyərlərə sadiqliyinin əsas səbəbi nə ilə bağlı idi? Bu suala kimin necə cavab verəcəyini hörmətli oxucuların özlərindən asılıdır...

Adlarını ehtiramla yad etdiyim millət fədailəri heç bir kəsə qarşı ögey yanaşmayaraq, bunun tam əksinə olaraq xalqın, millətin balalarına doğma övladıtək can yandırmışlar. Neçə-neçə soydaşımız ürəklərində daim yaşatdıqarı müstəqillik arzusuna çatmadı... Bu gün onların xoş əməlləri xalqımızın yaddaşından silinməyib.

Milli dəyərlərə sadiq şəxsiyyət kimi formalaşmağımız üçün millətimizin övladları, şəxsi ləyaqət sahibləri - Üzeyir Hacıbəyli, Firidun bəy Köçərli və Süleyman Sani Axundovdan örnək götürməyimizlə mənən borcumuzu yerinə yetirmiş olarıq.

Ey əziz həmvətənlərim, gəlin birlikdə müstəqil Azərbaycan naminə genetik kodu ictimaiyyət üçün qaranlıq qalan yadelli zümrənin "elitizm" xəstəliyinin daşıyıcılarına qarşı birgə barışmaz mübarizə aparaq.

Ayrı seçkiliyə alışmış bəzi vəzifəli şəxslər hesab etməsinlər ki, onlar ictimaiyyəti aldada biliblər. Belə naqislər pul gücünə həyatları boyu istəsələr belə millətin gözündə ucalmağa müyəssər olmadığı kimi, elita sözü və kəlməsini də milli ruhsuzlardan qətiyyətlə qorumalıyıq.

Hikmət İSLAMOĞLU

Hikmət İSLAMOĞLU, AYB-nin üzvü, Tehsil-Press İnformasiya Agentliyinin əməkdaşı.

Son xəbərlər
Bütün xəbərlər »