Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda uşaqlara hansı müavinətlər nəzərdə tutulur - Xəbəriniz olsun!
Azərbaycanda uşaqlara hansı müavinətlər nəzərdə tutulur - Xəbəriniz olsun!

Son dövrlər cəmiyyət arasında “uşaq pulu” müzakirələri geniş aparılır. Vətəndaşlar uşaqların böyüməsi üçün onların haqqı olan vəsaitin 18 yaşına kimi ödənilməsini tələb edirlər. Bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da uşaqlar üçün müəyyən müavinətlər nəzərdə tutulub. Ancaq vətəndaşlar çox zaman bu müavinətlərin varlığından belə xəbərsiz olurlar.

Bilirsinizmi? Dövlət 1 yaşınadək uşağı olan aztəminatlı ailələr üçün müavinət nəzərdə tutub. Belə ki, "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, ünvanlı (yəni bu ailələr eyni zamanda ünvanlı sosial yardım da ala bilər) sosial yardım təyin olunan ailəyə əlavə dəstək olaraq bir yaşadək uşağı olduğu halda uşağın bir yaşı tamam olan ayın sonunadək aylıq müavinət təyin edilir.

Hüquqşünas Aqil İsmayıl bildirib ki, müavinət 55 manat məbləğində müəyyənləşdirilib. Bu müavinəti əldə edə bilmək üçün isə qeydiyyat yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun müvafiq şəhər, rayon şöbəsinə müraciət etmək lazımdır: “Müavinət, aztəminatlı ailələr üçün nəzərdə tutulub. Müavinət üçün müraciət edən zaman şəxsin ailə vəziyyətini təsdiq edən sənəd-arayış təqdim edilməlidir. Bundan sonra ailəyə müavinət təyin edilir”.

Bununla yanaşı, ailələrə 3 yaşınadək uşağa qulluğa görə müavinət də verilir. Belə ki, uşağa bilavasitə qulluq edən işləyən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın üç yaşı tamam olanadək ona qulluq etmək üçün iş yerindən qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdir. Uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən müavinət, bir yaş yarımadək uşağa qulluğa görə - 44 manat, uşağın bir yaş yarımdan üç yaşınadək qulluğa görə isə - 28 manat məbləğində müəyyənləşdirilib.

Müavinət Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödənilir. Müavinəti almaq üçün uşağa qulluq edilməsinə görə, qismən ödənilən məzuniyyətin verilməsi barədə müdriyyətin əmrinin surəti və ya çıxarış, uşağa qulluq etmək üçün məzuniyyət müddətinə müavinətin təyin olunması haqqında müdiriyyətin müavinət təyin edən komissiyasının protokolu (iş yerinizdən alacaqsınız), uşağın doğum haqqında şəhadətnaməsinin surəti və uşağın doğum haqqında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbəsinin arayışı təqdim edilməlidir.

İndi razılaşaq ki, bu müavinətlərin miqdarı böyük deyil. Ancaq hüquqlarınızı bildiyiniz təqdirdə, böyük olmasa belə, sizin haqqınız olan bu müavinətləri ala və ya tələb edə bilərsiniz. Bəzi ailələr var ki, bu müavinətlərin varlığından belə xəbərsizdir. Bəlkə də, ailələr onlara  düşən müavinətləri vaxtında tələb etməyib. Müavinətlərin varlığından xəbəriniz yox idisə, gec olmadan sənədlərinizi toplayıb müvafiq DSMF-lərə yaxınlaşın. Böyük məbləğ olmasa da, haqqınızdan imtina etməyin.

Növbəti yazıda sizə yaşlılar üçün nəzərdə tutulmuş pensiyalar, onların məbləği haqqında məlumat verəcəyik.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »