Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Yeniyetmələrin peyvənd olunması təcrübə xarakteri daşıyacaq”
“Yeniyetmələrin peyvənd olunması təcrübə xarakteri daşıyacaq”

Xəyalə Qurbanova: “Əgər onların vaksinlənməsi məcburi olarsa, mütləq müayinə olunsunlar”

“Yeni tədris ili açılandan məktəblərdə yoluxanların sayı artıb. Amma bu kritik həddə deyil. Azərbaycanda bundan da kritik dövrlər olub” - Bu fikri Bizimyol.info saytına açıqlayan Pediatr-həkim Xəyalə Qurbanovanın sözlərinə görə, məktəbdə uşaqların yoluxma riski olduğu üçün, özləri ilə evə gətirə və digər ailə üzvlərini də yoluxdura bilərlər.

Xəyalə Qurbanova Xəyalə Qurbanova

Təhsil və Səhiyyə nazirliklərinin 12 yaşdan yuxarı yeniyetmələrin də vaksinasiya prosesinə cəlb olunması ilə bağlı birgə açıqlamasının tövsiyə xarakterli olduğunu deyən həkim bildirdi ki, bu yaş qrupunda olan uşaqlara peyvəndin vurulmasının nə dərəcədə özünü doğruldacağı bəlli deyil: “Bu, məni və bütün həmkarlarımı ciddi narahat edir. Böyüklərin peyvənd olunması zamanı bəzi əlamətlər özünü göstərsə də, ağır hallara səbəb olmadı. Ancaq uşaqların peyvənd olunması, hələlik təcrübə xarakteri daşıdığı üçün gələcəkdə hansı halların ortaya çıxacağı məlum deyil. Valideynlər, bundan çox narahatdırlar və sosial şəbəkələrdə narahatlıqlarını açıq şəkildə ifadə edirlər. Əgər Ümumdünya Səhiyyə Təşkilatı bunu tövsiyyə edirsə, buna əməl etmək lazımdır”.

Təkcə yeniyetmələrdə deyil, hətta böyük yaş qruplarında da peyvəndlər üçün əks-göstəricilərin olduğunu deyən həmsöhbətimiz qeyd etdi ki, insanların müəyyən müayinələrdən keçdikdən sonra peyvəndlənməyə cəlb olunması daha məqsədəuyğundur: “Əks halda, onlarda əlavə təsirlər yarada və ciddi fəsadlara səbəb ola bilər. Çünki, bir belə bir hadisənin şahidi oldum. Tək koronavirusa qarşı deyil, digər xəstəliklərə qarşı peyvəndlərdə də əks-göstəricilər ola bilər. Pediatr kimi tövsiyyə edərdim ki, əgər uşaqların da vaksinlənməsi məcburi olarsa, mütləq şəkildə müayinə olunsunlar. Əgər uşağın bir xəstəliyi və ya narahatçılığı varsa, vaksin öz əks-təsirlərini dərhal göstərəcək. Uşaqda heç bir problem yoxdursa və sağlamlığı yerindədirsə, o zaman vaksin vurula bilər. Bir daha bildirirəm ki, bu məsələ ölkəmizdə təcrübə xarakterli olacaq. Bu təcrübədən artıq Türkiyədə yeni istifadə olunduğu üçün, uşaqlarda hansı reaksiyalara səbəb olduğu məlum deyil”.

Qeyd edək ki, koronavirusun daha yoluxucu “Delta” ştammının gündəmdə olması, bundan əlavə mövsümlə əlaqədar havanın dəyişməsi epidemiyanın daha geniş yayılması riskini artırır. Belə olan halda xəstəliyə qarşı immuniteti artırmaq üçün 3-cü (buster) dozanın vurulması ehtiyacı yaranır.

Həqiqətən də ölkəmizdə “Delta” ştammının da yayıldığını təsdiq edən X.Qurbanova, hazırda hətta qrip virusunun və rotavirusun da geniş yayıldığını diqqətə çatdırdı: ““Delta” ştammı ilə rotavirusda oxşar əlamətlər olduğu üçün, ilkin mərhələdə dəqiq diaqnoz qoyub müalicəsini aparmaq çətin olur. Ancaq rotavirus üçün ayrıca müayinə edib “Delta” ştammından ayıra bilirik”.

Səhiyyə Nazirliyi son açıqlamasında qeyd edib ki, hər 2 doza vaksin olunmuş müəllimlərin ikinci dozadan 6 ay keçdikdən sonra üçüncü doza (“buster” doza) ilə peyvəndlənməsi zəruridir.

Müsahibimizin sözlərinə görə, bu günlərdə Ümumdünya Səhiyyə Təşkilatı üçüncü dozanın vurulmasını zəruri hesab etmədiyini açıqladı: “Hazırda peyvəndlər barədə fikir söyləmək mümkün deyil. ÜST də bu gün bir söz deyir, bir neçə gün sonra isə başqa fikir açıqlayır. Buna görə də, üçüncü dozanın vurulmasının vacib olub-olmaması ilə bağlı konkret fikir səsləndirə bilməyəcəm”.

Rövşən Ziya, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »