Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İnternetdə zorakılığa cavab vermək ən yaxşı həll yolu deyil"
"İnternetdə zorakılığa cavab vermək ən yaxşı həll yolu deyil"

Kiberbullinq bir şəxsin kompüter vasitəsilə yaşıdını və ya düşmən hesab etdiyi şəxsi təhdid, şantaj etməsidir. İnsanlar bunu internet vasitəsilə sosial şəbəkələrdə, elektron poçtlarda və onlayn forumlarda həyata keçirir.

Kiber təcavüzçülər qurbanlarına böyük zərərlər verə bilər. Bu proses, fiziki təcavüz kimi üz-üzə olmadığı üçün günahkarların zamanında aşkarlanması çətin ola bilər. Kiber cinayətkarlar, qurbanlarının elektron poçt ünvanlarını və ya sosial şəbəkə hesablarını oğurlaya bilər. Bununla yanaşı, onların adından onları aşağılayan paylaşımlar edə bilər və məktublar göndərə bilərlər.

"Kaspersky" şirkəti kiberbullinq halları ilə bağlı statistikanı açıqlayıb. Şirkətdən Bizimyol.info saytına verilən məlumata görə, kiberbullinq hallarında təxminən üçdə birində insanlar təcavüzkarı şəxsən tanıyırlar.

Kaspersky-nin sorğusuna görə, kiberbullinqlə (internet üzərindən zorakılıq) üzləşən respondentlərin üçdə birindən çoxu (38%) şəxsi mesaj qutusunda təhqiredici mesajlar alıb, 24% özü haqqında xoşagəlməz paylaşımlar görüb, təxminən üçdə biri isə (31%) öz fotolarının altında xoş olmayan şərhlər oxuyub. Bu kimi hərəkətlər daha çox yad adamlar tərəfindən edilir (39%), amma kiberbullinq hallarının təxminən üçdə birində (31%) insanlar tanıdığı şəxslər tərəfindən aqressiya və təqibə məruz qalıblar.

Bu tip halların 38%-də istifadəçilər təhqiredici mesajları sadəcə, görməzdən gəlirlər. Təxminən yarısında (47%) onlar təcavüzkarı bloka salır, məsələn, onları qara siyahıya əlavə edirlər. Hər üçüncü şəxs xoşagəlməz mesajları silir və eyni sayda adam zorakılıq haqqında sosial şəbəkə administratorlarına xəbər verir.

"İnternetdə zorakılığa cavab vermək nə böyüklər, nə də uşaqlar üçün ən yaxşı həll yolu deyil. Bunu bizim sorğumuzun məlumatları da təsdiqləyir: təcavüzkarla dialoqa girənlərin 28%-i bullinqin davam etdiyini bildirib, 26% isə vəziyyətin daha da pisləşdiyini qeyd edib. Əgər kiberbullinq ilə qarşılaşsanız, ona cavab verməməyə çalışın, çünki laqeydlik zorakılığı azaltmağın ən yaxşı üsuludur. Təcavüzkarları sosial şəbəkədə və ya çatda qara siyahıya əlavə edin. Əgər zorakılığı görməzdən gəlmək çətindirsə, məsələn, səbəbkar fikirləri həqiqətən önəmli olan tanış adamdırsa, onda yaxınlar və dostlar arasında dəstək axtarmaq lazımdır",- deyə Kaspersky-nin Rusiya araşdırma mərkəzinin direktoru Mariya Namestnikova qeyd edib.

Problemi ört-basdır etməməyi, lazım gələrsə, mütəxəssis köməyinə müraciət etməyi tövsiyə edən mərkəzin rəhbəri əlavə edib ki, əgər söhbət sağlamlıq və həyata qarşı təhlükədən gedirsə, sosial şəbəkə adminstratorları və hüquq-mühafizə orqanlarına müraciət etmək lazımdır.

Qeyd edək ki, sorğu Kasperky-nin sifarişi əsasında Opinium şirkəti tərəfindən 2021-ci ildə 25 ölkədə 15 mindən çox insan arasında keçirilib.

Psixoloq Ramin Hacıyevin sözlərinə görə, kiberbullinq çox ağır fəsadlara gətirib çıxara bilər. Bəzən qurbanlar özünə qsəd edə bilərlər: "Bununla yanaşı, şəxslərin özünə inamın qırılması, qayğı, depresiya, zehni və duyğusal sağlamlığın pozulması müşahdə edilə bilər. Təcavüzün formasından asılı olaraq, bu insana müxtəlif şəkillərdə təsir edə bilər. Məsələn; elekrton poçt mesajlarıyla məlumatlar müəyyən şəxslərlə göndərildiyi halda, sosial şəbəkədə paylaşımlar minlərlə insana çata bilir. Və bu da özünə görə, fərqli təsirlərə malikdir".

Kiber təcavüz, cinsiyyətə görə dəyişir. Məsələn; kişi təcavüzçülər, kişiləri fiziki zərər verməklə təhdid etdikləri halda, qadınlara cinsi mesajlar göndərib onların əxlaqına ləkə gətirəcək ifadələr işlədə bilərlər. Qadın təcüvzçülər isə, onlara edilən səhvin əvəzini çıxmaq üçün sirləri açıqlaya bilər və yaxud dedi-qodular yaya bilərlər.

Bəli, sorğunun nəticələri ilə razılaşmamaq mümkün deyil. Amma acınacaqlı hal budur ki, Azərbaycanda hüquq-mühafizə orqanlarına bu istiqamətdə edilmiş şikayətlərə baxılmır. Yanlış anlamadınız! Əgər Azərbaycanda yaşayırsınızsa, sosial şəbəkədə təhqirə-böhtana məruz qalmısınızsa, şərəf və ləyaqətiniz ayaqlar altına atılıbsa, şəxsi həyatınıza müdaxilə edilərsə, hətta sosial şəbəkədə əxlaqsız kimi təqdim edilirsinizsə, şikayət etdiyiniz halda uzağı çağırıb sizdən izahat alacaqlar. Sonradan həmin şikayət aidiyyəti rayon üzrə Prokurorluğa göndərilir və buradan da çağırıb izahatınızı alıb sonra da işi bağlayırlar. Yəni bu gün Azərbaycanda Cinayət Məcəlləsində müvafiq maddələr olsa belə, sosial şəbəkələrdə sizə edilən hər şey cəzasız qalır. Cəzasızlıq isə cinayətkarları yeni cinayətlər törətməkdən çəkindirmir. Onlar yenə öz əməllərinə davam edirlər. Bu sahədə qanunvericilikdə olan boşluqlar hələ çox insanın həyatını alt-üst edəcək.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »