Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sanki sonuncu... Qıpçak
Sanki sonuncu... Qıpçak

Professor Məmmədəli Qıpçak. Hamı onu qalmaqallı YAP-çı deputat Siyavuş Novruzovun qardaşı kimi tanıyır. Bəli, onlar bioloji olaraq qardaşdılar. Amma düşüncə, əqidə qardaşı deyildilər. Yol yoldaşı deyildilər.

Məmmədəli Qıpçak öz dünyası, öz yolu, öz mövqeyi olan bir adam idi. Onu tanıyanlar hamısı haqqında yalnız xoş sözlər deyir, ölümünü dilçilik elmi, Türkologiya, Türkçülük üçün böyük itki sayır.

Məmmədəli müəllim koloritli bir insan idi. Açıq sözlü, açıq ürəkli bir adamdı. Ürəyindəki dilindəydi. Amma sözünü də ayrı bir tərzdə deyərdi.

Bir dəfə Filologiya fakültəsində iclas olur. Müəllimlərə ev bölürlər. Qoca professorlar ortayaşlı dosentlərlə qırğına çıxıb. Oğul-uşağa, nəvə-nəticəyə ev “qoparırlar”. Gənc müəllimlər də boynun büküb oturub. Məmmədəli müəllim də hələ heç namizədlik də müdafiə etməyib.

Qırğının qızğın yerində durub Məmmədəli müəllim o professorlara, dosentlərə deyir:

"Əşi, siz oğul-uşağa, nəvə-nəticəyə ev istəyirsiniz. Amma mənim özümün evim yoxdur. Kirayədə sürünürəm. "Propiska"mı da Bayılda bir gəmiyə ediblər. Sizdən ev də istəmirəm. Hər gün dua eləyirəm ki, o gəmi yerindən tərpənməsin. Siz də dua edin. Allah eləməmiş, o gəmi üzüb Türkmənistana getsə, ev bir yana, "propiskam" da əlimdən çıxacaq”.

Universitet bir zamanlar təkcə elmin, təhsilin flaqmanı deyildi, həm də “böyük şəxsiyyətlər paradı” idi. Burada nəticəsinə ev istəyən də vardı, dənizkənarında bağ savaşı aparan da. Dissertasiya satan da vardı, rüşvəti tələbədən ayaqyolunda kibrit qutusunun içində alan da. Nişanlı tələbəsini qaçırıb ikinci dəfə evlənən də vardı, Bolqarıstana səfər üçün kafedra yoldaşını DTK-ya satan da. Yerliçiliyə görə qruplaşanlar da vardı, rektorun qapısının qabağında sual işarəsinə dönənlər də... Burda hər cür adam vardı.

Ancaq Universitetdə böyük şəxsiyyətlər də var idi. Həm də çox idi.

Elə həmin filologiya fakültəsindəki Bəxtiyar Vahabzadə kimi, Abbas Zamanov kimi, Fərhad Zeynalov kimi, Tofiq Hacıyev kimi, Kamil Vəli Nərimanoğlu kimi böyük alimlər, ictimai xadimlər, sözün bütün mənalarında müəllimlər vardı. Doğrudur, hələ az da olsa, yenə var. Amma son 15-20 ildə burda da bütöv şəxsiyyətin qıtlığı, azad düşüncə qısırlığı meydana gəldi. Başqa hər yerdə necədirsə, elə.

Məmmədəli Qıpçak kimi sağlam əqidə, müstəqil mövqe baxımından rəngli şəxsiyyətlər az qalmışdı. Bu üzdən onun dünyadan köçməsi hər kəsi ağrıdır. Allah rəhmət eləsin!

Seyid Əhmədli, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »