Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Üçtərəfli münasibətlərin ardının gəlməməsi sülh prosesini yubadır”
“Üçtərəfli münasibətlərin ardının gəlməməsi sülh prosesini yubadır”

Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın “Nasionalnaya Oborona” jurnalının baş redaktoru İqor Korotçenkoya müsahibə verib.

Bizimyol.info xəbər verir ki, həmin müsahibədə dövlət başçısı 44 günlük müharibənin başlanmasından, həmin ərəfədə gedən siyasi proseslərdən, habelə müharibənin gedişatında silahlı qüvvələrlə bağlı verdiyi qərarlardan söz açıb.

O, üçtərəfli bəyanatın imzalanması ilə bağlı bəzi məqamları açıqlayıb: “Biz Şuşa şəhərini azad edəndən sonra Vladimir Vladimiroviç mənə zəng vurdu və dedi ki, erməni tərəfi yerinə yetirməli olduğunu yerinə yetirməyə hazırdır. O soruşdu: “Siz öz mövqeyiniz üzərində dayanırsınızmı?” Mən dedim: “Bəli, mən öz mövqeyimi dəyişmirəm. Əgər onlar işğal altında qalan ərazilərdən öz qoşunlarını çıxaracaqları tarixləri bizə desələr, biz dayanırıq”. Bu, noyabrın 8-də axşam olmuşdu. Noyabrın 9-da isə biz bir daha zəngləşmək barədə razılığa gəldik, çünki Vladimir Vladimiroviç çox fəal rol oynayırdı, o, bir növ mənim ismarışlarımı Paşinyana, onun ismarışlarını mənə çatdırırdı. Bu, noyabrın 9-da səhər tezdən gecədən xeyli keçənə qədər davam etdi. Əlbəttə, razılaşdırılmalı məsələlər həddindən çox idi. Bütün bunlar belə avral rejimində cərəyan edirdi. Təsəvvür edin, düşmənçilik edən iki ölkə arasında sənədin mətni bir gün ərzində razılaşdırılmalı və təbii ki, həmin mətndə reallıqlar nəzərə alınmalı idi. Bu reallıqlar nəzərə alındı. Nəzərə alındı ki, Azərbaycan qalib ölkə, Ermənistan isə kapitulyasiya etmiş ölkədir. Həmin bu razılaşdırma gecədən xeyli keçənə qədər davam etdi. Bakı vaxtı ilə artıq noyabrın 10-u idi, buna görə biz həmin sənədi 10 noyabr tarixli Bəyanat adlandırırıq, Moskva vaxtı ilə ayın 9-u idi. Nəhayət, mətn razılaşdırıldı, təbii ki, onun imzalanması nəzərdə tutulurdu, lakin Vladimir Vladimiroviç məndən xahiş etdi ki, Paşinyanın da həmin sənədi bizim yanımızda imzalamasını israr etməyim. Rusiya Prezidenti çox nəzakətli, çox həssas insandır, hamıya çox hörmətlə yanaşır və mən dedim ki, israr etməyəcəyəm, qarşı tərəfin alçaldılması ilə bağlı hər hansı əlavə elementlər mənə lazım deyil, çünki bu, insanın yox, ölkənin alçaldılmasıdır, bunu isə biz özümüzə rəva görə bilmərik”.

Prezident türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın da bundan əvvəl səsləndirdiyi yeni formatdan söz açıb: “Bilirsiniz, 3+3 təşəbbüsü var. Bu təşəbbüs Rusiya, İran, Türkiyə və Azərbaycan tərəfindən dəstəklənib. Gürcüstanın etirazı var, Ermənistan isə öz mövqeyini bildirməyib. Nə hə deyib, nə yox. Yenə mövqe yoxdur. Əgər bu müsbət mövqe olsa, bu istiqamətdə işə başlamaq olar. Bu isə öz növbəsində həm regionda sabitləşməyə və təhlükəsizlik risklərini minimallaşdırmağa kömək edəcək, həm də şərait yaradacaq ki, region ölkələrinin qarşılıqlı fəaliyyətini onlar özləri müəyyən etsinlər, necə yaşayacaqlarını özləri həll etsinlər. Region hansısa kənar təsirdən xilas olacaq. Bizim mövqeyimiz belədir. Biz onu nümayiş etdiririk və təkcə nümayiş etdirmirik, biz bu istiqamətdə iş aparırıq. Ermənistan istisna olmaqla bütün qonşularımızla yaxşı, demək olar ki, yaxın dostluq münasibətlərimiz var, biz bu münasibətləri qiymətləndiririk. Buna görə, əgər Ermənistan bu formata qoşulsa, hamının xeyrinə olacaq”.

Azərbaycan Prezidenti həmçinin rusiyalı oxuculara, Rusiya cəmiyyətinə də jurnal vasitəsilə xitab edib: “Rusiya Prezidenti ilə bizi çox böyük etimada əsaslanan münasibətlər bağlayır. Siyasətçilər arasında, xüsusən qonşu ölkələrin siyasətçiləri arasında bir-birinə bu cür etimadın olması çox vacibdir. Bizim aramızda məhz bu cür münasibətlər mövcuddur. Bir də, əlbəttə, dərin qarşılıqlı hörmət hissi. Bizim məqsədlərimiz tamamilə üst-üstə düşür. Fürsətdən istifadə edib, rusiyalı oxuculara müraciət etmək istərdim ki, onlar Azərbaycan haqqında daha çox bilsinlər, bu ölkənin reallıqlarını, bizim dövlətlərarası münasibətlərin mahiyyətini və xarakterini daha düzgün başa düşsünlər. Bu münasibətlər dostluğa, mehriban qonşuluğa, qarşılıqlı maraqlara, qarşılıqlı dəstəyə əsaslanır və mən həm müharibə dövründə, həm də müharibədən sonra Rusiyadan çoxlu sayda məktub və teleqram alırdım və indiyə qədər alıram. Bunlar dəstək məktubları, təbriklərdir, müəyyən səbəblər üzündən Rusiyaya köçüb getmiş bəzi keçmiş bakılılar da yazır, burada heç vaxt olmayanlar da. Onlar müharibə dövründə bizim ölkəmizə daha müsbət münasibət bəsləməyə başlayıblar”.

Tofiq Abbasov Tofiq Abbasov

Prezidentin müsahibəsini Bizimyol.info saytına şərh edən politoloq Tofiq Abbasov bildirib ki, üçtərəfli bəyanatda bir çox məqamlar öz əksini tapsa da, digər tərəfdən səthilik də var: “Bu, saziş yox, sadəcə bəyanat olduğuna görə, “tam işlənmədiyi” barədə iddia səsləndirənlər müəyyən qədər haqlıdır. Lakin istər keçən ilin noyabrında, istərsə də bu ilin yanvarında imzalanan üçtərəfli bəyanatlar sülh prosesinə xidmət edirdi və sülh sazişinin imzalanması üçün yaxşı başlanğıc sayıla bilərdi. İndi niyə o bəyanatlar tam mənada işləmir? Çünki sülh sazişinin imzalanması yubadılır. Bu, elə bir prosesdir ki, onu mərhələli şəkildə davam etdirmək lazımdır. Lakin yanvar bəyanatından sonra, istər Fransa, istər Ermənistan hakimiyyəti, istərsə də Rusiyada olan erməni lobbisi proseslərə müxtəlif müdaxilələr edərək, qəsdən yubatmağa, gərginlik yaratmağa çalışdılar. Minsk qrupu formatı barədə ortaya atılan fərziyyələr, təkidlə bu formatı gündəmə gətirmək cəhdləri elə bundan xəbər verir. Dövlət başçılarının görüşündən sonra baş nazir müavinlərinin iştirakı ilə birgə komissiya yaradıldı, lakin bu komissiya faktiki olaraq heç bir fəaliyyət ortaya qoya bilmədi. Üçtərəfli bəyanatların ardının gəlməməsi sülh sazişinə mane olur”.

T.Abbasov qeyd edib ki, Azərbaycan-Rusiya münasibətləri Türkiyə ilə olduğu qədər aydın və şəffaf deyil: “Məsələn, Ərdoğanın Azərbaycanla bağlı mövqeyi məlumdur və bütün dövlət institutları, diplomatları da münasibətlərə bu prizmadan yanaşır, fərqli yanaşma göstərməməyə çalışırlar. Rusiyada isə bir qədər fərqlidir. Rusiyanın müxtəlif dairələri hər imkan tapdıqda hansı təxribat törətməyə, Azərbaycan-Rusiya münasibətləri korlamağa və Rusiya adından anti-Azərbaycan mövqeli addımlar atmağa çalışırlar. Bu da, nəticədə xoşagəlməz mənzərə yaradır, Azərbaycan cəmiyyətində Rusiya əleyhinə təbliğat aparanların əlini gücləndirir. Digər tərəfdən, kinematoqraf təbiri ilə desək, Rusiyadan Azərbaycana baxanda, “fokus qarışır”, hər şey aydın görünmür. Rusiya cəmiyyətində önəmli yerlər tutan bəzi şəxslər Rusiya cəmiyyətinə Azərbaycan haqda həqiqətləri yox, öz istədiklərini çatdırırlar. Prezidentin müsahibəsində məhz bu məqamlara da diqqət yetirilib”.

Politoloq vurğulayıb ki, Rusiyanın qabaqcıl mediasında, xarici işlər və müdafiə nazirliklərində Ermənistana simpatiya bəsləyən və hətta erməni əsilli olan yetərincə şəxslər təmsil olunur: “Onlar çox önəmli postları tutur, yeri gəldikdə ölkə rəhbərliyinə də yalnış məlumatlar verməyə cəhdlər göstərirlər. Rusiya prezidentinin üçtərəfli bəyanatlardakı imzasına da hörmətsizlik edənlər məhz həmin qüvvələrdir. Azərbaycan-Rusiya münasibətləri çox mürrəkkəbdir. Münasibətlərə aydınlıq gətirilməsi üçün, ilk növbədə erməni lobbisinin yaratdığı əngəlləri keçməli olacağıq. Əlbəttə, bunun üçün illər lazım gələcək, lakin düşünürəm ki, biz müəyyən dərəcədə uğurlara nail olmuşuq. Sadəcə çox çalışmalıyıq. Azərbaycan hakimiyyəti, dövlət başçısı da çalışır ki, Moskvada erməni lobbisi tərəfindən süni olaraq formalaşdırılan anti-Azərbaycan əhval-ruhiyyəsini aradan qaldıraq”.

Rüfət Əhmədzadə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »