Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Vaşinqtonda bəziləri Azərbaycanın terrora qarşı mübarizədəki əməyini unudur”
“Vaşinqtonda bəziləri Azərbaycanın terrora qarşı mübarizədəki əməyini unudur”

“Erməni lobbisinin təsiri altında Azərbaycan əleyhinə hər hansı sənədə səs verən Konqress üzvləri ABŞ-ın milli təhlükəsizlik maraqlarına və dövlət siyasətinə zərbə vururlar”.

Bu sözləri Bizimyol.info saytına Milli Məclisin üzvü, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə ABŞ Konqressində Azərbaycanı hərbi əsirləri qaytarmamaqda ittiham edilən son düzəlişi şərh edərkən səsləndirib.

Asim Mollazadə Asim Mollazadə

“Erməni lobbisi davamlı şəkildə ABŞ-ı Azərbaycana qarşı qoymağa çalışır. Lakin bu fəaliyyət birbaşa olaraq Amerikanın öz maraqlarına ziddir. Rəsmi Bakı hər zaman İrəvandan fərqli olaraq müstəqil siyasət aparıb, lakin ABŞ-la, Avropa ilə siyasi-iqtisadi əlaqələrə xüsusi diqqət yetirib, eyni zamanda anti-terror koalisiyasında mühüm rol oynayıb”, - deyə A.Mollazadə qeyd edib.

Deputat qeyd edib ki, Azərbaycan ABŞ və digər NATO ölkələri ilə terrora qarşı mübarizədə fəal iştirak edir.

“Azərbaycan sülhməramlılarının Kabil aeroportunda göstərdiyi xidmət də dünyaya məlumdur. Biz hər zaman terrora qarşı mübarizədə ön sıralarda olmuşuq, beynəlxalq sülhməramlı missiyalarda yer almışıq. Avropanın enerji təhlükəsizliyi məsələsində də Azərbaycan önəmli rol oynamaqdadır. Lakin ABŞ-dakı bəzi dairələr Azərbaycanın bu əməyini unudur və terroru, separatçılığı dəstəkləyən Ermənistana dəstək verməyə çalışır. Yaxşı olardı ki, bu və digər amerikalı siyasətçilər Cənubi Qafqazda sülhün bərqərar olunması üçün real addımlar atsınlar. Azərbaycanı ittiham etmək və birtərəfli qərarlar vermək bu bölgədə sülh və sabitliyə xidmət etməyəcək”, - deyə deputat vurğulayıb.

Milli Məclis üzvü əlavə edib ki, ABŞ-ın regiondakı müttəfiqləri İsrail və Türkiyə Azərbaycanın da müttəfiqləridir.

“Azərbaycanın ABŞ,Türkiyə və İsraillə tərəfdaşlığa verdiyi önəm, beynəlxalq siyasi arenada sərgilədiyi balanslı siyasət hamıya məlumdur. Ermənistanın sərgilədiyi mövqe də hamıya məlumdur. Bu gün Azərbaycana qarşı qərəzli siyasət yürüdən İran da Ermənistanın müttəfiqidir. ABŞ-ın siyasi dairələri bu və digər məqamlara diqqət yetirməlidir. Azərbaycanın ABŞ-dan uzaqlaşması Vaşinqtonun maraqlarına heç bir şəkildə cavab verməyəcək”,- deyə Asim Mollazadə əlavə edib.

Rüfət Əhmədzadə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »