Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Atatürkün tarixə düşmüş o məşhur fotosunun hekayəsi - Foto
Atatürkün tarixə düşmüş o məşhur fotosunun hekayəsi - Foto

Bu gün 30 avqust Türkiyənin Zəfər bayramı günüdür. Türkiyəni ayaqda tutmağı, dövlət olaraq yenidən dirçəltməyi bacarmış Atatürkü sevgiylə anırıq.

Böyük Atatürkün bu fotosu Time jurnalının üz qabığında dərc edilib, Türkiyənin bir çox pul vahidlərində, rəsmi simvollarda, Atatürkün büstlərində, abidələrdə məhz bu fotodan istifadə olunub. Bir fotonun kiçik bir tarixçəsini təqdim edirik.

Foto 1924-cü il avqustun 30-da, Böyük Zəfərdən 2 il sonra Dumlupınar meydanında çəkilib. Atatürkün üzündə həm 2 il öncə qazanılmış zəfərin qüruru, həm də şəhidlərin hüznü var idi. Fotoqraf Esat Nedim bu anları ölümsüzləşdirməyi bacardı.

İstiqlal savaşı gedərkən tarix unudulmasın deyə Atatürk əmr edir. Onu hər yerdə addım-addım izləyəcək və döyüş fotolarını çəkəcək bir fotoqraf lazım idi və belə bir iş ştatı təsis edildi. O zamanlar 23 yaşı olan Esat Nedim fotoqraf zabit kimi qeydə alındı və Atatürklə addım-addım bütün savaş meydanlarını gəzdi, minlərlə foto çəkib arxiv üçün saxladı. Ordudan tərxis olunduqdan sonra da ölkə mətbuatı üçün fotolar çəkməyə davam etdi, ömrünün sonuna qədər bu sahədə çalışdı.

Esat Nedim xatirələrindən birində deyir: ”Dumlupınar savaşında meydanda bir əsgər nəşi qalmışdı, bədəni torpağa batsa da, sağ əlini daşlara dəstək vermiş, əlindəki bayrağı yerə düşməyə qoymamış, o halda da şəhid olmuşdu. Atatürk bu səhnəni görüncə çox təsirlənmiş, adı bilinməyən o əsgər üçün elə həmin mənzərəni əks etdirən abidə hazırlanmasını tapşırmışdı. Heykəl “Naməlum əsgər abidəsi” adlandırılmışdı. Atatürkün üzündəki o qürurlu və hüznlü ifadəni o zaman da görmüşdüm, 2 il sonra Dumlupınara yenidən gəlişi zamanı da. Və anlamışdım ki, o şəhid əsgəri xatırlayır. Bu foto da o zaman yarandı”.

Mustafa Kamal Atatürk və Esat Nedim Mustafa Kamal Atatürk və Esat Nedim

Osmanlı imperiyasının uzun illər durmadan torpaq itirməsi və zəifləməsi nəticəsində Anadoluda Antanta qüvvələrinin işğal rejimi qurması buradakı türklərin böyük milli mübarizəsinə səbəb oldu. Bu mübarizənin nəticəsində Antanta qüvvələri Anadoludan çıxarıldı, Osmanlı imperiyası süqut etdi və Atatürk islahatları nəticəsində yeni modern Türkiyə dövləti yaradılmağa başladıldı. 1924-cü ilin 3 martında rəsmi olaraq Xəlifəlik ləğv edildi və son xəlifə sürgün edildi.

Hazırladı: İlhamə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »