Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“İran regiondakı proseslərdə özünü İslam dövləti kimi aparmır”
“İran regiondakı proseslərdə özünü İslam dövləti kimi aparmır”

İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zohuri səfirliyin hərbi attaşesi polkovnik Bəhmən Sadeginlə birlikdə Ermənistan Müdafiə Nazirliyi nümayəndələrinin müşayiəti ilə Qeqarkunik bölgəsinə səfər ediblər.

Qaynarinfo xəbər verir ki, hərbi hissənin komandiri, general-mayor Arayik Arutyunyan qonaqlara Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət barədə məlumat verib.

Səfir və attaşe Verin Şorja kəndi yaxınlığındakı sərhəd zonasını da ziyarət ediblər. İki ölkə arasındakı sərhəd mübahisələrinin davam etməsindən narahatlığını ifadə edən Zohuri, hər iki tərəfin təmkinli olmasının və mövcud mübahisələrin sülh yolu ilə həll edilməsinin vacibliyini vurğulayıb. O, son qarşıdurmalarda şəhid olan əsgərlərin ailələrinə də başsağlığı verib.

Həmçinin, səfir Cənubi Qafqazda uzunmüddətli sülhün təmin edilməsinin bütün bölgə xalqlarının maraqlarına uyğun gəldiyini və İranın bölgədə sabitliyin bərqərar olması üçün lazımi səylər göstərəməyə hazır olduğunu bildirib.

İran İslam Respublikasının öz milli siyasət maraqları var, bu, hamıya məlumdur. Lakin İranın həm Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi, həm də Ermənistanla sıx tərəfdaşlığı regiondakı proseslərdə ikitərəfli oyun apardığı anlamına gəlmirmi? Yaxud, QMİ sədri Allahşükür Paşazadənin məlum “fətva” açıqlaması və bu açıqlama ətrafında yaranan qalmaqaldan sonra, İranın Ermənistandakı səfiri bu addımı ilə Bakıya hansısa mesaj verir?

Politoloq Tofiq Abbasov hesab edir ki, bu məsələyə prinsipial yanaşmaq doğru deyil.

Tofiq Abbasov Tofiq Abbasov

“Bəzi ölkələrin Azərbaycandakı səfirləri azad edilən ərazilərə səfər edən zaman, Ermənistan tərəfdə də kəskin tənqidlər səsləndirilmişdi. Hətta Yunanıstanın Azərbaycandakı səfiri də sərt tənqidə məruz qaldı. Ümumiyyətlə, hansısa ölkənin başqa bir ölkədə olan səfiri əsas vəzifə olaraq, həmin ölkənin hökuməti ilə xoş münasibətlər saxlamağa çalışır. Bəzən də piara hesablanan açıqlamalar, addımlar müşahidə olunur. Həmçinin, bölgədəki vəziyyəti öyrənmək üçün, bəzən səfirlər münaqişə yaranan zonalara da baş çəkirlər. İranın Ermənistandakı səfirinin də sözügedən səfəri də bu qəbildəndir. Rəsmi Tehran bölgənin iri dövlətlərindən biridir, Azərbaycan və Ermənistanla qonşudur. Təbii ki, bölgədə yaşanan gərginlikdən narahat olacaq”, - deyə T.Abassov qeyd edib.

Onun sözlərinə görə, bölgədəki siyasətdə İranın öz maraqları var: “Təbii ki, biz istərdik, İran tamamilə bizi dəstəkləsin, lakin İran rəhbərliyi bu məsələyə mehriban qonşuluq prizmasından yanaşır. Əvvəlki illərdən fərqli olaraq, hazırda İran və Azərbaycan arasında çox yaxşı münasibətlər var və prezidentlər səviyyəsinə də bu münasibətlər yüksək səviyyədədir. İran səfirinin Ermənistanda sərhədyanı ərazilərə səfər etməsinin isə hər hansı mesaj olduğunu, münasibətlərdə gərginlik yaradacağını düşünmürəm. Təbii ki, İranda da anti-Azərbaycan əhval ruhiyyəli müəyyən dairələr var, lakin onların hər hansı söz sahibi olduğunu demək olmaz”.

Bizimyol.info saytına danışan başqa bir politoloq Rasim Ağayev də xüsusi mesaj olmadığını düşünür, lakin bu səfərin planlı siyasətin bir hissəsi hesab edir.

“İranın həm Azərbaycana, həm də Ermənistana yanaşması fərqlidir. Müharibə dövründə də Ermənistanın məğlub olması, itkilər verməsi İranda böyük narahatlıq doğurur. Burda mesaj yox, aydın siyasi xətt var. İran bölgədə böyük oyunçuya çevrilmək istəyir, bununla da yanaşı, Azərbaycana təzyiq və təsir etmək üçün, erməni kartından istifadə edir”, - deyə R.Ağayev qeyd edib.

Onun sözlərinə görə, İran İslam Respublikası özünün dövlət siyasətində müsəlman ölkəsi olan Azərbaycanla yaxınlaşmağı prioritet tutmalı idi: “Yəni, bir İslam dövləti olaraq, Qarabağda İslam abidələrini dağıdan, müsəlmanlara qarşı soyqırım edən Ermənistanla dostluq etmək, onu dəstəkləmək öz prinsiplərinə xəyanət sayıla bilər. İran özünü İslam dövləti kimi aparmır”.

Rasim Ağayevin sözlərinə görə, 44 günlük müharibədən sonra Qərb dövlətləri regionda, xüsusən də Ermənistanda fəallaşmağa başlayıblar: “İran tərəfdən də bunu görürlər və proseslərdə İranın rolunu artırmağa çalışırlar”.

Rüfət Əhmədzadə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »