Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Olimpiadada Azərbaycandan kim medal qazanacaq...
Olimpiadada Azərbaycandan kim medal qazanacaq...

Tokio Yay Olimpiya Oyunlarının 7-ci günü geridə qalmaq üzrədir. Medalların üçdə birindən çoxu sahibini tapıb. Ümumilikdə 66 ölkənin təmsilçisi mükafat əldə edib. Hətta San Marino da tarixində ilk dəfə medal görüb. Amma Azərbaycanı təmsil edənlər uğursuzluğu ard-arda düzür.

Bizimyol.info xəbər verir ki, Tokioya yollanan 44 idmançımızdan tən yarısı mübarizəni dayandırıb. Onların heç biri qənaətbəxş nəticə göstərə bilməyib. Təkcə Rüstəm Orucov medala bir az yaxınlaşmışdı. Amma cüdoçunun tutduğu 5-ci yer sevinməyə əsas vermir.

Olimpiadada uğursuz çıxış etmiş idmançılar yavaş-yavaş səbəblər haqda danışmağa başlayıb. Hələlik əsaslı arqument eşitmək mümkün olmayıb. Uğursuzluğa haqq qazandırmaq istəyənlər daha çox qlobal böhranı qabardır. Sanki pandemiya təkcə Azərbaycanda olub. Qlobal böhran üzündən olimpiadaya pis hazırlaşmağa qalsa, onda gərək Gürcüstan Tokio turnirinə belə gözəl başlamazdı. Kosovonun artıq 2 qızıl medalı var. Bermud adaları, Fici mükafat əldə edib. Deməli, səbəb məsuliyyətsizlikdir. Azərbaycan Yay Olimpiya Oyunlarına yaxşı hazırlaşmayıb. Bunu istənilən halda etiraf etmək lazımdır.

Azərbaycanın nümayəndə heyəti Yaponiya paytaxtından medalsız qayıda bilərmi? Hesab edirik ki, yox. Çünki Azərbaycan idmançılarının, adətən, uğur qazandığı növlərdə mübarizəsi hələ də irəlidədir. Söhbət daha çox güləşdən və karatedən gedir. Yunan-Roma güləşi, sərbəst güləş və karate yarışları hələ başlamayıb, 10 idmançımız öz şansını gözləyir. Hələ bədii gimnastların, yüngül atletlərin mübarizəsi irəlidədir. Boksçulardan Cavid Çələbiyevlə Loren Alfonso Dominges, cüdoçu Uşanqi Kokauri medal qazanmağa çalışacaq.

Bir də ayrı-ayrı idmançılara ümid var. Keçən olimpiadanın qalibi Şərif Şərifov hələ döşək üzərinə çıxmayıb. Güləşçinin medalsız qalacağı inandırıcı görünmür. Mariya Stadnik də sərbəst güləşdə sözünü deyəcək. Çünki son yarışlarda çox inamlı təsir bağışlayıb. Elə Hacı Əliyevə də ümid böyükdür. Yəni sərbəst güləşçilər istənilən halda ölkəyə medal gətirəcək. Karatedə Rafael Ağayevi heç unutmaq olmaz. Amma yenə yazmalıyıq ki, ümumi mənzərə xoş deyil. Azərbaycanın Yay Olimpiya Oyunlarında işləri yaxşı getmir. Çoxlu səhvlərə yol verilib. Milliləşdirilən əcnəbilər ümidləri doğrultmur. Legioner idmançı mübarizə apardığı turnirdə son yeri tutursa, onda həmin adama Azərbaycan pasportu verməyin nə mənası var? İdman funksionerləri legioner siyasəti barədə ciddi düşünməlidir.

Azərbaycan 2016-cı il Yay Olimpiya Oyunlarında 18 medal qazanmışdı. Bu dəfə həmin nəticənin heç yarısının əldə olunacağı inandırıcı görünmür. Yenə ümidimizi itirmirik. İnanmaq istərdik ki, Tokioda şansı qalan Azərbaycan təmsilçiləri layiqincə mübarizə aparacaq.

Son xəbərlər
Bütün xəbərlər »