Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Narkoloji Dispanserdə gördüklərim: "Evimizi yandırdı, atam da yanıb öldü, arvadını da öldürdü"
Narkoloji Dispanserdə gördüklərim: "Evimizi yandırdı, atam da yanıb öldü, arvadını da öldürdü"

Dövlət müəssisəsinə təqdim etmək  üçün Narkoloji Dispanserdən sənəd almalıydıq. Üz tutduq Maştağa qəsəbəsindəki Respublika Narkoloji Mərkəzinə. Mərkəzin önündə gördüklərim, eşitdiklərim yəqin ki, bir ömür boyu unudulmayacaq.

Həbsxana  divarları kimi hündür divarlar, balaca nəfəsliyin arxasından səninlə danışan mühafizəçi, qapı açılıb örtülərkən görünən geniş boş həyət. Dispanser barədə ilk təəssürat budur, lakin içində, divarları dibində nə qədər həyat çürüyüb, ağ ölüm neçə gənci, yaşlını burda cənginə alıb.

Hasar dibində büzüşüb oturmuş 20-yə qədər arıq, qarnı belinə yapışmış, yanaqları batmış, üzü saqqallı kişi var. Hamısı bir-birinin yanında dayansa da, sanki bu dünyada deyillər. Huşu içindədilər, nə gəlib-gedəni görürlər, nə deyiləni eşidirlər. 20-60 yaş aralığındadırlar. Hərçənd  tökülmüş görünüşləri ilə yaşlarını da ayırd etmək olmur. Onların arasındakı bir nəfər çöməldiyi yerdən ayağa qalxdı, qarnı ağrıyırmış kimi əyilib-dikəlməyə başladı, özünü qucaqladı, divarı təpiklədi, bir ara başını da divara çırpdı, sonra qarşısındakı xəyali düşməninə ağıza alınmayacaq qədər ayıb söyüşlər söyməyə başladı. Həm də bağıra-bağıra. Kimsə dönüb baxmır. Ya qorxurlar, ya da adətkərdə olublar. Əllərində dolu çantayla gözləyən kasıb görünüşlü iki qadın gözücu ona baxıb asta-asta söhbətləşirlər.

- Allah öldürsün bunu, bəlkə ailəsinin də canı qurtara.

- Onlar ölmür bacı, ölən bizik, 4 dəfə müalicəyə gətirmişəm oğlumu, əlimdə-ovcumda nə varsa, hamısını satdı, sovdu, bir quru canım qalıb, ölsəm, qurtarardım. Evdə balalarına verməyə yemək tapmıram, yenə o batmışa bura yemək, pul gətirmişəm.

- 9 dəfə də mənimki girib-çıxıb bura. Övladdır, atsan atılmaz, satsan satılmaz. Qardaşları birtəhər gətriblər bura. Neyniyək, çöldə qalsa, kiminsə balasını qanına qəltan edəsidir. Allah lənət eləsin bu bəlanı icad edənə. Gül kimi uşaq idi. Universiteti yarımçıq qaldı, tələbə oldu dedik, sevindik, günümüz Maştağada keçəsi oldu.

Danışılanlardan  tüklərim biz- biz olur. Gün vurmasın deyə divarın balaca  kölgəsinə qısılmış, nə zamansa gözəl olmuş, lakin dərin bir xiffətlə  saçları zamansız ağarmış bir gəlin dayanıb kənarda. Ona yaxınlaşıram. Növbə gözləyirik. İçəri girənlər çıxmır, burada zaman donub sanki, insan içindəki ürkünü, sıxıntını qovmaq  üçün danışmaq istəyir. Ara-sıra kəlmə kəsə-kəsə onun kimi gözlədiyini soruşuram.  Bulaq kimi dolmuş gözləri yanaqlarına boşalır.

- Qardaşımı. Bir bədbəxt qardaşım var. Hamımızı bədbəxt elədi, özü hamıdan çox. Bir vaxtlar atamız vəzifəli bir kişi idi. Gəncədə universitetdə dərs deyirdi, imkanımız, evimiz , eşiyimiz. Millət bizə həsəd aparırdı. Qardaşım dadandı bu narkotik mərətə. Gecənin birində narkotikin təsiri altında evimizi yandırdı,onu sakitləşdirmək istəyərkən də necə vəhşiləşmişdisə, arvadını öldürdü. Dəli kimi istəyib almışdı o qızı. Dünyanı başımıza yıxmışdı evlənənə qədər, atam razı olmamışdı, gedib qaçırtmışdı. Di gəl həmin gecə o zəhərin təsiri altında qızı öldürüb evə od vurdu. Alt paltarında evdən birtəhər qaçıb qurtardıq. Atam tüstüdən boğuldu öldü. Mən də universiteti yarımçıq qoydum o hadisədən sonra. Həbsə girdi, çıxdı, amma nə xeyri. Ömrü-günü çürüdü divarlar  arxasında.

- Bəs siz ailə qurmadız?

- Qurdum. Dünyada ondan başqa kimim qalmışdı ki, nə də olsa, qardaş idi, ardınca süründüm, əlimdən gələni eləməyə çalışdım. Onun xasiyyətinə görə məni də boşadılar. Dedilər bəlanı bizdən uzaq elə.

Ah çəkir. Ahı yay günəşindən daha qızmar, daha yandırıcı. Bir abrına qısılmış həya mücəssiməsi var qarşımda, bir də qarşı səkidə günün altında  açıq-saçıq geyiminə baxmayaraq, abırsız şəkildə çöməlib oturmuş qadın. Nə vaxtsa  rəng qoyulmuş saçlarının boyası gedib,  üz-gözü illərlə səhrada xidmət etmiş əsgər üzünü andırır. Yanmış dərisi, cadar-cadar dodaqları, vəhşi baxışları ilə qadından çox kişiyə oxşayır. Telefonla danışır. Bilinir ki, həyatını faişəliklə qazanır. Kiməsə söyə-söyə  danışır. ”Adə, yatdım, pulumu vermədi də. Qoy canı çıxsın, mənə vermədiyi pulu dərmana qismət olacaq”. Sonra öskürürmü, gülürmü, bəlli deyil, əcaib bir səs çıxarır. Onun danışıqları əsasında ağlımdan ilk keçən bu oldu ki, hansısa cinsi xəstəliyi var, təsadüfi əlaqədə olduğu kişilərə də  yoluxdurub. Bundan da həzz alır.

Ətrafa baxıram. Gəlib-gedən narkotik istifadəçiləri  əllərində dərman şüşələri ilə gedirlər. Öyrəndiyimə görə bu maye alternativ, sintetik metadondur. Zəif və daxili orqanlara ziyan vuran maddə olduğunu deyirlər. Ətrafda danışılanlardan eşidirəm, burada 5-10, hətta 20 dəfə yatıb çıxanlar var. Amma heç biri tam müalicə oluna bilməyib. Ən azı iki il ərzində narkoman olan və ən azı iki dəfə müalicəsi uğursuz olan narkomanlar dispanserə müraciət edib aylıq istifadə üçün metadon ala bilirlər.

Bu problem hətta ən inkişaf etmiş ölkələrdə belə var, ancaq korrupsiya narkomaniya üçün münbit şərait yaradır. Müharibələrdən, pandemiyalardan bəslənib varlananlar olduğu kimi narkomaniyadan da qazananlar var.

Narkotik istifadəçisi yeni başlayıbsa, həmin bu bəzi dərmanlarla və digər köməkçi dərmanlarla ağrılardan, narkomaniyadan qurtara bilər. 3-15 gün içində onu vəziyyətdən çıxarıb sağaltmaq olur. Əgər mühit sağlam olarsa, o bu bəladan qurtulur, mühitində narkomanlar varsa, yenidən bu bəlanın cənginə düşməsi an məsələsidir.

Narkotiklərlə mübarizədə ən böyük problem ağrıkəsici dərmanların adının psixotrop qoyulub qadağan edilməsidir. Bir çox aptklərdə məhz bu ucuz ağrıkəsicilər od qiymətinə satılır, xüsusi respetlərlə verilir deyə narkoman gedib dərman almaq əvəzinə ağrılarını narkotik maddələrlə kəsmək məcburiyyətində qalır. Bunu kefindən yox, ağrıların şiddətindən edir. Ucuz sintetik narkotiklərə bulaşanların isə geriyə yolu yoxdur. 2 gün öncə ölən o 2 uşaq anası kimi.

Narkotiklər üzrə ekspert Emil Maqalov hesab edir ki, adı psixotrop olan dərmanların qiyməti aşağı salınmalı və açıq satışa qoyulımalıdır ki,  narkomanlar istifadə edə bilsinlər. Əks halda onlar oğurluq edəcək, cinayət törədəcək ki, əllərinə pul keçsin, gedib, o narkotik vasitəni əldə etsin.

Mənim Narkoloji Dispanserdə gördüyüm bu sarsıdıcı mənzərə  beynimə əbədi yazıldı. Bəlkə də örnək dərs, nümunə  üçün  bu mənzərəni gənclərə göstərmək də pis olmazdı. Çünki bu zəhərə bulaşıb sağalmaq hünər deyil,  bəxti gətirməkdir. Bəxti gətriməyənlərin sayı isə onminlərlədir.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »