Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Nəsrani piri", "Tərsa piri", yoxsa erməni kilsəsi - Video
"Nəsrani piri", "Tərsa piri", yoxsa erməni kilsəsi - Video

Buzovnada el arasında “butulka piri” adı ilə tanına pirin qəribə tarixi var. Deyilənə görə, abidə Qafqaz Albaniyası dövründən qalıb. Kimi də deyir ki, erməni kilsəsi olub. Bu gün isə bu pir qəribə də olsa, bir çox insanların inanc yerinə çevrilib.

Buzovna sakinlərinin sözlərinə görə, pirə müxtəlif kəndlərdən insanlar gəlir. Nəzir deyir, butulka sındırıb gedir. Deyilənə görə, butulka pirinə övladı olmayanlar, qorxanlar, xəstəliyi olanlar da pənah gətirir.

Kənd sakini Rəhimə Əliyevanın sözlərinə görə, bura uzun illərdir ki, pir hesab edilir:

“İnsanlar bura gəlir, dağılmış divarlara mismar vurur, dəsmal bağlayır, butulka sındırırlar. Hətta divarlarda kiçik beşiklər də asılıb. Belə hesab edilir ki, pir insanların istəklərini reallaşmasında kömək edir”.

Kənd sakini deyir ki, hər il buradakı sınmış şüşələr maşınla daşınır. Amma heç bir ay keçməmiş pir əvvəlki vəziyyətinə düşür.

“Şəxsən mən inanmıram. Amma bəzi insanlar var ki, Allaha şirk qoşub, hər şeyə inanırlar. Ola bilsin ki, kimsə burdan keçəndə görüb sınıq butulka var o da sındırıb. Beləcə adət-ənənəyə çevrilib. Mən eşitmişəm ki, bura, guya, erməni hamamı olub. Amma dəqiq tarixini bilmirəm” - deyə kənd sakini əlavə edib.

Tarixçi Faiq Nəsibovun sözlərinə görə, abidə XIII-XIV əsrə aiddir. Abidənin tarixinə gəldikdə heç bir mənbədə bu barədə konkret məlumat yoxdur. Deyilənə görə, abidə Qafqaz Albaniyası dövründə tikilib. Alban məbədi olub. III əsrdə tikilən abidə zaman-zaman bərpa edilərək, bu günə qədər gəlib çıxıb:

“İnsanların inancına müdaxilə etmək olmaz. Gedirlər, nəzir deyib, şüşə sındırırlar. Guya, niyyətləri reallaşır. Şüşə sındırma ayini təkcə butulka pirində deyil, digər Bakı kəndlərindəki pirlərində də var”...

Nə qədər gülünc olsa da, butulka pirinin üstünlüklərindən biri odur ki, insanlar gəlib, butulka sındırır, dəsmal bağlayır, mismar vurur. Bu pirin ətrafında nəzir qutusu yoxdur. Yəni bu pir insanların yardım, xeyriyyə, ehsan adı ilə ciblərinə girmir.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »