Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda bir əsr yaşı olan yarımstansiya - FOTOLAR
Azərbaycanda ilk dəfə olaraq 1914-cü ildə Binəqədi rayonunda neft sənayesi ilə əlaqədar tikilmiş 20 kv-luq qapalı tipli yarımstansiya bərpa olunub və hazırda muzey kimi fəaliyyət göstərir. Ağır əl əməyi ilə inşa edilən yarımtsansiyanın binası uzun müddət fəaliyyət göstərib və əsaslı yenidənqurma işlərindən sonra indi artıq “Yarımstansiya-muzey” kimi tanınır.

“Avropanın bəzi inkişaf etmiş ölkələrində elektrik enerjisi olmayanda, Azəbaycanda enerji istehsal olunurdu”. Bunu bizimlə söhbətində “Yarımstansiya-muzeyi”nin direktoru Pərisoltan Ramazanova bildirib. O deyib ki, adıçəkilən muzey 2009-cu ildə yaradılıb.

Orijinallığı qorunmaqla bina müasir standartlar səviyyəsində təmir edilib. Muzey Azərbaycanın elektroenerji tarixi haqqında olduqca dolğun məlumat əldə etməkdə əvəzsizdir.

“Tarixi sənədlərlə tanışlıqdan bəlli olur ki, yarımstansiya binasının tikintisi o zamanlar Binəqədi kəndində neft çıxarılması ilə bağlı olub. Muzeydə XX əsrin əvvəllərində Bakıda tikilən stansiya və yarımstansiya, küçə və evlərin işıqlandırılması, idarəetmə stansiyaları barədə də geniş məlumat əldə etmək mümkündür. Muzeydə o zamanlar Bibiheybətdə qurulan blok sxemi, yaradılan digər stansiya və yarımstansiyalar necə var idisə, o cür də mühafizə olunur və nümayiş etdirilir”,-deyə P.Ramazanova bildirib.

Muzeydə Bakı şəhərinin 1929 və 2009-cu illərinin şəbəkə sxemləri nümayiş olunur. Həmçinin 100 il əvvəlki layihə və avadanlıqlardan ibarət olmaqla 20/2 kv-luq yarımstansiya modeli olduğu kimi bərpa olunub.

Muzeyin ikinci mərtəbəsində idarəetmə lövhəsi quraşdırlıb. Muzeylə tanışlıq zamanı qeyd olundu ki, bu yarımstansiyanın idarəetmə lövhəsi olduğu kimi muzeydə saxlanılır. 19-cu əsrin sonlarından istifadə olunan avadanlıqların müəyyən hissəsi muzeydə saxlanılır. O zaman avadanlıqlar Avstriyadan gətirilib.

Muzey binasının daxili işıqlandırma sistemi 100 il əvvəlki formada xüsusi saxsı izolyatorlarla çılpaq naqillər vasitəsilə həyata keçirilib.

Muzeyin ərazisində, açıq havada xüsusi postamentlərdə iri həcmli avadanlıqalarla tanış ola bilərsiniz.

Qeyd edək ki, “Yarımstansiya-muzeyi”nə giriş pulsuzdur.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »