Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mal-qara sahibləri, zərərə düşə bilərsiniz
Mal-qara sahibləri, zərərə düşə bilərsiniz
Yəqin ki, hamınızın sürətlə avtomobil idarə etdiyiniz zaman qarşınıza mal-qara çıxdığı hal olub. Əyləcə sıxaraq, ürəyinizdə mal-qara sahiblərinə "tərif" də demisiniz. Və bu hallar təkcə kənd yollarında deyil, şəhərin küçələrində belə qarşınıza çıxıb.

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Bizimyol.info-ya açıqlamasında bildirib ki, vətəndaşlar mal-qaranın yollardan keçirilməsi və ya nəzarətsiz buraxılması məsələsindən xəbərsizdir.

“Azərbaycan kənd təsərrüfatı sahəsində çox zəngin imkanlara malikdir. Ölkədə bir çox rayonlar, kəndlər daha çox yola yaxın ərazilərdə salınıb. Mən bir çox kəndlərə fikir vermişəm. Elə bir ənənə formalaşıb. Səhər tövlənin qapısını açır, mal-qaranı buraxırlar. Axşam da oturub gözləyirlər ki, mal-qara qayıdıb, yerinə yığışacaq. Ancaq bunun bir məsuliyyət olduğu unudulur. “Yol hərəkəti haqqında” qanunun tələbinə görə, nəzarətsiz qalan mal-qara yol qəzasına səbəb olursa, onun sahibi məsuliyyət daşıyır. Əvvəllər yalnış bir fikir formalaşmışdı. Yola çıxan heyvan vurulan zaman heyvan sahibi sürücünün yaxasından yapışıb, heyvanın pulunu alırdı. Ancaq uzun müddətli təbliğat aparıldı və heyvan sahiblərinə izah edildi ki, heyvanlar nəzarətsiz buraxılıbsa, onlar məsuliyyət daşıyır. Qəza baş verdiyi zaman heyvan sahibi cərimə edilməklə yanaşı, avtomobilə dəymiş zərəri də ödəməlidir. Bəzən avtmobil qəzası baş verir, hətta heyvan sahibi də gəlib hadisəyə baxır və çıxıb gedir. Heç kim heyvanın kimə aid olduğunu demir.”-deyən ekspert vurğulayıb ki, hazırda qəza baş verdiyi zaman mal-qara sahibi məsuliyyət daşıdığı üçün gizlənir.

E. Muradlı qeyd edib ki, avtomobilin kasko sığorta olan zaman sürücüyə dəyən zərər sığorta tərəfindən ödənilir. Daha sonra həmin vəsait hüquqi yolla mal-qara sahibindən alınır.

“Hər bir halda qanunları möhkəmləndirmək, insanlar arasında təbliğat aparmaq lazımdır. Mal-qara sahibləri və sürücülər öz hüquqlarını bilib, əməl etməyə borcludur. Ancaq hər bir halda mal-qara səbəbindən qəza baş veribsə, heyvan sahibi dəyən zərəri ödəməlidir”-deyə ekspert əlavə edib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »