Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya və Çin kosmosda da ABŞ-la qarşı-qarşıya gəlir
Rusiya və Çin kosmosda da ABŞ-la qarşı-qarşıya gəlir

Rusiya son illər Çinlə çox yaxınlaşıb. Əvəzində Qərblə qarşıdurma bir az da dərinləşib. İş orasındadır ki, Kreml ABŞ və Avropa ilə kosmosda da yola getmir.

Bizimyol.info xəbər verir ki, “Der Spiegel” Yer kürəsindən kənarda baş verənlərə diqqət ayırıb. Almaniya jurnalı Rusiyanın öz kosmik stansiyasını yaratmaq planından bəhs edib. Kreml Beynəlxalq Kosmik Stansiya ilə yolları ayırmaq qərarı verib. Bunun yaxın gələcəkdə baş tutacağı gözlənilir.

Rusiya həm də Çinlə eyni mövqedən çıxış etməklə kosmosda böyük gücə çevrilməyə çalışır. “Der Spiegel” diqqəti Asiya ölkəsinin Ay ətrafında son işlərinə çəkib. Çin pilotsuz aparatı Yerin peykinin görünməyən hissəsinə göndərmişdi. Asiyalıların hazırladığı qurğu oradan hətta torpaq da gətirə bilmişdi.

Çin bir az da irəli getməyə hazırlaşır. Kommunist rejimi Aya insan göndərmək haqqında düşünür.

ABŞ Konqresinin qərarına uyğun olaraq, Çin Beynəlxalq Kosmik Stansiyanın işində iştirak edə bilmir. Bu mənada Pekinin öz kosmik stansiyasını yaratmaq sevdasına düşməsi təəccüblü görünməməlidir. Rusiya ilə əməkdaşlıq Çin üçün əlverişlidir. Amma Moskva həmişə məsələyə eyni münasibəti göstərmir. “Roskosmos”un rəhbəri Dmitri Roqozin bir müddət əvvəl açıqlamasında demişdi ki, nəsə yaxşı bir şey ortaya çıxarmaq istəyirsənsə, bunu təkbaşına etməlisən. Bundan həm də Çinlə ortaq işə başlamaq niyyətinin olmaması nəticəsini çıxarmaq mümkündür.

İndi kosmosda hər şey qaranlıq görünür. İlk baxışdan Rusiya orada Çinlə birləşmək görüntüsü yaradır. Amma həm Moskva, həm də Pekin öz kosmik stansiyasını yaratmaq haqda daha çox danışmağa başlayıb. Çin daha fəal təsir bağışlayır. Kosmik proqram hazırlanıb. Gələn həftə “Tyanxe” modulu ilə raketin kosmosa göndərilməsi planlaşdırılıb. Çin 2022-ci ilin sonuna qədər kosmik stansiya məsələsini tam həll etməyi düşünür.

ABŞ hər imkandaca Rusiya ilə əməkdaşlıqda maraqlı olduğunu bildirir. Amma sanki Moskvanın Beynəlxalq Kosmik Stansiyanı tərk etməsi Vaşinqtona böyük hadisə kimi görünmür. ABŞ bu stansiyanın gələcəyini həm də kommersiya layihəsi formatında təsəvvür edir. Ora çoxlu turistlər yollana bilər.

Bütün hallarda kosmosda Yerdə olduğu kimi, yeni rüzgarlar əsir. Planetdən kənarda da kəskin qütbləşmə ortaya çıxıb.

Son xəbərlər
Bütün xəbərlər »