Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezidentin bir fərmanının izi ilə...
Prezidentin bir fərmanının izi ilə...

Kritik informasiya infrastrukturu (Kİİ) obyektlərinin təhlükəsizliyinin dövlət üçün əhəmiyyəti nədən ibarətdir?

Bütün həyati sahələr üzrə qlobal miqyasda yaşanan böhranlı vəziyyətlərin ən sıxıntılı fazasına daxil olduğumuz indiki kritik məqamda prezident İlham Əliyevin kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində tədbirlər haqqında imzaladığı Fərmanın zamanlamasının əhəmiyyəti çox böyükdür və bu barədə danışacağıq.

Ondan başlayaq ki, informasiyaların mühafizə edilməsi və tətbiq olunması elminin tarixi son yüz illə məhdudlaşmır. Ta qədim zamanlardan başlayaraq, ölkələri idarə edənlər və ordu komandanları üçün mühüm hərbi, iqtisadi, siyasi və sosial yönümlü məlumatları həmişə məxfi saxlamaq zərurəti yaranıb. Vaxt keçdikcə, informasiya texnologiyaları və kriptoqrafiya perqamentləri gizli yazı ilə əvəz olundu, ancaq, bəllidir ki, dövlət adamlarının hədəfləri dəyişməz olaraq qalır: dövlət və sənaye əhəmiyyətli sirləri qoruyub saxlamaq, informasiyaları kəşfiyyat-diversant agentlərinin qanun pozuntularından mühafizə etmək, təxribatçı kiber-basqınçılar tərəfindən təşkil olunan kiber hücumlar nəticəsində qəzaların və fəlakətlərin qarşısını almaq hər zaman mövcud olub. İndi demək olar ki, hansısa vacib məlumatlar kağız şəklində saxlanmır, ya da, bu, çox az rast gəlinən hadisədir və informasiyalar analoq (rəqəmsal olmayan) sistemlərə işlənmir, elə bu səbəbdən onların qorunma metodları da rəqəmsal olmalıdır.

Dövlət əhəmiyyətli məxfi məlumatların kiber-təhlükəsizliyi ilə əlaqədar tədbirlər son on ildən çoxdur, əsasən texnoloji tərəqqiyə nail olmuş inkişaf etmiş ölkələrdə tətbiq edilirdi. Buna baxmayaraq, informasiya texnologiyalarının geniş yayılmış inkişafı rəqəmsal texnologiyaların yalnız dövlət qurumlarında deyil, həm də sənayedə, nəqliyyatda, tibbdə, maliyyə və elmi təsisatlarda geniş istifadə olunmasına gətirib çıxarıb. Bu gün kimsəyə sirr deyil ki, iqtisadiyyatın sözügedən sahələrinə aid informasiya sistemləri tez-tez kiber-hücumların hədəf obyektinə çevrilirlər. Əsasən, başqa dövlətlərin hakerlərinin maliyyələşdirilməsi ilə baş verən belə kiber-hücumların qarşısında qiymətli məxfi məlumatların, ən yeni ixtiraların, elmi tətbiqlərin, dövlət əhəmiyyətli layihələrin, planların oğurlanması, bəzən isə hücum edilən sistemin məhv edilməsi (deaktivləşdirilməsi) və hətta təxribat törətmək məqsədi durur. Şübhəsiz ki, bu cür kibertəhdidlərə məhəl qoymamaq ölkə adına qeyri-ciddilik olardı, elə buna görə də dövləti ciddi sıxıntılarla qarşı-qarşı qoya biləcək bu kimi hallara qarşı tədbirli və hazırlıqlı olmaq üçün Azərbaycanın dövlət başçısı, geçikmiş də olsa, çoxdan verməli olduğu bir fərmana imza atıb.

Əlimin içi qədər əminəm ki, əksəriyyət xəbər saytlarında yayımlanan bu xəbərin ya üzərindən ötəri keçilib, ya da heç üzünə baxılmayıb. Halbuki, bütün həyati sahələr üzrə qlobal miqyasda yaşanan böhranlı vəziyyətlərin ən sıxıntılı fazasına daxil olduğumuz indiki kritik məqamda prezident İlham Əliyevin kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində tədbirlər haqqında imzaladığı Fərmanın zamanlama baxımından əhəmiyyəti çox böyükdür və həyati anlam daşıyır.

Yeri gəlmişkən, deyim ki, bu günlərdə belə bir xəbərə rast gəldim: İsrail əsilli hakerlər İranın nüvə proqramı əsasında fəaliyyət göstərən nüvə santrallarının informasiya bazalarına kiberhücumlar təşkil edərək, təsisatın məxfi məlumatlar bazasını ələ keçiriblər. Yəqin sizə də aydın oldu ki, mövzusunu açdığımız bu problem diqqətə layiq olması baxımından bir həyəcan siqnalı sayıla bilər.

Kİİ subyektlərinə - strateji vacib dövlət əhəmiyyətli sahələrə aid müəsissələr, təşkilatlar, məsələn - səhiyyə, elm-təhsil, nəqliyyat, rabitə, energetika, bank sferası, neft-qaz kompleksi, atom enerjisi sahəsi, müdafiə sənayesi sahələri, kosmik-raket, dağ-mədən, metallurgiya və kimya sənayesi, o cümlədən, Kİİ şəbəkələrinin və ya sistemlərinin qarşılıqlı əlaqəsini təmin edən qurumlar aiddir.

Azərbaycanın qlobal dünyanın ayrılmaz tərkib hissəsi kimi, onun informasiya məkanı, xüsusilə də məxfi, gizli saxlanan informasiya bloku xarici və daxili kiber-hücumlardan sığortalanmayıb. Sırf bu sahə üzrə qanunvericiliyin müəyyənləşməsinin, mexanizmlərin işə düşməsinin istər dövlət, istər özəl sektor, istərsə də cəmiyyət həyatının başqa sahələrinin maraqlarına xidmət edəcəyi heç bir şübhə doğurmur. Son vaxtlar ölkəmizdə də kiber-hücumlar sayəsində müəyyən qrup insanların şəxsi həyatına aid elementlərin hamı üçün əlçatan olması təhlükəli həddə çatıb, hətta bu durum əndazələri belə aşıb. Müxtəlif kibertəhdidlərin və kiber-hücumların təsirindən dolayı üzə çıxan şəxsi məlumatların gizli qalmasını hüquqi müstəvidə təmin etmək, onu qorumaq Azərbaycan Konstitusiyası ilə dövlətin fundamental vəzifələrindən biridir. İnanmaq istərdik ki, məhz bu fərmanın imzalanması həm də bu tip məlumatların hamı üçün əlçatan olmasının qarşısını almaqda əhəmiyyətli rol oynayacaq.

Mirzə Rəşad Bakuvi Mirzə Rəşad Bakuvi

Mirzə Rəşad BAKUVI

Son xəbərlər
Bütün xəbərlər »