Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bəzi məmurların xalqa vurduğu ziyan Ermənistanın vurduğu ziyan qədər dəhşətlidir"
"Bəzi məmurların xalqa vurduğu ziyan Ermənistanın vurduğu ziyan qədər dəhşətlidir"

Kasıbın uşaq pulu almayan balası və yüz minlik maşınları bəyənməyən məmurlar

Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundovanın 125 min avroluq son model Mercedes-Benz S 350 markalı (CDP 041 diplomatik nömrə nişanlı) xidməti avtomobil alması sosial şəbəkələrdə geniş müzakirə olunur.

Müqayisə üçün deyək ki, İsveçrənin Ukraynadakı səfirinin xidməti avtomobili СDР 038 diplomatik nömrə nişanlı 2015-ci il istehsalı "Skoda Superb"dir və avtomobilin real bazar qiyməti 10-14 min avrodur.

Hələ bu işdən qovulmuş məmurların Avropadakı böyük varidatlarının yanında heç nədir. “Azərxalça”dakı yeyintinimi deyək, “Azərsu” rəhbərinin milyardlarınımı deyək, tutulan icra başçılarının yük maşınları ilə daşınan pullarınımı deyək? Amma dinəndə uşaqpulu verməyə pul tapmırlar.

Əslində həmin uşaqpulu dərhal daxili bazarda xərclənib dolayı yolla yenə büdcəyə qayıdacaq. Şəffaf vergi sistemi fonunda hökumət uşaq pulu verməkdən qorxmamalıdır. Ümumiyyətlə, hökumətin sosial yardım və təqaüd kimi verdiyi vəsaitləri kimsə sandığına yığıb saxlaya bilmir. Adamların sosial durumu o qədər ağırdır ki, o pul elə aldıqları gün xərclənir. Rəsmi statistikaya görə ölkədə uşaqların sayı 2 milyon 600 minə yaxındır. Hər uşağa 100 manatdan nəzərdə tutulsa,bu sabaha vətəndaş, əsgər yetişdirən cəmiyyəti məmnun edərdi.Bu ilə 3 milyard 120 milyon dollar deməkdir. Təbii ki, hökumət bu vəsaiti “hardan alaq?” deyəcək . Bu il 90 min adamın əlillik pensiyası kəsilib. Bu da 90 min ailənin sosial faciəsidir.

Hər il dövlət büdcəsindən tikinti, bərpa, yenidənqurma və əsaslı təmir işlərinə 1,2 mlrd. manata yaxın, Meliorasiya və Su Təsərrüfatı ASC-yə büdcədən 405 milyon manat, mənzil kommunal təsərrüfatına 250 milyon, “Azərsu” ASC-yə 38 milyon manat, “Azəristiliktəchizat” ASC-yə 26 milyon manat, lift təsərrüfatına 5 milyon manat manat subsidiya ayrılır.

AZAL-a hər il 10 milyon manat subsidiya verilirdi, bütün dünyadakından 10 qat bilet qiymətləri ilə AZAL ölkədə turizmə də qənim kəsildi, əhaliyə də. Hətta dövlət başçısı da dəfələrlə bu şirkətin işini tənqid elədi. Burdan yeyintiyə gedən vəsaitdən kəsib uşaqpulu çıxarmaq olmazdımı? Bir yandan dövlət məhz gözüdoymaz məmurlara görə social müavinətlər üçün büdcə ayıra bilmirsə, bir yandan da belə məmurların cah-cəlalı əlbəttə sosial ədaləti pozur, insanları haqlı yerə əsəbiləşdirir.

“Korrupsiya yolu ilə mənimsənilmiş vəsait xalqa elə sosial müavinət kimi qaytarılmalıdır. Azərbaycana korrupsioner məmurların vurduğu ziyan Ermənistanın vurduğu ziyan qədər təhlükəli və dəhşətlidir. Bu istiqamətdə aparılan mübarizə nə qədər amansız olarsa, məncə, digərlərinə bir o qədər çox dərs olar”.

Bu fikirləri bizimyol.info-ya Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü səsləndirib.

Mübariz Göyüşlü Mübariz Göyüşlü Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi

“Bir neçə aydır ki, biz ölkəmizdə aparılan islahatlar çərçivəsində korrupsioner məmurların ifşasının, vəzifədən azad edilməsinin, tutulmasının şahidi olmaqdayıq. Bu addımların atılması çox təqdirəlayiqdir. Bu mübarizənin effektiv olması üçün məncə, hüquq-mühafizə qurumları çox sərt qərarlar qəbul etməlidirlər. Çünki artıq neçə illərdir müşahidə edirik ki, bir rüşvətxor məmur ifşa edilir və onun yerinə təyin olunan bir başqası bəzi hallarda əvvəlkinin aiqbətindən dərs çıxarmır. Bəlkə də məhz bu səbəbdəndir ki, dövlət vəsaitlərinin mənimsənilməsinin kökünü əhəmiyyətli dərəcədə kəsmək olmur. Heç kəsə sirr deyil ki, korrupsiyaya bulaşmış məmurların əldə etdikləri var-dövlət, sərvət xalqdan, dövlətdən, vətəndaşlardan oğurlanan haram pullardır. Ona görə də düşünürəm ki, o pulların xalqa qaytarılması lazımdır”.

Mübariz Göyüşlü qeyd edib ki, bu gün sosial problem içərisində olan vətəndaş o korrupsionerlərin oğurladıqlarına görə dövlətinə qarşı köklənib.

“Həmin vicdansız məmurların vəzifəyə qədər əldə etdiyi əmlaka toxunmaq olmaz. Amma vəzifədən sonrakı var-dövləti, sərvəti, bütün əmlakı araşdırılmalıdır. Korrupsiya yolu ilə əldə olunan bütün əmlakı dövlətin, xalqın xeyrinə müsadirə olunmalıdır. Oğurluq vəsaitlər açıqlandıqda bəzən adam heyrətdən bilmir nə desin. Burada bəzən hətta milyardlardan söhbət gedir. Müsadirə zamanı o vəsaitin, əmlakın, var-dövlətin şəhid ailələrinin, qazilərin, kasıb insanların, gənclərin, ailələrin, valideyinlərini itirmiş dəstəyə ehtiyacı olan uşaqların, Azərbaycanın adını yüksəklərə qaldıran vətəndaşlarımızın və s. kateqoriyadan olan insanların xeyrinə istifadə olunması lazımdır. Bunu etmək və bu işlər görülərkən təbliğat aparmaq lazımdır. İnsanlar görsünlər ki, ədalət öz yerini tapır və sosial narazılıq, hesab edirəm ki, xeyli dərəcədə azalmış olar. Eyni zamanda bu təbliğat korrupsiya yolu ilə dövlətin, xalqın malını oğrulamaq istəyən məmurlara da bir növ dərs olmuş olar”,- deyə siyasi şərhçi vurğulayıb.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »