Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Almaniyada deportasiya üçün həbs edilən azərbaycanlılardan ikisi azad olunub
Almaniyada deportasiya üçün həbs edilən azərbaycanlılardan ikisi azad olunub

Azərbaycanlıların mühacirət üçün ən çox üz tutduğu Almaniya miqrant siyasətini dəyişib. Avropanın ən güclü dövlətlərindən biri daha əvvəlki qədər əcnəbilərin yükünü üzərinə götürmək istəmir. Deportasiya prosesi xeyli sürətlənib.

Bizimyol.info xəbər verir ki, ötən həftə vətəninə təhvil verilən azərbaycanlıların sayı 33 olmalıymış. Onlardan 2-si həbsdən azad edilib. Beləcə, Azərbaycana çarter reysi ilə 31 nəfər göndərilib.

“Legat” İnteqrasiya Mərkəzindən bildirirlər ki, martın 31-də Almaniyada yaşamasının 4-cü ili tamam olan Rahid Məmmədov evə buraxılıb. Azərbaycanlı orada qaçqın statusu üçün müraciət edibmiş. Rahid Məmmədova dövlətin yardımından imtinası, iki ildən çox əmək fəaliyyəti ilə məşğul olması da kömək edib.

Azərbaycanlı mühacir martın 26-dan 27-nə keçən gecə həbs olunub. Martın 27-də səhər saatlarında məhkəmə iclası keçirilib. Vəkil Aleksandr Məmmədov prosesdə müvəkkilinin azad olunmasını istəyib. İclasda əcnəbilərlə iş idarəsinin əməkdaşları da iştirak edib, məsələyə mahiyyəti üzrə baxılıb. Vəkilə daha yuxarı instansiyaya şikayət tövsiyə olunub. Şikayət nəticə verib. Rahid Məmmədovun dövlətdən yardım almaması və əmək fəaliyyətiylə məşğul olmasıyla yanaşı, 4 il ərzində heç bir qanun pozuntusuna yol verməməsi də nəzərə alınıb. Azərbaycanlı mühacirin həyatını Almaniyada davam etdirməsinə imkan yaradılıb.

“Legat” digər azərbaycanlı barədə müfəssəl məlumat yaymayıb. Həmin şəxsin əvvəlcə Polşaya gəldiyi, sonra isə Almaniyaya üz tutduğu məlumdur. Azərbaycanlı burada qanunsuz əmək fəaliyyəti ilə məşğul olurmuş. Azərbaycan vətəndaşı həbsdən sonra vətəndə siyasi problemlə üzləşdiyini, təqib yaşadığını bildirib. Azərbaycanlı qaçqın statusu üçün uyğun sənədləri təqdim edib, bundan sonra həbsdən azad olunub. Onun məsələsinə yaxın aylarda aydınlıq gələcək.

Martın 31-də 31 azərbaycanlı Almaniyadan Azərbaycana göndərilmişdi. Onlardan 7-nin qolu qandallı yola salındığı bildirilirdi. Aprel ərzində prosesin davam etdiriləcəyi gözlənilir. Hətta ayın ilk dekadasında Azərbaycana göndərilənlər ola bilər.

Son xəbərlər
Bütün xəbərlər »