Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda keyfiyyətsiz benzini kim və necə satır...
Azərbaycanda keyfiyyətsiz benzini kim və necə satır...

Bəzi yanacaqdoldurma məntəqlərində vətəndaşlara keyfiyyətsiz yanacaq satılır. YDM-lər vətəndaşların “cibinə girməklə” yanaşı, avtomobillərin hissələrinin sıradan çıxmasına da səbəb olurlar.

Mütəxəssislərə görə, bu məsələdən təkcə sürücülər deyil, avtoservislər, ustalar da şikayətçidir. Çünki bəzən yeni avtomobillər üçün nəzərədə tutulmuş zəmanət müddəti məhz keyfiyyətsiz yanacaq səbəbindən tez başa çatır. Bu da avtosalonlar üçün də sərfəli deyil.

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Bizimyolinfo-ya bildirib ki, yanacağın qiyməti artdıqdan sonra keyfiyyət məsələsi bir qədər də aktuallaşıb:

“Yanacağın keyfiyyətsizliyindən əksər sürücülər şikayətçidir. İddialara görə, son zamanlar yanacaq keyfiyyətini bir qədər də itirib. Bu da avtomobillərdə texniki problemlərin ortaya çıxmasına səbəb olur. Məsələn bir müddət əvvəl mənim avtomobilimin benzin nasosu sıradan çıxb və 500 manatdan çox zərərə düşmüşəm”.

Ekspert qeyd edir ki, Azərbaycan neft ölkəsi olmasına baxmayaraq, ölkə daxilində keyfiyyətsiz yanacaq satılır. Daha çox sürücülərin Aİ92 markalı yanacaqdan şikayətçi olduğunu vurğulayan ekspert bildirib ki, Aİ92 Azərbaycan istehsalı olan yanacaq növüdür.

“Neftdən büdcəyə bu qədər gəlir gəlməsinə baxmayaraq, yanacağın keyfiyyəti zaydır. SOCAR hər addımda yanacaqdoldurma məntəqələri yaradır. Maraqlıdır, necə satılır keyfiyyətsiz məhsul?”-deyən E. Muradlı keyfiyyətsiz yanacağın istifadə edilməsinin ətraf mühitə də zərər vurduğunu bildirir.

“Azad İstehlakçılar" Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, quruma bu barədə onlarla zəng edilsə də, yazılı şəkildə müraciətlərin sayı azdır. Çünki yanacaq vuruluqdan sonra keyfiyyətsiz olmasını sübut etmək çox çətindir.

“Vurulan yanacaqla avtomobilin daha az məsafə qət etməsi, avtomobilin mühərriklərini sıradan çıxara bilməsi və s. bu kimi problemlər ortaya çıxa bilir. Bu məsələdə ciddi qaranlıqlar var. Vətəndaşa böyük zərər dəyir”-deyə E. Hüseynov əlavə edib.

Birliyin rəhbəri qeyd edib ki, bəzi yanacaqdoldurma məntəqələrinin çox sayda saxta variantları da peyda olub. Məsələn Lukoil YDM-lərinin 8-10 sayda Luksoil, Linkoil və s. saxta variantları var: “Bu məntəqələrdə keyfiyyətsiz benzin satılır. LUKOİL isə bu məsələni həll etmək üçün heç bir addım atmır. AZPETROL YDM-lərində isə, verilən kassa çekləri düzgün qeyd edilmir. Vergilər Xidməti bu məsələ ilə ciddi şəkildə maraqlanmalıdır”.

E. Hüseynovun firkincə, müstəqil labaratoriyalar olmadığı üçün bu məsələ qaranlıq qalır. Məsələdən zərər çəkən isə sadə vətəndaşlardır.

Nəqliyyat məsələri üzrə ekspert Eldəniz Cəfər də bildrib ki, Azərbaycan neft ölkəsi olmasına baxmayaraq, ölkəni tam yanacaqla təmin edə bilmir. Bu səbəbdən də digər ölkələrdən yanacaq alır.

Yanacağın keyfiyyətsiz olması məsələsinə gəldikdə isə, o qeyd edib ki, bu problem uzun illərdir ki, Azərbaycanda var. Bundan həm sürücülər və ustalar da şikayətçidir.

“Lakin yanacağın keyfiyyətsiz olması bu günə qədər hər hansı bir labaratoriya səviyyəsində təsdiq edilməyib”-deyən E. Cəfər artıq bu məsələni dövlət qurumlarında araşdırlımasının zamanın gəldiyini deyir.

Ekspert hesab edir ki, bu məsələ araşdırılmalı və cəmiyyətə hansı marka yanacağın keyfiyyətsiz olduğu açıqlanmalıdır.

Son xəbərlər
Bütün xəbərlər »