Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ayağımız da qısalıb, yorğanımız da - Xalqı "kommunal qamçı" ilə döyürlər
Ayağımız da qısalıb, yorğanımız da - Xalqı "kommunal qamçı" ilə döyürlər

Təxminən 5-6 il öncə ölkədə smart sayğacları qoyduqları zaman indiki kimi hər şeyi tərifləməyi bacaran ekspert və mütəxəssislər yüksək pafosla Avropa standartlarıma uyğunlaşmaqdan danışırdılar. Amma nə oldu ki, yenidən köhnə sayğaclara qayıdası olduq? Ümumiyyətlə ölkədə dövlətin ayırdığı böyük vəsaitlər hesabına alınan yüksək texnologiyaların ömrü bir aylıq reklam, tanıtım və təqdimat kampaniyası bitənə qədər olur.

300 milyon manat müqabilində Nəqliyyatda İntellektual İdarəetmə yaradıldı, nəticə hamıya məlum. Aldığım bir məlumata görə, yeni tikilən hündür yaşayış binalarını təmin edib təhvil vermək üçün smart sayğacların olması şərtmiş. Müxtəlif tikinti şirkətləri (MTK) tərəfindən inşa edilən binalarda yaşayan sakinləri birləşdirən problemlərdən biri də sayğac məsələsidir. Sakinlərin sözlərinə görə, bir binada işıq, su, qaz sayğaclarına görə mənzil sahiblərindən 800 manat alınırsa, bir başqa binada bu qiymət 850, hətta 1000 manat belə ola bilir. Bu da kimlərinsə cibinə millət pulunun axmasının bir variantıdır.

Sayğacların dəyişdirilməsilə bağlı "Azəriqaz" İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov bildirib ki,hazırda yoxlama müddəti çatan smart-kart tipli sayğaclar mexaniki sayğaclarla əvəzlənir: Pandemiya dövründə dünya enerji bazarında vəziyyətin gərginləşməsi səbəbindən satınalmaların əksəriyyətini, o cümlədən smart-kart tipli sayğacların alışını dayandırılıb. Mexaniki sayğaclar eyni funksiyanı daşıyır və smart-kart tipli sayğaclardan fərqli olaraq, abunəçilər ödənişləri onlayn qaydada apara bilirlər. Bina evlərində smart-kart tipli sayğaclar az sayda olsa da, müəyyən limitdən istifadə olunaraq quraşdırıla bilər. Lakin fərdi yaşayış evlərində yoxlama müddəti başa çatan smart-kart tipli sayğaclar birmənalı olaraq mexaniki sayğaclarla əvəzlənir.

Qeyd edək ki, valyuta məzənnələrindən asılı olaraq, bu qurğuların qiyməti 220-240 manat arasında dəyişirsə, mexaniki sayğaclar 70-90 manata başa gəlir.

İqtisadçı Eldəniz Əmirov isə smart sayğacların əvəzlənməsini belə izah edir: a) Yığım həcmini statistikadan gizlətmək b) satış həcmi isə realdan artıq göstərmək c) bir neçə il sonra statistika üzrə əhalini borclu çıxarmaq d) saxta borcu kütləsi yaradıb dövlətdən yardım istəmək e) borc silinmək adı ilə büdcədən əlavə vəsait cəlb etmək ə) sonra da insanları özlərinə minnətçı salmaq.

Dövlət qurumlarının korrupsioner rəhbərləri həmişə vətəndaşdan bir addım irəlidə gedir. Planlarını elə şəkildə qurur ki, ittiham ediləndə, əhalini günahkar çıxara bilsin. Əhali ha ayağını yorğanına görə uzatmağa çalışsa da, bu yorğanın başından, ayağından, enindən, uzunundan o qədər kəsib budayıblar ki, indi nə başa çatır, nə ayağa, eləcə ayıblarımız örtür. Necə deyərlər abrımıza qısılıb oturmuşuq. Xalqın yorğanı qısaldıqca, artıq bir ovuc həddini keçmiş məmur sürüsünün canı daha çox isinir.

Dövlət başçısı iki gün öncə verdiyi müsahibədə bildirdi ki, “Mən bəzən bu şeyləri demirəm vətəndaşlara ki, vətəndaşları iyrəndirməyim. Mənim də artıq səbrim tükənir və deyirəm ki, vətəndaşlar da bilsinlər. Məmurlar öz yerlərini bilsinlər. Öz işləri ilə məşğul olsunlar."

Məmurlar işə təyin ediləndə evlərində toy bayram olur. Çünki, vəzifəni məsuliyyət kimi yox, varlanmaq kimi görürlər, ki həqiqətən də belədir. Ən kasıbının itinə tikdirdiyi dam, kasıbın evindən təmtəraqlıdır. Məmurların öz işi deyiləndə ağıllarına çalıb- çapmaq, yaxşı dolanmaq gəlir. Günah keçisi də ki həmişə var- Əhali. Cənab Prezident, vətəndaşlar çoxdan iyrəniblər. Güman yeri, ümid yeri olaraq da bir tək sizi görürlər. Əlinizi xalqın , dəmir yumruğunuzu da işinizə kölgə salan məmurların üstündən geri çəkməyin.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »