Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şəhid atası: “Şəhidin məqamı onun məzarı ilə ölçülmür” - Video
Şəhid atası: “Şəhidin məqamı onun məzarı ilə ölçülmür” - Video

Torpaqların azadlığı uğrunda canından keçən Vətən Müharibəsinin 18 iştirakçısı Bakının Qaradağ rayonunda ümumşəhər qəbiristanlığının hərbi sektorunda dəfn olunub.

Artıq bir neçə gündür şəhid valideynlərinin sosial şəbəkələr və internet resurslarda bəzi narazılıqları ilə tanış oluruq. Məsələnin mahiyyətini araşdırmaq üçün yolumuzu Qaradağ rayonun ümumşəhər qəbiristanlığından saldıq, əlaqədar qurumların və valideynlərin fikrini öyrəndik.

Əvvəlcə şəhid valideynləri ilə görüşüb onların fikirlərini dinlədik. Şəhid İsmayıl Kərimli Vətən Müharibəsində könüllü iştirak edib. 23 yaşlı qəhrəman şəhidimiz 1 ay 1 gün torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə iştirak edib. Ölümündən sonra “Xocavəndin azad olunmasına görə, “Şuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” və "Vətən uğrunda" medalları ilə təltif olunub. Atası Ceyhun Kərimov deyir ki, Yasamal rayon icra hakimiyyəti oğlunun da dəfn olunduğu ərazinin gələcək layihəsini onlara göndərib: “Qarşımdakı bu layihə İcra Hakimiyyəti tərəfindən tərtib olunub və bizə göndərilib. Çox bəyənirəm. Amma bir şeyi də demək istəyirəm ki, şəhidin məqamı onun məzarı ilə ölçülmür. Şəhid məqamı Allah yanında verilən qiymətlə ölçülür. O, ən yüksək zirvədədir. Balamdır, heyifsilənirəm və ağlayıram, amma qürur duyuram. Mən onun dəfn olunduğu yerdən narazı deyiləm. Gözəl layihənin tamamlanmasına icazə verək hamılıqla. Sonda bütün şəhid ailələri toplaşsın Şəhidlər Xiyabanına, əgər narazılıqlarımız olsa, onda məsələ ilə tək İcra Hakimiyyəti yox, respublikamızın əlaqədar orqanları məşğul olarlar. Bütün şəhidlərimizin qarşısında baş əyirəm”.

Vətən Müharibəsinin şəhidi Teymur Həsənov isə Füzuli, Cəbrayıl və Qubadlı istiqamətlərində gedən döyüşlərin iştirakçısı olub. Sentyabrın 29-da cəbhəyə yollanıb, oktyabrın 25-də şəhid olub. Atası Mahal Həsənov deyir ki, oğlu ölümündən sonra "Füzulinin azad olunmasına görə", “Cəbrayılın azad olunmasına görə” və "Vətən uğrunda" medalları ilə təltif olunub: “İlk gündən övladımın şəhid olduğu günü oğlum orda yox, Polad Həşimovun uyuduğu yerdə dəfn olunsun. Bununla bağlı Müdafiə Nazirliyinə getdim. Ordan məni Tbilisi prospektinə Mehman müəllimin yanına göndərdilər. Onlar da dedi ki, getməlisiz Prezident Aparatına. Mən də başım qarışıq oldu deyə, gedə bilmədim. Sonra dəfn mərasiminə Elşad müəllim gəldi, dedi ki, qəbir daşları Polad Həşimovun qəbri kimi eyni rəngdə düzəldiləcək. Narazılıq bildirmədim. Yeni layihəni hələ görməmişəm. Əgər hamı orda qalacaqsa, mən də razıyam”.

Şəhid Şahin Ağayevin qardaşı Mehman Ağayev isə bildirir ki, Vətən Müharibəsinin iştirakçısı Şahin Ağayev Füzuli, Hadrut, Qubadlı və Cəbrayıl istiqamətlərində şücaət göstərib. Füzulinin Əbdürrəhmanlı kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Ölümündən sonra "Füzulinin azad olunmasına görə", “Cəbrayılın azad olunmasına görə” və "Vətən uğrunda" medalları ilə təltif olunub: “Dəfn olunduğu ərazi ilə bağlı hazırda heç bir narazılığımız yoxdur. Yeni layihə təqdim olundu, gözəl layihədir, narazılığım yoxdur. O ki qaldı başdaşına, bununla da bağlı narazılığım yoxdur. Əgər Milli Qəhrəmanımız Polad Həşimovun məzar daşı ilə eynidirsə, heç kim ondan artıq deyil”. (Apa.az)

Son xəbərlər
Bütün xəbərlər »